İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlardan kitab oxuma kampaniyası – Kitaba maraq varmı?

Son günlər sosial mediada tanınmış simalar kitab kampaniyalarına start verib. Onlar oxuduqları kitabları izləyicilər ilə bölüşür, onlara maraqlı kitab tövsiyələri verirlər.

Bəs kitaba sosial mediada maraq varmı?  Məşhurlar insanların müsbət reaksiyalar verəcəyini, maraq göstərəcəyini düşünürdümü?

Musavat.com kitab oxuma kampaniyaları aparan tanınan simalar arasında sorğu keçirib.

Müğənni Murad Arif açıqlamasında kitaba gözlədiyindən daha çox marağın olduğunu qeyd edib:

“Kitab oxumağa hər zaman vaxt ayırıram. Sonra düşündüm ki, sosial medianın bu qədər həyatımızın əsas hissəsinə çevrildiyi, zərərli paylaşımların artdığı bir zamanda mən də faydalı bir addım atım. Oxuduğum kitabları izləyicilərim ilə bölüşüm. Bu qədər maraq olacağını düşünmədim. Amma şərhlərdən, gələn mesajlardan da anladım ki, insanlar  kitab oxumağı sevir və maraq göstərirlər. Mən tək kitabları deyil maraqlı və faydalı filmləri də tövsiyə edirəm”.

Teleaparıcı Urfan Məmmədli bildirib ki, kitab paylaşmaqda bir məqsədi olub. O da izləyicilərində  kitaba maraq yaratmaqdır:

“Bəziləri gəzdiyi yeri, içdiyi kofeni, yediyi yeməyi paylaşır. Bəziləri hazırladığı əl işini və ya izlədiyi filmləri paylaşır. Mən isə oxuduğum kitabları hekayə bölməsində paylaşırdım. Gələn reaksiyalardan fərqinə vardım ki, bu, izləyicilərə maraqlıdır. Kitab tövsiyəsi alan da olub, kitab hədiyyə edən də olub. Hazırda izləmədə real tanıdığım insanlarla yanaşı, çoxlu sayda kitabsevər var. Kitabı daha geniş şəkildə nəql etməyimi istəyənlər də var. Amma bu formada təqdimat üçün daha çox zamana ehtiyac duyulur. İndiki vəziyyətdə bu, real deyil. Əslində, kitab paylaşmaqda bir məqsədim olub: izləyicilərimdə kitaba marağı artırmaq. Bəzilərində bu marağı yaratmaq. Bu istəyimə uyğun izləyici auditoriyam formalaşır deyə bilərəm. Tez-gec fərqlənəcəyimə və seçiləcəyimə inanıram”.

 

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR