İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb?

İlin yekununda açıqlanan nəticələr göstərir ki, AMB noyabr-dekabr aylarında öz vəsaitlərindən xərcləsə də, hərraclarda alınmayan valyutanı da alıb

2024-cü ildə Azərbaycanda 2017-ci ildən bəri ilk dəfə Mərkəzi Bankın valyuta ehtiyatları azalıb. Belə ki, əgər 2023-cü ilin sonuna Mərkəzi Bankın strateji ehtiyatları 11 milyard 613 milyon dollar olmuşdusa, 2024-cü ilin sonuna 10 milyard 959,5 milyon dollara enib. Bu isə ötən il ərzində Mərkəzi Bankın ehtiyatlarının 635,5 milyon dollar azaldığını göstərir. Ehtiyatların azalması prosesi ötən ilin sentyabrından başlayıb.

Bu azalmanın əsas səbəbi kimi tənzimləyicinin öz ehtiyatlarının bir qismini valyuta hərraclarında satması, həmçinin dövlət ehtiyacları üçün zəruri idxal əməliyyatlarını maliyyələşdirməyə ayırmasıdır. Belə ki, 2024-cü il ərzində AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bankların valyuta tələbini qarşılamaq üçün keçirdiyi valyuta hərraclarında 7 milyard 169,1 milyon ABŞ dolları məbləğində satış olub. Bankın məlumatına görə, bu, 2023-cü illə müqayisədə 84,9 faiz çoxdur. Təkcə dekabr ayında valyuta satışının məbləği 565,2 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,4 faiz azdır.

AMB-də keçirilən hərracların əsas təminatçısı olan Neft Fondu 2024-cü ildə 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirdiyini açıqlayıb. Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur. Dekabrda isə ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Beləliklə, aydın olur ki, ötən ilin dekabrında Mərkəzi Bankdakı hərraclarda Neft Fondunun təqdim etdiyindən 69,3 milyon dollar, ilin yekununda isə 40,6 milyon dollar az valyuta satılıb. Bu məbləği, təbii ki, Mərkəzi Bank alıb. Bu isə o deməkdir ki, valyuta hərraclarında Mərkəzi Bank əlavə vəsaitlər ala bilib.

Lakin ötən ilin ikinci yarısında AMB ehtiyatlarından xarici dövlət borcunun qaytarılması, dövlət ehtiyacları üçün reallaşdırılan idxal əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə də istifadə edib. Belə ki, ötən ilin oktyabr ayında Mərkəzi Bank son 7 ildə ilk dəfə valyuta bazarına xarici valyuta intervensiyası həyata keçirib. Tənzimləyici bildirib ki, 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib: “Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bununla belə, ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir”.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında ümumilikdə 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Təkcə oktyabr ayında valyuta satışının həcmi 738,7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Dövlət Neft Fondunun açıqladığı məlumata görə, qurum oktyabrda hərraclarda 174,4 milyon dollar satıb. Mərkəzi Bank da xüsusi satış yolu ilə 424 milyon dollar çıxarıb hərraclara. Qalan vəsaitin mənbəyinə dair sorğumuza AMB-dən verilən cavabda qeyd olunur ki, Mərkəzi Bankın xüsusi satışından əlavə, valyuta satışlarının həyata keçirilməsi prosesinin xüsusiyyətlərini nəzərə alaraq, hansısa ayın sonuna fondun satışı ilə hərraclarda satılmış valyuta arasında fərq ola bilər: “Belə ki, ilkin mərhələdə fond xarici valyutanı Mərkəzi Banka satsa da, hərraclarda valyuta satışı növbəti dövrə təsadüf edə bilər. Cari ilin oktyabr ayında hərraclarda satılmış vəsait ilə fondun açıqladığı rəqəm arasındakı fərqin yuxarıda qeyd olunan xüsusi satışdan əlavə hissəsi fond tərəfindən sentyabr ayında satılmış vəsaitin oktyabr ayında banklara satılması ilə əlaqədardır”.

Qeyd edək ki, Neft Fondu sentyabrda 732,3 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb. Mərkəzi Bankın hərraclarında isə satışların həcmi 582,9 milyon ABŞ dolları təşkil edib (bir il əvvələ nisbətən 2,4 dəfə çox). Bu isə o deməkdir ki, fondun satdığı valyutanın 149,4 milyon dollarını Mərkəzi Bank özü alıb. Eyni zamanda rəqəmlər göstərir ki, oktyabr ayında Mərkəzi Bankın ümumi valyuta satışı 564,3 milyon dollara bərabər olub.

İlin yekununda açıqlanan nəticələr göstərir ki, AMB noyabr-dekabr aylarında öz vəsaitlərindən xərcləsə də, hərraclarda alınmayan valyutanı da alıb.

Mərkəzi Bankın 2025-ci ilə dair pul siyasəti icmalında qeyd olunur ki, tənzimləyici bu il də zərurət yaranarsa, öz ehtiyatlarından hərrac və xüsusi qaydada satışa çıxaracaq: “2024-cü ildə də valyuta bazarında sabitlik olmuş, 11 ayda Mərkəzi Bankda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə 87 valyuta hərracı baş tutub. Bu hərraclarda bazarın xarici valyutaya tələbatı tam ödənilib. 2024-cü ildə Mərkəzi Bankın valyuta bazarında satışları əsasən dövlət layihələri və xarici valyutada öhdəliklərin azaldılmasından irəli gələn strateji əhəmiyyətli dövlət xərclərinin icrasına dəstək məqsədilə həyata keçirilib”.  

AMB bildirir ki, 2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir: “Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək”.

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti hədəflərinə nail olmaq üçün sərəncamında olan alətlərdən fəal istifadə edəcək, alternativ pul siyasəti lövbərinin gücləndirilməsi istiqamətində islahatları davam etdirəcək: “Qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək. AMB-də Dövlət Neft Fondu ilə birlikdə valyuta satışı üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişməsindən asılı olaraq AMB 2025-ci ildə də valyuta bazarlarında satış və alış həyata keçirə bilər”.

AMB 2025-ci ilin yekununda cari əməliyyatlar hesabında 5.5 milyard dollar profisitin olacağını proqnozlaşdırır. Faiz dəhlizinə dair qərarın açıqlanması zamanı AMB İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, bu həcm 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Lakin nəzərə alsaq ki, Azərbaycanda valyutaya tələbin təmin olunmasında başlıca rolu neft ixracı oynayır, onda cari ildə valyuta bazarında sabitlik üçün ciddi çağırışların yarandığını söyləyə bilərik. Birinci təhdid Azərbaycanda neft hasilatı və ixracındakı azalmadır. Rəsmi gömrük statistikasından aydın olur ki, 2024-cü il ərzində Azərbaycan xarici bazarlara 14 milyard 437 milyon 355.99 min dollar dəyərində 23 milyon 596 min 132.23 ton neft ixrac edib. Bu, 2023-cü ildəkindən dəyər baxımından 1 milyard 803 milyon 473.64 min dollar və ya 11 faiz, miqdar baxımından isə 2 milyon 451 min 157.28 ton və ya 9,4 faiz azalma deməkdir.

Neft ixracının azalması ilə yanaşı, ölkənin qaz ixracından gəlirləri də kəskin azalıb. Belə ki, ötən il Azərbaycanın qaz ixracı 25 milyard 772 milyon 217.76 min kubmetrə bərabər olub ki, bundan ölkəyə 8 milyard 406 milyon 728.72 min dollar gəlir əldə edilib. Qaz ixracı miqdar baxımından əvvəlki illə müqayisədə 851 milyon 255.76 min kubmetr, dəyər baxımından isə 5 milyard 271 milyon 615.42 min dollar azalıb.

ABŞ-da Donald Trampın prezident kürsüsündə oturan kimi ölkədə enerji sahəsi üzrə fövqəladə vəziyyət elan edərək, neft-qaz istehsalının artırılması üçün ciddi tədbirlər hazırladığını nəzərə alsaq, hazırkı təklif artıqlığı fonunda dünya bazarında neft qiymətlərinin tezliklə ciddi şəkildə ucuzlaşacağını gözləmək olar.

Valyuta gəlirlərinin azalması ilə yanaşı, idxalın sürətli artımı Azərbaycanda xarici valyutaya tələbi kəskin yüksəldir. Belə ki, ötən ilin yekununda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47 milyard 612 milyon 100.86 min dollara bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyard 571 milyon 798.69 min dollar və ya 7 faiz azalıb. Bu azalmada əsas rol ixrac həcmindəki azalmadır - 2023-cü ildəki 33 milyard 898 milyon 554.86 min dollara qarşı 2024-cü ildə 26 milyard 554 milyon 56,8 min dollara düşüb. İdxal isə 17 milyard 285 milyon 344.69 min dollardan 21 milyard   58 milyon 44.06 min dollara yüksəlib. Nəticədə, Azərbaycanın xarici ticarət profisitinin həcmi 16 milyard 613 milyon 210.17 min dollardan 5 milyard 496 milyon 12.75 min dollara düşüb. Bu, 3 dəfədən çox azalma deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR