İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank bu gün hansı qərarı verəcək?

Uçot dərəcəsinə dair yeni qərarlar ABŞ, Türkiyə, Böyük Britaniyada da gözlənilir

Sentyabrın 20-də Azərbaycan Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq. Qeyd edək ki, 2023-cü ilin əvvəlindən faizləri artıran Mərkəzi Bank son iki iclasında onları dəyişməz saxlayıb. İyulun 26-da ictimaiyyətə açıqlanan məlumatda bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qurum bu qərarı aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verdiyini bəyan edib. 

2022-ci ilin əvvəlində uçot dərəcəsi  7.50 faiz səviyyəsində idi. İl ərzində uçot dərəcəsi bir neçə dəfə artırılaraq 8.25 faizə, 2023-cü ilin ilk 5 ayında da bir neçə dəfə artırılaraq 9 faizə çatdırılıb. Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizləri may ayında artırıb, iyun və iyul iclaslarında fasilə verib.

Ötən iclasdan sonra Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da “daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəyini” bəyan edib.

Azərbaycanda makroiqtisadi sabitliyin əsas qarantı olan neft gəlirləri avqust ayından bəri daha da artıb. Dünya neft bazarında qiymətlərin 90-95 dollara qədər bahalaşması ölkəyə valyuta gəlirlərinin daha sürətli axınını təmin edir. Bu isə makroiqtisadi planda ən mühüm sabitləşdirici amillərdən biridir.

Mərkəzi Bankın faizlərini dəyişməz saxlamasının səbəbi olaraq illik inflyasiya tempinin azalmaqda davam etməsi göstərilir. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,4 faiz azalma göstərsə də, 2023-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artıb. 2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,9 faiz azalıb, 2023-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 13,4 faiz artıb.

Prezident İlham Əliyev 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanda inflyasiyanın yüksək olmasını narahatlıq doğuran hal kimi xüsusi qeyd edib. Dövlət başçısı inflyasiyanın 13 faizə yaxın olmasında obyektiv amillərlə yanaşı, subyektiv amillərin də rol oynadığını bildirərək, sonuncuların araşdırılmasının gərəkdiyini vurğulayıb. 

Ardınca iyulun 15-də baş nazir Əli Əsədov Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb. 

İyulun 21-də  Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. Açıqlanan məlumatdan aydın olur ki, iclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Mərkəzi Bankda hesab edirlər ki, ilin sonunadək inflyasiya üzrə hədəf göstəricisinə yaxınlaşmaq mümkün olacaq. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Azərbaycanda bu il və 2024-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırıb. Bildirilib ki, illik inflyasiyanın azalması Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə və Rusiyaya münasibətdə manatın nominal effektiv məzənnəsinin artması və dünya bazarında ərzaq məhsullarının qiymətlərinin azalması ilə bağlıdır. Bununla belə, ərzaq və qeyri-kommersiya mallarına (əsasən xidmətlər) təzyiq güclü olaraq qalır: “Biz 2023-cü ilin sonunadək illik inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə (4±2%) yaxınlaşacağını, 2023-cü ildə orta inflyasiyanın 10,1 faizə, 2024-cü ildə isə 6 faizə enəcəyini proqnozlaşdırırıq”.

Qeyd edək ki, bu ərəfədə bir çox böyük mərkəz banklar uçot dərəcələrinə yenidən baxırlar. Belə ki, sentyabrın 15-də Avropa Mərkəzi Bankı hər üç əsas faiz dərəcəsini 25 faiz bəndi artırmaq qərarına gəlib. Qərarla kreditlər üzrə baza dərəcəsi 4,5 faizə, depozitlər üzrə faiz dərəcəsi 4 faizə, marja kreditləri üzrə faiz dərəcəsi 4,75 faizə qədər artırılıb.

“Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanmasının inflyasiyanın hədəfə qaytarılmasına əhəmiyyətli töhfə verəcəyini gözləyir”, - Bunu AMB sədri Kristine Laqard iclasdan sonrakı mətbuat konfransında deyib. Bununla belə, o qeyd edib ki, dərəcələrin artıq pik həddə çatdığını söyləməyə hazır deyil: “Bugünkü qərarla biz inanırıq ki, inflyasiyanın vaxtında hədəf göstəriciyə qaytarılmasına kifayət qədər töhfə vermişik və hazırda hər iki element vacibdir - həm dərəcələrin kifayət qədər məhdudlaşdırıcı səviyyəsi, həm də onların saxlanma müddəti. Aydındır ki, hazırda diqqət daha çox ”müddət" üzərindədir, lakin bu o demək deyil ki, biz indi dərəcələrin artıq pik həddinə çatdığını söyləyə bilərik".

Türkiyə Mərkəzi Bankı birigün uçot dərəcəsinə yenidən baxacaq. “Ekonomim” nəşrinin yazdığına görə, Mərkəzi Bankın pul siyasəti komitəsinin iclası sentyabrın 21-nə təyin edilib. Əksər ekspertlər bankın uçot dərəcəsini indiki 25 faizdən 30 faizə qaldıra biləcəyi ilə razılaşır. Daha mühafizəkar hesablamalara görə, bu göstərici 27,5 faizə yüksələcək. Bununla belə, bankın yenidən gözlənilməz qərar qəbul edib, uçot dərəcəsini 31 faizə qaldıra biləcəyi ilə bağlı gözləntilər də var.

Artımla bağlı proqnozlar hökumətin yeni ortamüddətli iqtisadi proqram qəbul etməsinə əsaslanır. Bu, pul-kredit siyasətinin effektivliyinin artırılmasına, inflyasiyanın azaldılmasına və ölkə iqtisadiyyatında böhran proseslərinin aradan qaldırılmasına yönəlib. Mərkəzi Bankın və Maliyyə Nazirliyinin hazırkı rəhbərliyi əvvəllər bu işin səmərəli olması üçün uçot dərəcəsinin artırılmasının zəruriliyinə inanırdı.

Xatırladaq ki, iyun ayında Türkiyə Mərkəzi Bankı 2021-ci ildən bəri ilk dəfə uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırıb. Bu, Respublika Mərkəzi Bankının yeni rəhbəri Hafize Qaye Erkanın ilk qərarı olub. Bunun fonunda Türkiyənin milli valyutasının məzənnəsi dollara nisbətdə o vaxtkı rekord enişini təzələyərək 1 dollar üçün 26 lirə həddini keçib. Avqust ayında əksər ekspertlər üçün gözlənilmədən dərəcə 17,5 faizdən 25 faizə yüksəldilib.

Dünyanın diqqəti isə sentyabrın18-20-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasındadır. Qlobal valyuta, səhm birjalarında, xammal bazarlarında sanki bir durğunluq yaşanır, nəzərlər Vaşinqtona yönəlib.

Son iki ayda - iyul və avqustda ABŞ-da inflyasiyanın 0,1 faiz bəndi artması FED-in yenidən uçot dərəcəsini artırması təhlükəsi yaradıb. Bir sıra analitik mərkəzlər ölkənin əmək bazarındakı və iqtisadiyyatın əsas sahələrindəki müsbət tendensiyaların tənzimləyicinin yenidən artıma getməsi üçün zəmin yaratdığı qənaətindədirlər. FED rəhbəri Cerom Pauell avqust ayında Konqresdəki çıxışında tənzimləyicinin yenidən artıma gedəcəyini istisna etməyib. 

Lakin  əksər analitik mərkəzlər FED-in bu dəfə uçot dərəcəsini dəyişməz saxlayacağını proqnozlaşdırırlar. Hazırda müzakirələr daha çox FED-in sərt monetar siyasətini nə zaman yumşaltmağa başlayacağı ilə bağlıdır. Bu sahədə üstünlük təşkil edən mövqe noyabr toplantısında qurumun uçot dərəcəsini cüzi də olsa azaltması ehtimalıdır. Bununla da ABŞ-ın son 30 illik tarixində ən sərt monetar siyasət tsiklinin başa çatacağı güman edilir. 

Bir çox investorlar sərt monetar siyasətin ABŞ-da iqtisadi vəziyyəti gərginləşdirməsinin an məsələsi olduğu qənaətindədirlər. Onların fikrincə, bu siyasət yumşaldılmasa iqtisadiyyatı resessiyadan xilas etmək mümkün olmayacaq. Lakin əksər investorlar resessiyanın 2024-cü ildə olacağını gözləyirlər. 

Onu da qeyd edək ki, bu həftə Böyük Britaniya Mərkəzi Bankının da uçot dərəcəsinə dair yeni qərarı açıqlanacaq. Londondan artım qərarının olacağını analitik mərkəzlərin 97 faizi proqnozlaşdırır. Belə ki, ölkə hələ də inflyasiyanı hədəf göstəricisinə endirə bilməyib.

Beləliklə, bugünlərdə həm Azərbaycanda, həm də Azərbaycan üçün əhəmiyyətli olan ölkələrdə uçot dərəcələrinə yenidən baxılacaq. Bu sahədə hər bir dəyişikliyin ölkəmiz üçün təsirsiz ötüşməyəcəyi aydındır. Xüsusilə də qardaş Türkiyədə, ABŞ və Avropa Birliyindəki qərarlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR