Onlayn ictimai-siyasi qəzet
Yanvar ayının 15–də “Mənim səsim” Seçki Monitorinq Koalisiyası ATƏT-in 7 fevral prezident seçkisində Bakı şəhəri üçrə Seçkiləri Müşahidə Qrupunun üzvləri ilə görüşüb. Monitorinq Koalisiyasının ofisində 3 saatdan artıq davam edən görüşə Koalisiyanın təsisçilərindən Novella Cəfəroğlu, Səadət Bənənyarlı, ekspertlər - sosioloq Əhməd Qəşəmoğlu, politoloq Adəm İsmayıl, bir qrup könüllü müşahidəci qatılıb.
Musavat.com xəbər verir ki, koalisiyanın üzvləri ATƏT təmsilçilərinə layihəninin məqsədi haqqında geniş bilgi veriblər. Onların diqqətinə çatdırılıb ki, müşahidəçilər sırasına ölkənin xeyli tanınmış ziyalısı, alimi, tələbələr, eyni zamanda magistr və doktorantlar cəlb olunub.
Novella Cəfəroğlu bildirib ki, Seçki Monitorinq Koalisiyasının əsas məqsədi seçki prosesi ilə bağlı tam tərəfsiz, obyektiv müşahidənin həyata keçirilməsidir:
“Bizim məqsədimiz baş verən prosesləri dərindən, elmi metodlarla təhlil etmək, ölkəmizdə və beynəlxalq aləmdə seçkilər ətrafında müxtəlif siyasi maraqlara uyğun yayılan və çox zaman obyektiv olmayan informasiyaların qarşılığında real mənzərəyə tam adekvat hazırlamaq və yanlış təsəvvürlərin qarşısını almaqdır”.
Daha sonra Səadət Bənənyarlı ATƏT nümayəndələrinə həyata keçiriləcək layihənin bütün detalları, mexanizmləri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, 7 fevralda keçiriləcək seçkinin müşahidəsi üçün seçki ənənəsi olan ölkələrin tətbiq etdiyi metodlardan istifadə olunacaq: “Seçkidən sonra da layihə davam etdiriləcək, toplanmış zəngin məlumatlar əsasında Azərbaycanda seçki mədəniyyətinin, seçki təcrübəsinin daha da təkmilləşməsi üçün elmi əsaslarla tövsiyələr hazırlanacaq”.
ATƏT təmsilçiləri fikir mübadiləsi zamanı həm seçki prosesi, həm ölkədəki ictimai-siyasi vəziyyət, QHT-lərin fəaliyyətləri, qadın hüquqları, qadınların bu seçkidə namizəd olaraq iştirak etməməsinin səbəbləri və digər ictimai-siyasi xarakterli suallar səsləndiriblər. Suallar koalisiya üzvləri tərəfindən ətraflı cavablandırılıb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ