Onlayn ictimai-siyasi qəzet
Hazırda orta məktəb şagirdləri yay tətilindədir. Uşaqların mütləq əksəriyyəti tətili evdə keçirir. Dünya təcrübəsində isə şagirdlərin yay tətilini səmərəli keçirməsi üçün yay düşərgələri var. Düzdür, Azərbaycanda da məhdud sayda belə düşərgələr var. Ancaq qiymətlər o qədər bahadır ki, burada ancaq varlıların uşaqları dincələ bilər. Təhsil Nazirliyi, digər müvafiq qurumlar hər kəsin övladının gedə biləcəyi yay düşərgələri formalaşdıra bilərmi?
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, düşərgələrin sayı az olsa, qiymətlər reallığı əks etdirmir:
“Dünya təhsil təcrübəsinnə əsasən qeyd edim ki, yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirlməlidir. Hesab edirəm ki, valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən - elə tədris zamanı hazırlamalıdırlar. Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi düşərgələrin binalarında məcburi köçkünlər məskunlaşdı. Nəticədə, bu gün 3 aylıq tətil var, istirahət üçün düşərgə isə yox. Xatırladım ki, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır. Hal-hazırda düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqların ümumi qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda ”Olimp", “Şahin”, “Aypara” uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittifaqına 1 faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir".
Kamran Əsədov
K.Əsədovun fikrincə, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur:
“Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi. Xatırladım ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır. Hesab edirəm ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Elm vəTəhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Elm və Təhsil Nazirliyi, Rayon Təhsil şöbələri, Şəhər Təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyatı qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ