İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qızın 'cinsi köləliyi' Qazaxıstanı sarsıdıb

Qazaxıstanda 17 yaşlı məktəbli qızın anası qızının altı ay seks quldarlığının qurbanı olduğunu bildirib. Hüquq müdafiəçiləri isə onun sinif yoldaşlarının yetkin yaşlı "müştəri"lərdən pul topladığını iddia edirlər.

AzadlıqRadiosunun əməkdaşları Manşuk Asautay və Kris Rikltonun hazırladıqları yazıda deyilir ki, indi Qazaxıstanda hər kəs "bu necə baş verə bilərdi" sualını verir. Di gəl, hələlik, o sualın dolğun cavabı tapılmayıb.

Ölkənin cənub-qərbində yerləşən Qızılorda şəhərində polis bu hadisəni araşdırır və sakinləri dezinformasiyaya qarşı ayıq olmağa çağırır. Polis insan haqları fəallarının məktəbli qızı istismara məruz qoyan "uşaq mafiyası qrupu" haqda dediklərini də inkar edir.

Üç qız və bir oğlandan ibarət qrup?

Bununla yanaşı, avqustun 15-dən bəri öz məktəb yoldaşlarını seks üçün pula satmaqda suçlanan yetkinlik yaşına çatmamış dörd nəfər həbs edilib. Onlar hüquq fəalları və vəkillərin bu şokedici hadisə ilə bağlı onlayn mətbuat konfransı keçirməsindən cəmi bir gün sonra həbs olunublar.

Qazaxıstanda dövlət qurumlarının uşaqları qorumaqla bağlı ictimai tənqidə məruz qalması ilk dəfə baş vermir.

Qurbanın onlayn tədbirdə anonim danışan anası hazırda həbsdə olan dörd şübhəli şəxsdən, azı, birinin qızının keçmiş rəfiqəsi olduğunu söyləyib.

Hər iki qız Qızılorda şəhərində oxuduqları məktəbin 500 metrlik radiusunda yaşayırmış. Rəfiqə olduğu iddia edilən qız qurbanın ailəsinin evinə tez-tez gedib-gəlirmiş. O zaman hələ 16 yaşı olan rəfiqəsi bu ildən get-gedə daha çox vaxt keçirməyə, tez-tez hətta gecələr də onun evində qalmağa başlayıb.

Ana qızının evdən kənarda çox vaxt keçirməsindən narazı qaldığını, ancaq ona mane olmamağı seçdiyini deyir. Ananın sözlərinə görə, üç qız və bir oğlandan ibarət qrup qızının çılpaq şəklindən şantaj aləti kimi istifadə edib. Bu yolla onlar qızın telefonuna nəzarəti ələ keçirərək onu seks işçiləri saytında qeydiyyatdan keçməyə məcbur ediblər.

Aylarla davam edən istismar o həddə çatıb ki, qurban sözügedən qrupa ayda 6 min dollaradək pul göndərirmiş. Zavallı qız müştərilərin onun hesabına köçürdüyü bu pulların ancaq kiçicik hissəsini özünə yolpulu kimi saxlayır və çox az qidalanırmış.

Anasının dediyinə görə, qızı qrupa ödənişlərini gecikdirəndə onlar onu döyür və psixoloji işgəncəyə məruz qoyurmuş.

İddiaya görə, sözügedən qrup qurbanın ticari dəyərini artırmaqdan ötrü ona narkotik də qəbul etdirirmiş.

Mətbuat konfransında danışan NeMolchi.kz (Susma) fondunun rəhbəri Dina Smailova deyib ki, qurban saytda qeydiyyatdan keçərkən yaşının 18 olduğunu göstərsə də, ondan yararlanan kişilər pedofil sayılmalıdır.

"Gənc qızların seks işçiliyinə sürükləndiyini get-gedə daha çox görürük"

Qurbanla birbaşa təmasda olan fəal onun emosional boşluqda olduğunu deyir. İndi dövlətin qoruduğu qurbanın peşəkar psixoloq xidmətlərinə çıxışı var.

"Gənc qızların seks işçiliyinə sürükləndiyini get-gedə daha çox görürük", - Smailova belə deyib və ardınca əlavə edib: "O saytda qızların yaşının 18-ə çatmağını göstərmək üçün onların öz kodları var. Almatıda araşdırdığımız bir işdə qızların saçını fərqli rənglərə boyamaqla onların müştərilərə qızların azyaşlı olduğunu göstərdiyini aşkar etmişdik".

Faciəyə sosial mediada və mediada verilən reaksiyaların çoxunda qurbanın anasının necə bu qədər uzun müddət ərzində baş verənlərdən xəbərsiz qalması sorğulanır.

Ana mətbuat konfransında deyib ki, mart ayından bəri qızının dəyişən davranışı və pisləşən akademik göstəriciləri üzündən dəfələrlə məktəbə gəlib: "Mən məktəbdən hədələrdən başqa heç bir kömək almadığıma görə uşaq polisinə və yerli müfəttişə üz tutdum, ancaq yenə eyni şey baş verdi. Onlar da məni hədələdilər, dedilər ki, o qızım əlimizdən alınacaq və bizi valideynlik hüququndan məhrum edəcəklər. Onlar tam qeyri-peşəkar idilər. Həm onu, həm də bizi danlayır, barmaqlarını bizə tuşlayırdılar".

Həmin dövrdə qurbanın özü məktəbdə psixoloqla görüşüb. Psixoloq ona qışqırıb və onu şikayət etməməyə çağırıb.

Ancaq avqustun 6-da qız ailəsinin evinə qayıdıb. Anasının sözlərinə görə, onun qayıdışı ölüm xofu ilə bağlı olub. Onu istismar edən qrupdakı qızlardan biri 250 min tengə (520 dollar) gətirməyəcəyi halda, onu öldürəcəyini deyib.

 

"Ona toxunan hər kəsdən şikayət edəcəyəm"

"Instagram-dakı dostlarından biri onu evə gətirməyə kömək edib. Onun hər yeri çirkli və qançır içində idi. Bütün izlər dərisində görünürdü. Mən ona toxunan hər kəsdən şikayət edəcəyəm. Mindən çox adamdan – onu otel və saunalara aparan hər kəsdən", - ananın sözləridir.

Avqustun 14-də Qızılorda polisi şübhəlilərin valideynlərinə qarşı "azyaşlının böyüdülməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi" ittihamı ilə iş açıldığını təsdiqləyib.

Qurbanın bir gənc qohumu anonimlik şərti ilə AzadlıqRadiosunun qazax xidmətinə deyib ki, ailə hazırda həmin valideynlərdən birinin daha ağır ittihamla cəzalandırılmasına çalışır və onun bu işdə havadar olduğunu düşünür.

Qızılorda əyalətinin administrasiyası avqustun 16-da bildirib ki, əyalət qubernatoru qurbanın oxuduğu məktəbin direktoru və digər əməkdaşlarının işdən çıxarılması haqda əmr verib.

"Mətbuat konfransından sonra onlar çox fəal işləməyə başladılar", - Smailova belə deyir.

Elə təəssürat yaranır ki…

Ancaq qurbanın anası deyir ki, bundan öncə polis onu Smailova ilə əlaqə saxlamaqdan çəkindirib. Məmurların seksual cinayətlərə və korrupsiyaya bulaşması ilə bağlı çox sayda işi ortaya çıxaran Smailova Qazaxıstana geri dönərsə, həbs edilə bilər.

Bütün bunlar elə təəssürat yaradır ki, sanki dövlət qurumlarının öncəliyi belə insidentlərin baş verməsini önləmək deyil, onların üzə çıxmasının önünü kəsməkdir.

Smailova deyir ki, bu cür yanaşma çox zaman qurbanların dəstək şəbəkəsindən məhrum olduğu mühafizəkar əyalətlərdə seks quldarlığına şərait yaradır.

Ötən il Qazaxıstanın başqa bir şəhərində, Türkistanda 17 yaşlı qız müştəri ilə münaqişə zamanı binanın altıncı mərtəbəsindən yerə tullanmışdı. Həmin qız da eyni qazax saytında qeydiyyatdan keçibmiş.

AzadlıqRadiosunun qazax xidməti Qızılordadakı məktəb və bölgə polisi ilə əlaqə yaratmağa çalışsa da, məqalənin dərc olunduğu günədək heç bir cavab ala bilməyib./Azadlıq Radiosu/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR