Onlayn ictimai-siyasi qəzet
Mehriban Zeynalova: “Qızların qaçırılması köhnə stereotiplərin davamıdır, buna heç bir bəraət ola bilməz”
Xəbər verdiyimiz kimi, Bakıdan Lənkərana gedərək qız qaçırmaq istəyən şəxslər hadisə yerində saxlanılıb. Məlumata görə, Bakının Binə qəsəbəsində yaşayan Nahid TikTok-da tanış olduğu Laləni (ad şərtidir) qaçırmaq üçün Lənkərana gedib. İstintaqla müəyyən edilib ki, ona kömək etmək məqsədilə atası Mübariz də Lənkərana gedib.
Onlar 8-ci sinif şagirdi olan Laləni məktəbdən çıxan zaman maşına əyləşdirmək istəyiblər. Bunu görən kənd sakinləri müdaxilə edərək qızın valideynlərinə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Qızın valideynləri övladlarını qaçırmaq istəyən Nahid və Mübarizə hücum ediblər. Qızın atası Mübarizə yumruq zərbəsi vurub. Lalənin anası da Nahidə şillə vurub. Bu hadisəyə görə Lalənin valideynləri də məsuliyyətə cəlb edilib. 2011-ci il təvəllüdlü qızı qaçırmağa cəhd edən ata və oğlu da ayrıca məsuliyyətə cəlb edilib.
Maraqlıdır, qanun sərtləşdirildi də, azyaşlı qızların evlənmək məqsədilə qaçırılma halları davam edir. Səbəb nədir? Daha hansı tədbirlər görülə bilər?
Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a bildirib ki, bu kimi hadisələrin kökündə cəmiyyətin hələ də tam aradan qaldırmadığı stereotiplər dayanır: “Əgər biz stereotiplərin qarşısını almasaq, problemlərin həllinə nail ola bilməyəcəyik. Hələ də bir çox insanlar belə düşünür: qadın əmlakdır, onun razılığı o qədər də əsas deyil, "səni alıram", "qaçırdım - deməli, mənim oldun" kimi yanlış yanaşmalar mövcuddur. Bu təfəkkür dəyişməyincə, biz bu faciələrin qarşısını ala bilməyəcəyik. Görünür, həmin hadisədə oğlan və atası elə güman ediblər ki, qızı qaçırdıqdan sonra qarşı tərəf əlacsız qalacaq, nəticədə məcbur olub razılaşacaqlar. Hətta qızı zorla “mən öz xoşumla gəlmişəm” deməyə məcbur edəcəklər. Bu, cinayətin ört-basdır edilməsinə xidmət edən üsuldur".
Onun fikrincə, bəzi valideynlər də yanlış olaraq övladlarının məcburi münasibətlərinə göz yumur, nəticədə oğlan cinayət məsuliyyətindən qismən azad edilir: “Xatırlayırsınızsa, bir müddət əvvəl elə bir hadisə olmuşdu ki, ana qızının hamilə qalmasına belə razılıq vermişdi. Bu addım, guya oğlanın cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq üçün atılmışdı. Məhkəmə də qismən güzəştə gedərək, "uşaq dünyaya gəlir, artıq ailədirlər, ailə dağılmasın" arqumentini əsas götürmüşdü. Halbuki bu, tamamilə yolverilməzdir. Belə hadisələrdə heç bir halda bəraət verilməməlidir. Əksinə, eyni cəza tədbirləri tətbiq olunmalıdır. Çünki burada iki cinayət var: birincisi, qızın razılığı olmadan onun qaçırılması, ikincisi isə evliliyə məcbur edilməsi".
M.Zeynalova vurğulayıb ki, həm dövlət, həm ictimai qurumlar, həm də valideynlər stereotiplərin kökündən aradan qaldırılması üçün maarifləndirici işləri gücləndirilməlidir.
Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı hadisələr birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi - adam oğurluğu maddəsi çərçivəsində qiymətləndirilir: “Əgər biz burada yetkinlik yaşına çatmayan şəxslə bağlı hadisəni nəzərə alsaq, Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildiyi üçün 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Lakin əgər burada hər hansı bir seksual xarakterli hərəkətdən söhbət gedirsə, Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli hərəkətlərin edilməsi və onunla cinsi əlaqədə olmaq 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Hüquqşünas vurğulayıb ki, uşağın valideyni tərəfindən cinayət törədilmiş şəxsin zərər görməsi halında, bunun da hüquqi qiyməti olacaq: “Əgər bu məsələdə uşağın atası tərəfindən həmin şəxsə qarşı xəsarət yetirilibsə və bu icbari təhlükəli əməl hesab olunursa, vurulmuş xəsarət az ağır, ağır və ya yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndiriləcək. Belə halda uşağın valideyninin əməlinə də hüquqi qiymət veriləcək və qanunvericiliyə uyğun cəza tətbiq olunacaq.
Lakin istənilən halda qanunvericiliyin sərtləşdirilməsi fonunda bəzi insanlar cahillik edib qanunvericiliyi kobud şəkildə pozurlar. Bu baxımdan daha effektiv vasitələrdən istifadə etmək vacibdir və dövlət aparatının bununla bağlı düşünməsi zəruridir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ