Onlayn ictimai-siyasi qəzet
Bu gün dəbdə olan imtahanlardan biri də laborant vəzifəsinə görə keçirilən imtahanlardır.
Bəs bu vəzifə nə üçündür və hansı məktəblərdə olmalıdır?
Musavat.com bildirir ki, təhsil eksperti Elşən Qafarov mövzuya bu cür şərh bildirib:
"Ümumi təhsil məktəblərinin, lisey və gimnaziyalar ştat vahidləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996 -cı il tarixli 59№-li Qərarı ilə tənzimlənir.
Qərarın cədvəl hissəsində 10 sinif komplekti, əlavə hissəsində isə göstərilir ki, 9 sinif komplekti olduqda 1 ştat vahidi laborant ştatı yaranır. Qərara görə 9(10) -16 sinif komplekti olduqda 1 ştat, 17-22 sinif komplekti olduqda 1,5 ştat, 23-40 sinif olduqda 2 ştat, 41 və daha artıq sinif komplekti olduqda isə 3 ştat laborant vəzifəsi yaranır. Laborant vəzifəsinin yaranması üçün sinif komplektləri ilə yanaşı müvafiq avadanlıqlarla təchiz olunmuş fənn kabinetinin laboratoriya otaqlarının olması da şərtdir.
Məktəblərimizdə eyni zamanda 2008-ci ildən İKT laborantı vəzifəsi də var, amma bu vəzifə ştat vahidləri haqqında 59 №-li Qərarda göstərilməyib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin ümumi təhsil müəssisələrinin binalarına verilən tələblərdə göstərilir ki, tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulmalıdır. Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36-60 m2 olmaqla nəzərdə tutulmalıdır. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur. Görünən odur ki, NK-nın 59 №-li Qərarının tələbləri ilə 171 №-li Qərarının tələbləri uzlaşmır.
Maraqlı tərəf isə budur ki, laborant vəzifəsinə işə götürülən şəxslər üçün təhsil və əmək qanunvericiliyi, informatika və məntiqdən suallar salınır, işə qəbul olan şəxslərdən demək olar ki, heç biri vəzifəsi üzrə nə təhsili və ya anlayışı yoxdur. Yəni, 2-3 aylıq zaman aparan, 3-4 mərhələdən ibarət müsabiqədən qalib çıxan və işə təyinat alan kimya kabinetinin laborantının kimyəvi maddələrdən, fizika kabinetinin laborantının fiziki cihazlardan, biologiya kabinetinin laborantının isə orada olan avadınlıqdan və herbarilərdən, İKT laborantının isə İKT-dən anlayışı olmur.
Elə isə imtahan nə üçündür , yekun məqsəd nədir? Ümumiyyətlə, laborant ştatı məktəblərdə nə üçün lazımdır? Onun əsas vəzifəsi fizika, kimya, biologiya fənləri üzrə tədris ilində cəmi 8 saat praktiki dərslərdə müəllimə təcrübə və reaksiyaların aparılmasına kömək etməkdirsə, kömək edirlərmi?"
Xalidə Gəray
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ