İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə cinsi tərbiyə dərsi - ekspertlər buna qarşıdır

Fərqanə Mehmanqızı: "Bəzi məsələlər tam çılpaqlığı ilə açıqlanmasa, aradan "pərdə" götürülməsə, daha yaxşıdır"

Müasir dövrdə məktəblilər, yeniyetmələr cinsi inkişafları ilə bağlı adətən internet resurslarında, sosial şəbəkələrdə məlumat əldə etməyə çalışırlar. Ekspertlər isə hesab edirlər ki, bu platformada qarşılaşdıqları məlumatlar, videomateriallar onların həyatına mənfi təsir edə bilər. Ona görə də, orta məktəblərdə cinsi tərbiyə ilə bağlı dərsin keçirilməsi vacib hesab olunur.

Həmçinin son vaxtlar artan seksual motivli cinayətlərin, zorlama faktlarının fonunda azyaşlı məktəblilərin, yeniyetmələrin olduğunu görürük. Həmçinin şagirdlərin öz sinif yoldaşlarını hər hansı xüsusiyyət, görünüşü ilə bağlı bulinqlərə məruz qoyduğu da davamlı olaraq baş verir. Bəzi ekspertlərin fikrincə, bu həm də yetişməkdə olan nəslin bilgisizliyindən və cinsi tərbiyəsizliyindən baş verir. Bu səbəbdən də məktəblərdə cinsi tərbiyənin tədris olunması təklif olunur. 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu mövzuda fənnin ayrıca dərs kimi keçirilməsi hələ  nəzərdə tutulmasa da, bu istiqamətdə işlər görülür: “Cinsi tərbiyə, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunur. Məşğələlər 8-ci sinifdən başlayaraq ildə beş dəfə sinif saatları hesabına tədris edilir”.

Qeyd edək ki, bir çox dünya ölkələrində seksual maarifləndirmə fənn kimi tədris olunur. Seksual maarifləndirmə istiqamətində  ən inkişaf etmiş ölkə İsveçdir. Burada seksual maariflənmə fənni hələ 1950-ci ildən icbari fənn olub. 

Niderlandda insan biologiyası və seksual maariflənmə haqqında uşaqlara hələ bağçadan danışırlar. Bu ölkədə dünya üzrə yeniyetmə hamiləliyi göstəriciləri ən aşağı səviyyədədir.

Azərbaycana gəldikdə, bəzi ekspertlər qeyd edir ki, məktəblərdə bu cür dərslərin keçirilməsi uşaqlara öz bədənlərini tanımağa, yaxşı və pis toxunuşun fərqini, həmçinin nəyin qısnama olduğunu dərk etməyə kömək edəcək, nəticədə riskli seksual davranışların sayı getdikcə azalacaq. Lakin bəziləri tam əksini düşünür. Qeyd edirlər ki, bu, mövcud Azərbaycanda min illərlə formalaşmış təhsil, tərbiyə sisteminə mənfi təsir göstərə bilər.

Məni ələ salırdılar, həkimlər belə, ciddiyə almırdılar” - Ayna.az

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a danışıb. Psixoloq ölkəmizdə belə bir dərsin keçirilməsinin zəruri olmadığını qeyd edib: “Hesab edirəm ki, intim mövzuda məktəbdə dərs keçirilməsi doğru deyil. Bəzi məsələlər tam çılpaqlığı ilə açıqlanmasa, aradan ”pərdə" götürülməsə daha yaxşıdır. Üstəlik, indiki uşaq və yeniyetmələr bu mövzular internet resuslarından və digər yerlərdən məlumat alırlar, yəni məlumatlıdırlar. Ondansa uşaqlara etika qaydalar barəsində dərs keçsinlər, bu daha yaxşı olardı. Bundan əvvəl şagirdlərə “İnsan və cəmiyyət” dərsi keçirilirdi, lakin sonra bu dərslik sıradan çıxarıldı. Fikrimcə, cinsi tərbiyə dərsindənsə, həmin dərsliyi geri qaytarsınlar. Bəzən deyirlər ki, Avropa ölkələrində bu cür dərslər keçirilir. Amma biz Azərbaycan, müsəlman ölkəsiyik. Üstəlik, cinsi tərbiyə məsələsini hər bir ailə özünəməxsus şəkildə övladlarına aşılayır. Bunun məktəbdə keçirilməsinə lüzum yoxdur".

Təhsil eksperti Elşən Qafarov qeyd edib ki, 2021-ci ildən başlayaraq, dünya miqyasında cinsi  zorakılıq və cinsi istismara qarşı mübarizə alyansı yaranıb və Azərbaycanda da buna qoşulub: “Qanunvericilikdə göstərilib ki, cinsi istismar və cinsi zorakılıqla bağlı maariflənmə tədbirlərinə valideynlərin də cəlb olunması tövsiyə olunur və bu tədbirlərə xüsusi önəm verilməlidir.

Lakin baxmayaraq ki, iki ildir qanunvericilikdə dəyişiklik edilib, bu sahədə ciddi işlər aparılmır. Yəni, nə maarifləndirmə tədbirləri keçirilir, nə dərsdən kənar məşğələlər keçirilir.  Halbuki hər gün, hər həftə və yaxud hər ay hansısa məktəblərdə cinsi zorakılıq, cinsi istismar halları ilə bağlı məlumatları eşidirik, bəzi hallarda bu məsələ ictimailəşir, əksərən isə məktəb daxili üstü örtülür, ictimailəşdirilmir. Yəni, bu hallar var və ümumilikdə cəmiyyətin bu sahədə maarifləndirmə tədbirlərinə böyük ehtiyacı var". 

Cahid İmanlı 

Təhsil eksperti Cahid İmanlı isə qeyd edib ki, vaxtilə sovet dövründə də müəyyən dərsliklərdə bu mövzuya yer ayrılırdı, amma həmin səhifələrin üzərindən keçirilirdi və konkret olaraq tədris olunmurdu: “İnsan və cəmiyyət” adlı dərslikdə də bu mövzularda paraqraflar var idi, amma üstündən keçirilirdi. Bu barədə nə kişi, nə də qadın müəllimləri nəsə danışa bilmirdi. Ola bilər ki, qızlar üçün ayrı, oğlanlar üçün ayrı dərs keçirilsin, amma yenə də adam utanır. Mən özüm həmin dərsləri tədris etmişəm və şəxsi praktikamdan deyə bilərəm ki, mümkün olmur. Bu baxımdan hazırda məktəblərdə cinsi tərbiyə dərsinin keçirilməsini mümkün hesab etmirəm. 

O ki qaldı zəruri olmasına, bəli, yanlış tərbiyənin qarşısını almaq üçün lazımdır. Amma hansı formada olmalıdır, buna dəqiq qərar verilməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR