Onlayn ictimai-siyasi qəzet
“Məktəbə başlama yaşının 7-yə qaldırılması təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir”.
“Yeni Müsavat” bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: “Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər.
Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq".
Qeyd edək ki, bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında təhsilə başlayır.
Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.
Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.
Uşaqların 7 yaşında məktəbə başlaması, bəzi mütəxəssislərin fikrincə, daha faydalı ola bilər, çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. Qeyd olunur ki, 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər.
Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.
7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.
Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.
Mütəxəssislər qeyd edir ki, bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.
Bəs Azərbaycanda məktəb yaşı 7-yə qaldırıla bilərmi?
Elşən Qafarov
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, həmkarının fikirləri ilə razıdır: “Ümumiyyətlə, hər bir şəxsin fizioloji yetkinliyi onun doğulduğu, böyüdüyü ərazinin iqlim xüsusiyyətləri ilə bağlıdır. Sovet dövründə uşaqların həm fizioloji, həm də beyin cəhətdən yetkinliyi 7 yaş götürülüb. Hazırda Azərbaycanda ibtidai təhsil səviyyəsi 6 yaşdan başlayır. Bu yaşdan uşaqlara yazıb-oxumağı öyrədirlər ki, bu da nəticə etibarı ilə beyin yorulmasına gətirib çıxarır və şagirdlər artıq yuxarı siniflərdə uğur göstərə bilmirlər.
Mən də hesab edirəm ki, məktəb yaşı 7 yaşdan başlayarasa, daha doğru olar. Lakin məsələnin başqa bir tərəfi var, biz 12 illik təhsilə getmək istəyirik. Bu zaman bəzi məsələlər də həll olunmalıdır. Birinci növbədə biz müəyyən etməliyik ki, 12 illik təhsilə nə vaxt keçəcəyik? Məlum olduğu kimi, dünyada 220-dən çox ölkə varsa, bunun 190-ı artıq 12 illik təhsilə keçib. 12 illik təhsilə keçsək, onda ibtidai təhsil neçənci sinifdən, neçə yaşdan başlayacaq və neçənci sinifləri əhatə edəcək? Daha bir məsələ, əgər 12 illik təhsilə keçsək, onda əsgərlik yaşı da 20-yə qaldırılmalıdır. Qeyd edim ki, Finlandiya təhsil modeli uşaqlara erkən yaşlardan geniş dünya görüşü və həyat bacarıqları qazandırmaq üzərində qurulub. Bu modeldə təhsil yalnız akademik biliklər deyil, həm də sosial, emosional və problem həll etmə bacarıqları üzərində dayanır. Məsələn, ibtidai təhsilin ilk illərində dərslər daha çox oyun əsaslı və təcrübə yönümlüdür ki, uşaqlar öyrənməyi sevsinlər, maraqlarını kəşf etsinlər və özlərini rahat ifadə edə bilsinlər.
Azərbaycanda isə bir çox hallarda təhsilə daha akademik bir yanaşma üstünlük təşkil edir. Valideynlər və müəllimlər uşaqların erkən yaşdan yazıb-oxumağı bacarmasını ön planda tuturlar və bu, sanki təhsilin ən əsas göstəricisi kimi qiymətləndirilir. Halbuki uşaqların erkən yaşlarda inkişaf etdirilməsi lazım olan başqa bacarıqlar da var ki, bunlar onlara gələcək həyatlarında daha çox fayda gətirir. Yaradıcı düşünmə, sosial münasibətləri qurma, özünəinam və müstəqillik kimi bacarıqlar, əslində onların akademik uğurlarından daha vacib ola bilər. Qərb təhsil sistemləri, xüsusilə Finlandiya modeli, göstərir ki, təhsil yalnız bilik öyrətmək deyil, həm də uşağın şəxsiyyətini və düşüncə tərzini formalaşdırmaqdır. Bu yanaşma gələcək nəsillərin daha geniş baxışlı, məsuliyyətli və yaradıcı insanlar kimi yetişməsinə yardım edir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ