Onlayn ictimai-siyasi qəzet
Meksikanın aparıcı mətbuat orqanlarından olan “El Economista qəzetində” jurnalist Perla Pinedanın müəllifliyi ilə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbovun “Əsas hədəf Meksika ilə Azərbaycanı yaxınlaşdırmaqdır” başlıqlı müsahibəsi dərc olunub.
Musavat.com xəbər verir ki, müsahibəsində diplomat Meksika-Azərbaycan münasibətlərinin gücləndirilməsi imkanlarından və iki ölkə arasında iqtisadi, enerji və turizm sahələrində əməkdaşlığın perspektivlərindən söz açıb, Azərbaycanın təcrübəsini bölüşmək iqtidarında olduğu sahələr ətrafında jurnalistlə geniş fikir mübadiləsi aparıb.
M. Talıbov Azərbaycanın yaşıl enerji keçidində və yeni bazarlara açılma sahəsində öz təcrübəsini bölüşməyə hazır olduğunu, həmçinin, çoxtərəfli münasibətlərdə, insan hüquqlarının müdafiəsi və mədəni mübadilə sahələrində oxşarlıqları nəzərə alaraq, ölkəmizin hazırda investisiya və ticarət mövzusunda Meksika ilə əlaqələri daha da gücləndirməyə səy göstərdiyini bildirib.
Bununla yanaşı, müsahibəsində diplomat səfirliyin əsas hədəflərindən biri hər iki ölkənin iş adamları arasında qarşılıqlı maraqların, bu xüsusda Meksikanın iqtisadiyyatını şaxələndirmək və dünyanın digər bazarlarına açılmaq istəyinin müəyyənləşdirilməsi üçün kanallar yaratmaq olduğunu vurğulayıb. Bu xüsusda, böyük şirkətlərin və Meksikalı istehsalçıların regionda iştirakını təmin edəcək imkanlar yaradıla biləcəyini deyib. Həmçinin, Azərbaycanın energetika və nəqliyyat sahəsində qlobal miqyaslı bir sıra iqtisadi layihələrə liderlik etdiyini qeyd edərək, bunun ölkədə sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına gətirib çıxardığını xatırladıb.
Müsahibəsində ölkəmizin regionda sıx əlaqələrə malik olduğunu və uyğun şərait təklif etdiyini, beləliklə, nəqliyyat qovşağı kimi çıxış etdiyini xatırladan diplomat istənilən Meksikalı şirkətin Mərkəzi Asiya, Avropa, Türkiyə və sair bazarlara Azərbaycan vasitəsilə daxil olmaq imkanının olduğunu xatırladıb. Bundan əlavə, diplomat qeyd edib ki, kənd təsərrüfatı, texnologiyalar və çip kimi materiallar sahəsində də qarşılıqlı mübadilə imkanları mövcuddur.
Səfir həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində yaxşı münasibətlər və əməkdaşlığı nəzərə alaraq, Azərbaycanın bərpa olunan enerji sahəsində regional lider olduğunu xatırladıb və enerji keçidinə dair təcrübələrini bölüşməyə hazır olduğunu bildirib. Diplomat xüsusilə qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində regional lider mövqeyini tədricən gücləndirir. Hazırda bir neçə Avropa İttifaqı ölkəsi ilə anlaşma memorandumu imzalanıb və Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək üçün layihə mövcuddur. Həmçinin, ölkənin külək enerjisi və günəş enerjisi kimi yaşıl enerji sahəsində böyük potensiala malik olduğunu vurğulayıb.
Səfir müsahibəsində turizm sahəsində əməkdaşlığa da toxunaraq bu gün hər iki ölkə arasındakı turizm axının artmasına baxmayaraq, hələ də əhəmiyyətli rəqəmlərə çatmadığını qeyd edib. O, bu gün Meksikalılar üçün sadə elektron viza sisteminin mövcud olduğunu, Azərbaycanın təklif etdiyi turizm infrastrukturunu kəşf etmə imkanlarının olduğunu və ölkənin təhlükəsizliyindən zövq alaraq rahat şəkildə səyahət edə biləcəklərini diqqətə çatdırıb.
Sonda müsahibəsində hər iki xalqın bir-birini daha yaxşı tanımasının vacibliyindən söz açan səfir M.Talıbov iki ölkə arasında turizm, təhsil kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanların araşdırılmasının əhəmiyyətin vurğulayıb. Bu xüsusda Qafqaz bölgəsinin yaxın onilliklərdə dünyanın ən vacib regionlarından birinə çevriləcəyini qeyd edib.
Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ