İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva YUNESKO-nun səfiri kimi fəaliyyətini dayandırır

Odri Azulaya məktubunda birinci vitse-prezident bunun səbəbini izah edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Bu barədə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb. Məktubda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın inkişaf etdirilməsi, YUNESKO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu xüsusda, 2013-cü ildə Azərbaycanla YUNESKO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-YUNESKO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub.

Məktubda həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

Qeyd edilənlərlə əlaqədar, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə YUNESKO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.

Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da YUNESKO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, YUNESKO Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə işğal dövründə dəymiş ziyanı qiymətləndirmək üçün hələ də missiya göndərməyib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının sentyabrda keçirilən 77-ci sessiyasında çıxışı zamanı da bu fakta diqqət çəkib. Onun sözlərinə görə, 2020-ci ildə  Ermənistanın işğalına son qoyulmasına baxmayaraq, YUNESKO-nun missiyası hələ də bu ərazilərə səfər etməyib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların səviyyəsi bu ərazilərdə Azərbaycanın bütün izlərini məhv etmək istəyini açıq şəkildə göstərir. “Ermənistan 30 il ərzində bu ərazilərdə etnik təmizləmə aparıb, insanları qanunsuz olaraq ora köçürüb ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”, - deyə C.Bayramov bildirib.

Hələ işğal dövründə Azərbaycan dəfələrlə bu təşkilata bölgəyə nümayəndə heyəti göndərməsi üçün müraciət edib. Lakin heç vaxt bununla bağlı addım atılmadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 30 ildir səssiz qalan YUNESKO bölgəyə nümayəndə heyəti göndərmək istədiyini bildirdi və “erməni mədəni irsinin” qorunması iddiaları ilə çıxış etdi.

2022-ci il fevral ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə YUNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılıq əldə edilib. Lakin bir neçə ay keçməsinə baxmayaraq, hələ də YUNESKO-nun məlum missiyası gəlməyib. Azərbaycan xarici işlər naziri də məhz bu razılığı nəzərdə tutaraq yenidən YUNESKO-ya səslənir və onun öhdəliyini xatırladır.

Aydındır ki, YUNESKO mütəxəssisləri gəlib erməni vəhşiliyini, viran qoyulan yerlərimizi, abidələrimizi gözləri ilə görəcəklər. Bu şəhərlərin əksəriyyətində məscidlər, müqəddəs yerlər və digər tarixi abidələr ermənilər tərəfindən donuz və mal-qara üçün tövləyə çevrilmiş və ya tamamilə dağıdılmışdı. Qtiç və ya Ktiş kimi tanınan monastırla yanaşı Qafqaz Albaniyasına aid bir çox qədim xristian kilsələri dağıdılıb və divarları yazılaraq erməni vandalizminə məruz qalıb. Gördükdən sonra məcburdurlar ki, bunları sənədləşdirsinlər və qərar qəbul etsinlər. Məlumdur ki, YUNESKO-nun da mərkəzi qərargahı Fransada yerləşir. Bu da istisna deyil ki, təşkilat da bu gün özünü Fransa dövlətinin mövqeyini nümayiş etdirən bir təşkilat kimi aparır. YUNESKO-nun Azərbaycana münasibətdə mövqeyi həm də onu göstərdi ki, təşkilat erməni maraqlarına və yerləşdiyi ölkənin maraqlarına xidmət göstərir. Bu da ilk növbədə qurumun özünün nüfuzuna, tərəfsizlik və qərəzsizlik missiyasına böyük xələl gətirir. Məhz bu siyasiləşmə səbəbindən İsrail bu quruma üzvlüyünü dayandırıb. Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi, YUNESKO ilə münasibətlərdə maraqlıdır, amma bu təşkilatın son iki ildə göstərdiyi mövqe qəbuledilməzdir.

Hazırda bu təşkilata 195 ölkə daxildir. ABŞ öz statusunu dəyişərək müşahidəçi üzvə çevrildikdən və İsrail bu təşkilatı tərk etdikdən sonra həqiqi üzvlərin sayı 193 olacaq. Təşkilatın 10 müşahidəçi üzvü də var. Bunlar əsasən öz xarici siyasəti olmayan, məsələn, Britaniyanın Virgin adaları və Makao kimi ərazilərdir. YUNESCO-nun müşahidəçi üzvləri arasında Vatikan və Malta ordeni də var. Təşkilatın büdcəsinin formalaşmasına Azərbaycan da ödəmələr edir. M.Əliyevanın təşkilatda fəaliyyətini dayandırmaq istəyində bu amillərin də rolu olduğu istisna deyil.

 “Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR