İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə araşdırmaları davam edir.

Musavat.com xəbər verir ki, iş üzrə hakim qarşısına direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.

Prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsət Abasov vəsatətiin nəticəsizliyindən şikayət edib:

“Noyabrın 14-də keçirilən prosesdə hakimə müraciət etmişəm, mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirlməsini istəmişəm. Bizi hələ də mərkəzə buraxmırlar”.

Hakim vəkilin vəsatətinə münasibət bildiriləcəyini deyib, müttəhim Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Müttəhim hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildirib. Vəkilləri də onu dəstəkləyib.

Dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın bu istəyini ümumiyyətlə ifadə verməmək kimi qiymətləndirib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini istəyib. Hakim dövlət ittihamçısının istəyini nəzərə alıb və ifadə elan olunub.

Bundan sonra proses fevralın 10-na kimi təxirə salınıb.

İş üzrə cinayət işi ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verəndən sonra başlayıb. Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi” PHŞ və yanğın zamanı xəsarət alan və dünyasını dəyişən körpələrin yaxınları Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR