Onlayn ictimai-siyasi qəzet
Milli Təhlükəsizlik Nazirliyinin(MTN 2015-ci ildə ləğv olunub-E.M) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib. Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti eyni məhkəmənin qəbul etdiyi əvvəlki qərarı ləğv edib. Bu gün, sentyabrın 1-də çıxarılan yeni qərara əsasən Akif Çovdarovun “8-ci kilometr” bazarındakı payı da daxil olmaqla ümumilkdə 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.
Yada salaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general-mayor rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə Akif Çovdarov general-mayor rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb. 2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul etmişdi. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.
Verilən son qərara münasibət bildirən Akif Çovdarovun vəkili Kamandar Nəsibov Musavat.com-a bildirib ki, çıxarılmış qərardan Ali Məhkəməyə şikayət verəcəklər. Vəkil bildirib ki, nə özü, nə də müvəkkili Akif Çovdarov prosesdə iştirak etməyiblər: “Mən də, Akif Çovdarov da xəstəliyimizlə əlaqədar prosesdə iştirak edə bilməmişik. Bununla bağlı məhkəməyə xəbərdarlıq etmişik, prosesin təxirə salınmasını xahiş etmişdik. Bununla belə bizim iştirakımız olmadan proses keçirilib. Başa düşə bilmirəm ki, bu tələskənliyə nə gərək vardı? Apelyasiya Məhkəməsində, Ağır Cinayətlər Məhkəməsində işlər var ki, 1 ay, ay yarım təxirə salırlar. Biz çıxarılan qərardan şikayət verəcəyik. Tamamilə qanunsuz qərardır. Tərəfin iştirakı olmadan işə necə baxa bilərdilər?”
Vəkil bildirib ki, iş üzrə cəmi 2 proses keçirilib və qərar verilib: “Hakimlərin qanunsuz hərəkətlərindən Məhkəmə Hüquq Şurasına şikayət verəcəyik. Ali Məhkəmədə xeyrimizə qərar verilməyəcəyi təqdirdə Avropa Məhkəməsinə şikayət vermək haqda düşünəcəyik”.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
Müsadirə olunan əmlaklar Akif Çovdarovun ailə üzvlərinin adına idi. Ona görə də yaxınları əmlakların geri qaytarılması üçün məhkəmələrə şikayətlər verirdilər. 2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyi ilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Akif Çovdarov və ailə üzvlərinin təxminən 30 milyon manatlıq əmlaklarının geri qaytarılmasına qərar vermişdi. Həmin əmlakların siyahısını təqdim edirik:
-Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı - 8.1 milyon manat;
Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi - 95 min manat;
Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi - 300 min manat;
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi - 231 min 500 manat;
Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil - 125 min manat;
Nəsimi rayonu, Bülbül prospektində mənzil - 483 min manat;
Novxanı qəsəbəsində torpaq sahələri - 86 min manat və 71 min manat;
Novxanı qəsəbəsində bağ evi - 800 min manat;
Novxanı qəsəbəsində bağ evi - 700 min manat;
Saray kəndində torpaq sahələri - 60 min manat, 203 min manat, 59 min 500 manat;
Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi - 400 min manat;
Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri - hər biri 15 min manat;
Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər - ümumilikdə 4 milyon 310 min manat;
Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar - 640 min manat;
Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu - 208 min manat;
Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar - 96 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina - 3 milyon 178 min manat;
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası - 4 milyon 500 min manat.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ