İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə 10 milyon mənimsəmiş başçıya 4 ay vaxt verdi - Son söz "dastanı" yazacaq

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.

Musavat.com xəbər verir ki, keçirilən iclasda prokuror yenidən ittiham nitqi ilə çıxış edib. Prokuror Alimpaşa Məmmədovun ittihamlarla təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Yada salaq ki, məhkəmə istintaqı yenilənməzdən öncə də prokuror sabiq başçının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Prokuror son çıxışında sabiq icra başçısının üzərinə həbs qoyulmuş “Azfarel MMC istisna olmaqla, digər əmlaklarının dövlət nəfinə müsadirəsini təklif edib.

Vəkillər müdafiə çıxışında Alimpaşa Məmmədova bəzi maddələr üzrə bəraət, bəziləri üzrə isə yüngül cəza verilməsini xahiş ediblər. Məhkəmə Alimpaşa Məmmədova son sözə hazırlaşması Azərbaycan məhkəmələrində görülməmiş zaman ayırıb - 2024-cü il oktyabrın 3-ə kimi vaxt verib. Bu müddətdə Alimpaşa Məmmədov nəinki son söz, korrupsiya cinayətlərinin törədilməsi haqda dastan da yaza bilər.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmədə Alimpaşa Məmmədov özünü ittihamlar üzrə təqsirli bildiyini deyib.

Onun ümumilikdə bazar dəyəri 10 milyondan çox olan - “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzili (bazar dəyəri 676 min manat) üzərinə həbs qoyulub.

Alimpaşa Məmmədov bu günə qədər 1 milyon manata yaxın ziyan ödəyib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR