Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı tamamlanıb.
Çingiz Mehdiyev “Formula 1”ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunur.
Musavat.com xəbər verir ki, bu gün keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Mehdiyevə verilmiş ittihamların sübuta yetirildiyini elan edərək onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini, üzərinə həbs qoyulmuş 1 milyonluq əmlaklarının müsadirə edilməsini tələb edib.
Sərbəst mühakimə edilən təqsirləndirilən məhkəmə zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.
Müdafiə tərəfi əvvəlki iclaslarda cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri olmuş mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da məhkəmədə dindirilməsini istəmişdilər. Həmin vaxtda vəsatət baxılmamış saxlanılmışdı.
Bu gün eyni məsələ yenidən müzakirə edilib.
Məhkəməyə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Arif Rəhimovun dindirilməsi ilə bağlı vəsatətə münasibət bildirməyib. Xanım hakim bunun səbəbini vəkillərin istintaq bitərkən bu vəsatəti yenidən müdafiə etməmələri ilə əlaqələndirib.
Hakim müdafiə çıxışlarına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir. Mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyan 397 min 852 manat təşkil edir. Mehdiyev həmin məbləğin 100 min manatını geri ödəyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ