Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq üçün Rusiya bütün səylərini göstərməlidir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyev NATO sammitinin bəyannaməsinin fraqmentindən sitat gətirib. Bu sənəddə Ukraynanın Avro-Atlantik strukturlara tam inteqrasiyası, o cümlədən NATO-ya üzvlük yolunda dəstəklənməsindən bəhs edilir.
“Nəticə göz qabağındadır: biz mümkün olan hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən “dönməz yolu” ya Ukraynanın yox olması, ya da NATO-nun yox olması ilə başa çatsın. Hər ikisi daha yaxşıdır”, - Medvedyev Telegram kanalında bildirib.
Bundan əvvəl Şimali Atlantika Alyansının liderləri gələn il Ukraynaya 40 milyard avro hərbi yardım ayırmaq barədə razılığa gəliblər. Vaşinqtonda keçirilən sammitin yekunları üzrə birgə bəyanat qəbul edilib. NATO bəyan edib ki, Kiyev “alyansa doğru dönməz yoldadır”.
Dmitri Medvedyevin NATO və Ukrayna barədə fikri isə klassik ədibimiz Mirzə Fətəli Axundovun “Müsyö Jordan” pyesindəki qulluqçu Xanpərinin tövsiyəsini yada salır. Həmin əsərdə fırıldaqçı dərviş Məstəli sifarişçi Şəhrabanu xanımdan soruşur ki, indi hansını edim, Parisi dağıdım, yoxsa müsyo Jordanın boynunu vurum. Xanpəri söhbətə qarışıb deyir: “Hər ikisini elə, baba dərviş”.
İndi Medvedyev də həm Ukraynanın, həm də NATO-nun yox olmasını məqbul sayır.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ