İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev yenə dünyanı hədələdi, təhdidlər yağdırdı - “Rusiya qələbəyə qədər...”

Keçmiş prezident bəyan edir ki, rus ordusu Ukraynada qalib gəlməsə, qlobal müharibə baş versə də, geri çəkilən deyillər; ekspert: “Rusiya pis ilişib...”

“Yalnız Rusiyanın Ukraynadakı tam və yekun qələbəsi qlobal münaqişənin qarşısını almağın təminatıdır”. “Yeni Müsavat”  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev rəsmi “Telegram” səhifəsində yazıb. Medvedyev onu da əlavə edib ki, Qərb dövlətləri dünyanı qlobal müharibəyə sürükləyir. Qərb dövlətlərinin irəli sürdüyü “Rusiyaya Ukraynadakı müharibədə qələbə qazanmağa imkan vermək olmaz” tezisinə cavab olaraq Medvedyev deyib: “Gəlin hər şeyi öz adı ilə çağıraq. Qərb dövlətləri dünyanı qlobal müharibəyə aparır və Rusiyanın Ukraynada tam qələbə qazanması dünya miqyaslı münaqişənin qarşısını almaq üçün təminat verir”.

Nəzərə çatdıraq ki, Medvedyev daha əvvəllər də hədə tonunda bir sıra mesajlar, statuslar yazıb. Hətta paylaşımlarından birində dünyanı nüvə silahı ilə də təhdid etmişdi. Son açıqlamasında nüvə silahından danışmasa da, bəyan edir ki, Rusiya Ukraynada qələbə çalmasa, qlobal müharibə baş versə də, geri çəkilən deyillər. “Qlobal müharibə” anlayışı həm də bir sıra təhlillərdə nüvə təhdidi kimi dəyərləndirilir. Çünki qlobal savaş olarsa, bu, qaçılmaz olacaq. Medvedyev nə demək istədi? O, Rusiyanın mövqeyini çatdırır, yoxsa bəzi rəyçilərin iddiası üzrə, hər dəfə içkili olanda belə açıqlamalar yazmağa adət edib?

Amma fakt budur ki, Rusiya qlobal müharibəni strateji cəhətdən uduzub. İndi qalır onun hərb meydanında tam məğlubiyyəti. Aylardır ki, Xerson, Zaporojye, Luqansk istiqamətində "bir addım irəli, iki addım geri" döyüşləri aparan rus ordusunun hansısa uğurlarından da danışmaq olmur. Artıq ruslar irəliləmək, yeni ərazilər tutmaq, Donbası tam işğal etmək barədə deyil, nəzarət etdikləri yerləri qoruyub saxlamaq, müdafiə olunmaq haqda düşünürlər. Hazırda rus ordusu hücum etmir, Ukrayna ordusunun əks-hücum əməliyyatlarını dəf etməyə çalışır. Bu da onun 9 ay içində düşdüyü vəziyyəti çılpaqlığı ilə əks etdirir. Rusiya ən pis halda mülki infrastruktura raketlər yağdırır, rəsmilərin ritorikasında nüvə müharibəsi hədəsi hiss olunur. Bu da Zelenski komandasına və Qərb koalisiyasına artıq tanış metodlardır. Yəni anti-Putin cəbhəsi rus ordusunun potensialına, döyüş qabiliyyətinə və operativ-taktiki gedişlərinə tam bələd oldu, indi onu necə bu bataqlıqda taqətdən salıb məğlub etməyin yollarını realizə edirlər. O cəhətdən Medvedyevin qlobal müharibə ilə bağlı söylədikləri blefə oxşayır və Rusiya yorulmaqdadır.

Sergey Şoyqu: "Qərb komandanlığı Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik  edir" - 21.09.2022, Sputnik Azərbaycan

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, dünyada gərginlik artır və Qərblə Rusiya Federasiyası arasında qarşıdurma güclənir. Rusiya MN başçısı Qərb ölkələrini Ukraynada münaqişənin eskalasiyasını təşviq etməkdə günahlandırıb: “Qərb ölkələri Ukraynada münaqişənin eskalasiyasını təşviq edir. NATO Ukraynanı silahla doldurur, kəşfiyyat məlumatları, muzdlular verir, Rusiya Federasiyasına qarşı informasiya və sanksiya müharibəsi aparır. Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında, şərq cinahında tam miqyaslı müdafiə sisteminin yaradılması istiqamətində irəliləmək niyyətindədir. Kollektiv Qərbin dağıdıcı cəhdlərinin əsas məqsədi Rusiyanın iqtisadiyyatını və hərbi potensialını məhv etməkdir. Şərqi və Mərkəzi Avropada NATO qruplaşmalarının sayı fevral ayından etibarən 2,5 dəfə artıb və yaxın gələcəkdə arta bilər. NATO Avropada Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradır”, - deyə Şoyqu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ukrayna ətrafındakı mövcud vəziyyətdən istifadə edərək digər ölkələri, o cümlədən Avropanı maksimum dərəcədə zəiflədir. Rusiya MN başçısı qeyd edib ki, Qərb Kiyev tərəfindən terror aktları, dinc əhalinin ağır silahlardan atəşə tutulması kimi qadağan olunmuş üsullardan istifadə etməsinin fərqinə varmır: “ABŞ və Avropa ölkələri Ukraynanın nüvə şantajı elementlərinə məhəl qoymur. Rusiya Ukraynanın "çirkli" nüvə bombası yaratmaq cəhdlərindən və öz ərazisində NATO-nun nüvə silahını yerləşdirməyə hazır olduğundan xəbərdardır".

Şahin Cəfərli: “Rusiya bu savaşın sonunda orta səviyyəli regional güc  səviyyəsinə enəcək”

 Şahin Cəfərli

Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Rusiya Qara dəniz donanmasına qarşı Ukraynanın keçirdiyi son əməliyyat müharibədə bu ölkə adına növbəti uğurlu səhifələrdən biridir: “Dronlar və pilotsuz katerlərlə həyata keçirilən əməliyyat nəticəsində "Admiral Makarov" freqatı və “İvan Qolubets” minaaxtaran gəmisinin zədələndiyi dəqiqdir. 125 metr uzunluğu olan 4 min tonluq “Admiral Makarov” gəmisi “Moskva” kreyserinin batırılmasından sonra Rusiyanın Qara dəniz donanmasının yeni flaqmanıdır. İkinci flaqmanın da vurulması Rusiya üçün növbəti alçaldıcı nəticədir. Müharibənin əvvəlindən bəri dəfələrlə vurğuladığım kimi, Rusiya pis ilişib və öz addımının hansı cavablara səbəb olacağını uzun-uzadı düşünüb hesablamağa ehtiyac görməyən, gözüqara düşmənlə üz-üzədir. Müharibə uzandıqca, hələ ukraynalıların hərbi imkanları artdıqca bu cür sürprizlər çox olacaq". Ş.Cəfərli deyir ki, başqa vacib hadisə Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” ordu qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Lapinin vəzifədən kənarlaşdırılmasıdır: “58 yaşlı Lapin uğurlu Lisiçansk əməliyyatından sonra iyul ayında prezidentin fərmanı ilə "Rusiya Qəhrəmanı" adını almışdı. Lakin Ukrayna ordusunun uğurlu əks-hücumları və Liman şəhərinin əldən çıxmasından sonra Lapin Kadırov tərəfindən davamlı aşağılanır və təhqir olunurdu. Belə bir parlaq hərbçinin cahil bir əyalət başçısının (özü də qafqazlı) həqarətlərinə məruz qalması iyerarxik münasibətlərlə heç bir əlaqəsi olmayan, görünməmiş hadisədir. Kadırovun təhqirlərindən sonra belə bir qərarın verilməsi rus zabitinin şərəfinə tüpürmək deməkdir və Priqojin-Kadırov qruplaşmasının dövlət içərisində ciddi şəkildə güclənməsindən xəbər verir".

Ukrayna müharibənin 252-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya indiyə qədər 73 370 hərbçi, 2 714 ədəd tank, 5 525 ədəd zirehli döyüş maşını, 1733 ədəd artilleriya sistemi, 387 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 198 hava hücumundan müdafiə sistemi, 277 ədəd hərbi təyyarə, 258 ədəd helikopter, 4153 ədəd avtomobil texnikası, 1438 ədəd PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 154 xüsusi avadanlıq itirib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR