İnsanlara hürriyət, millətlərə istiqlal!

Mediasiya Şurasının ümumi hesabat yığıncağı keçiriləcək

Mediasiya Şurasının ümumi hesabat yığıncağı keçiriləcək.

Bu barədə Musavat.com-a açıqlama verən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, bu barədə mediatorlar, mediasiya təşkilatı rəhbərləri, Şuranın komissiya və komitə sədrləri və üzvləri, o cümlədən mediasiya təlimçilərinə müraciət ünvanlayıb.

N. Adilov bildirib ki, mediasiya və mediator fəaliyyəti Qanunla tənzimlənən fəaliyyət növü kimi digər şərəfli peşələr sırasında gündəmimizin ən önəmli parçalarından birinə çevrilir. O bildirib ki, Mediasiya Şurası yarandığı gündən bu günədək çox çətin və çətin olduğu qədər də şərəfli bir yol keçib.

Nadir Adilov qeyd edib ki, Qanunun, Qaydaların və Mediasiya Şurasının tənzimləyici sənədlərinin də tələbinə görə, biz istər Mediasiya Şurası olaraq, istər mediasiya təşkilatları və mediatorlar olaraq ictimaiyyətə açıq və hesabatlı olmalıyıq:

"Ən önəmlisi isə 2 illik fəaliyyətimiz barədə Mediasiya Şurası da daxil olmaqla, hər bir mediasiya təşkilatı, mediator ictimaiyyətə hesabat verməlidir. Bir daha qeyd edirəm, bu, Qanunun, Qaydaların, o cümlədən Mediasiya Şurasının tənzimləyici sənədlərinin də tələbidir".

Nadir Adilov fikirlərinə davam edərək qeyd edib ki, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının, ordumuzun, əsgərlərimizin, şəhidlərimizin hesabına nail olduğumuz Zəfər günü ərəfəsində, noyabr ayı ərzində biz Ümumi Hesabat Konfransımızı təşkil etməyi planlaşdırmışıq:

"Qalib xalqın nümayəndələri kimi bizə yaraşır ki, gördüyümüz işlər barədə açıq və şəffaf formada qalib dövlətimizə və qalib xalqımıza məhz Qələbə günü ərəfəsində gördüyümüz işlərin hesabatını verək.

Təşkil edəcəyimiz Mediasiya Şurasının ümumi hesabat yığıncağında Mediasiya Şurasının İdarə Heyətinin sədri olaraq, mən də daxil olmaqla, hər bir mediasiya təşkilatı rəhbəri rəhbərlik etdikləri və məsuliyyət daşıdıqları, gördükləri iş barədə cəmiyyətə aşağıdakı hesabatları açıq formada təqdim edəcək. Hesabat bir məruzə və iki hissə olmaqla, ictimaiyyətə təqdim ediləcək.

İlk növbədə hər birimiz proqram hesabatı təqdim etməliyik. Belə ki, bu hesabat hissəsində Mediasiya Şurası və mediasiya təşkilatları mediasiya işinin təbliği sahəsində gördükləri işlər barədə hesabat verəcək. Bir qədər aydınlaşdırsaq, mediasiya təşkilatları mediasiyanın təbliği sahəsində gördükləri işləri, PR, Marketinq, mediasiyanın tanıtımı, təşkil edilən tədbirlər, mediatorların formalaşdırılmasında mediasiya təşkilatlarının rolu, yeri və s. mövzularda geniş hesabat verəcəklər.

Maliyyə hesabatı da hər zaman bizim şəffaflığın təmin edilməsi üçün həssas nöqtələrimizdən biri olub. Bildiyiniz kimi, Mediasiya Şurasına istər ilkin mediasiya xərcləri, istərsə də tam mediasiya xərclərindən heç bir vəsait daxil olmur. Mediasiya Şurasına daxil olan vəsaitlər yalnız mediasiya təşkilatlarının və mediatorların ödədikləri üzvlük haqlarıdır. Və biz düşünürük ki, üzvlük haqları və bu üzvlük haqlarının xərcləri ilə bağlı da cəmiyyətə hesabat verək. Çünki bu bizim sosial məsuliyyətimizdir.

Bildiyiniz kimi, ilkin mediasiya xərcləri və tam mediasiya xərcləri mediasiya təşkilatlarına daxil olur və onlar bu xərclər hesabına keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini qarşılarına hədəf qoyublar. Bu həm də onların nizamnamə öhdəlikləri sırasındadır. Buna görə də mediasiya təşkilatları da qeyri-kommersiya hüquqi şəxslər olduğundan və kommersiya sirri daşıyıcıları olmadığından, bu təşkilatlara daxil olan istər ilkin mediasiya xərcləri, istərsə də tam mediasiya xərcləri barədə ictimaiyyətə açıq, şəffaf formada hesabatın verilməsini təmin etməlidirlər. Xüsusən qeyd edim ki, ölkəmizdə təşviq edilən mediasiya modeli sistemi olduğu üçün mediasiya təşkilatları onlara daxil olan vəsaitlərin və xərclərin, o cümlədən bu vəsaitlərin mediasiyanın təbliği, təşviqi sahəsindəki rolunu da ictimaiyyətə açıq formada izah etməlidirlər.

Eyni zamanda mediasiya təşilatları bu xərclərinin maarifləndirmədə yeri və rolu, mediatorlarla bağlanılan əmək və mülki müqavilələr üzrə öhdəliklərin icrası barədə də hesabatlılığı təmin etməlidirlər. Eyni zamanda mediasiya təşkilatları mediatorların yetişdirilməsində və fəaliyyətində olan Qiymətləndirmə Qaydaları üzrə mükafatlandırma məsələlərinə də ictimai formada aydınlıq gətirməlidirlər. Mediatorlarla işin təşkilinə gəlincə isə mediasiya təşkilatları ilə əmək və mülki müqavilə formasında əməkdaşlıq edən bütün mediatorların hesabatları mediasiya təşkilatlarının hesabatında geniş yer almalıdır. Belə ki, hər bir mediasiya təşkilatı rəhbəri mülki və ya əmək müqaviləsi imzaladıqları mediatorların iş yükü, onların əldə etdikləri barışıq sazişləri, eyni zamanda həmin mediatorların inkişafı və fəaliyyəti barədə hesabat verəcəklər".

Nadir Adilov eyni zamanda bütün mediasiya təşkilatı rəhbərlərinə müraciət ünvanlayaraq qeyd edib ki, bu günədək görülən və bu gündən sonra görüləcək işlərin sistemləşdirilmiş hesabat formasının hazırlanmasının təmin edilməsini həyata keçirsinlər: "Çünki bu bizə noyabr ayında təşkil edəcəyimiz Ümumi Hesabat yığıncağımıza daha hazır olmaqa kömək edəcək".

Mediatorlara da müraciət ünvanlayan N. Adilov qeyd edib ki, hər birimiz, hər bir mediasiya təşkilatı rəhbəri və hər bir mediator qarşısına belə bir sual qoysun: "Biz dövlətimizin bizə göstərdiyi etimad nəticəsində nələri müsbətə doğru dəyişə bildik? Nələr etdik? Nələrə nail olduq?"

Onun sözlərinə görə, mediasiya xidmətlərinin göstərilməsi fəaliyyəti qeyri-kommersiya fəaliyyəti olduğu üçün bu fəaliyyət kommersiya sirri hesab edilmir və Qanunda nəzərdə tutulan mediasiya məxfiliyini çıxmaq şərti ilə bütün fəaliyyətimiz ictimaiyyət və cəmiyyət üçün açıq olub və bundan sonra da açıq olmalıdır.

N.Adilov eyni zamanda mediatorları da bu qərar münasibəti ilə təbrik edərək qeyd edib ki, gördüyümüz əvəzolunmaz işlərin ictimaiyyətə yüksək səviyyədə təqdim edilməsi məqsədi ilə böyük və Ümumi Hesabat yığıncağımızda alnıaçıq, üzü ağ hesabat verməyə hazırlaşmağa dəvət edir: "Əminəm ki, hər birimiz bu hesabat vaxtını çox səbrsizliklə gözləyirdik".

N. Adilov qeyd edib ki, Ümumi Hesabat yığıncağına bütün mediatorların iştirakının təmin edilməsini nəzərə alsaq, bu tədbirdə 300-ə yaxın mediator ilk dəfə bir araya toplanaraq ictimaiyyətə hesabat verəcək.

"Ümumi hesabat yığıncağına kütləvi informasiya vasitələri də dəvət ediləcək" - deyə Nadir Adilov fikirlərini tamamlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR