İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəsini kiçiltmək istədi, ömrü kiçildi - əməliyyatsız arıqlamaq mümkün deyil?

Xəbər verildiyi kimi, AzTV-nin gənc əməkdaşı vəfat edib. Bu barədə sosial şəbəkədə onun iş yoldaşları məlumat paylaşıb. Bildirilib ki, TV-də sürücü işləyən 24 yaşlı Vüqar Rəhimov artıq çəkisinə görə mədə kiçiltmə əməliyyatı keçirib. Lakin əməliyyatdan iki gün sonra o, dünyasını dəyişib.

Bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunan Vüqarın valideynin sözlərinə görə, həkim göstərişinə əsasən o, yeməyi və suyu kiçik həcmdə qəbul etməli imiş. Lakin Vüqar əməliyyatdan sonra valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib. Ardınca onun halı pisləşib, evə dərhal təcili yardım çağırılıb, xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Təəssüf ki, Azərbaycanda buna bənzər faciəvi olaylarla ilk dəfə deyil rastlaşırıq. Ancaq insanlar yenə arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına məqbul sayırlar.

Bəs mədəkiçiltmə əməliyyatı nədir? Bu əməliyyat kimlərə olmaz?

İlk mədə kiçiltmə əməliyyatını 1988-ci ilinin mart ayında Doug Hess həyata keçirib. Bundan sonra ard-arda aparılan 20 əməliyyatdan çıxan xəstələr 16 ay boyunca müşahidə altında saxlanıldı. Məlum oldu ki, itirilən artıq çəkilər kimisində 7, kimisində də 25 kq-dır.

Mədəkiçiltmə əməliyyatı mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırıar. Bu dәyişiklik insanların hәm bәdәnsәl hәm dә psixoloji olaraq yaxşı yaşamasına sәbәb olur. Baş ağrısı, yuxu problemlәri, tәzyiq, II tip şəkərli diabet kimi daha öncәdәn yaşanan rahatsızlıq və xəstəliklərin şiddәti azalır vә ya tamamilә aradan qalxır.

Təəssüf ki, mədə kiçiltmə əməliyyatı ilə bağlı maarifləndirmə çox aşağı səviyyədədir. Çoxu bunu sırf arıqlamaq üçün edilən əməliyyat kimi başa düşür. Hətta hədsiz çox kilosu olmayan belə, bu əməliyyata qaçır, nəticədə tez də olmasa, sonradan onun fəsadları ilə qarşılaşır.

Mövzu ilə bağlı plastik-cərrah Elnur Mehrəli “Yeni Müsavat”a danışıb:

ELNUR-MEHRELI-PLASTIK-CERRAH-1MN32.jpg (43 KB)

“İnsan orqanizmində olan artıq çəki və piylənmənin dərəcəsini müəyyən etmək üçün BKİ (bədən kütlə indeksi) göstəricisi mövcuddur. Pasientə bədənində artıqlıq təşkil edən yükün - piylənmənin nə dərəcədə olduğunu izah edərək, əməliyyat taktikası seçilir. Xəstələr və təəssüflə qeyd edim ki, bəzən həkimlər də bu göstəriciyə önəm vermirlər, nəticədə isə yanlış əməliyyat taktikası seçilir. Çəki boya görə tənzimlənir, məsələn  150 sm boyunda bir pasient üçün 55-60 kq çəki normal sayıla bilər. Bu nöqteyi-nəzərdən də artıqlıq özünü BKİ-də göstərir. BKİ çəki ilə boyun arasında mütənasibliyə görə təyin edilir və bu göstərici normativlərdə göstəricisi 25-30 olarsa, əməliyyat taktikası mədə kiçiltmə olaraq seçilir. Yəni əgər bir pasientin boyu 170 sm, çəkisi isə 120 kq olarsa, BKİ hesablanarkən həmin şəxs mədə kiçiltmə əməliyyatına göstərişi olan pasient sayılır. Mədə kiçiltmə əməliyyatı bədəndə olan artıq yükün, əlavə çəkinin mədənin həcminin kiçildilməsi hesabına, pasientin qida qəbulunun azaldılması, eləcə də mədənin aclığa cavabdehlik daşıyan hissəsinin götürülməsi hesabına kökəlmə dayanır. Belə ki, xəstələrdə aclıq hissiyyatı olmur, əksinə daim toxluq hissi olur, nəticədə kökəlmə getmir.

 Cərrahi müdaxilədən əvvəl pasientlər qan analizi verərək yoxlanılırlar, bununla yanaşı onların daxili orqanları da mütləq şəkildə müayinədən keçirilirlər. Xəstələr əməliyyata tamamilə əks göstərişli və ya nisbi əks göstərişli ola bilərlər. Çox yüksək şəkəri olan pasientlər ilk növbədə şəkərin korreksiya edilməsi üzrə müalicə alır, yəni şəkər normal səviyyəyə düşürülür, daha sonra əməliyyat edilirlər. Qan azlığından əziyyət çəkən xəstələrə isə qanın səviyyəsinin qaldırılması istiqamətində müalicə aldıqdan sonra əməliyyat təyin edilə bilər. Eyni zamanda vaxtı ilə infarkt, insult keçirmiş, epileptik tutmaları və s. olan pasientlər də xüsusi risk qrupuna daxildirlər. 

Amma qan azlığı şəkər və epilepsiyanın aktiv fazasında deyil, xəstəliyin yatmış fazasında olan pasientlər nisbi risk qrupuna daxil olan xəstələrdir. Onlar da müəyyən  müalicə kursundan sonra əməliyyata girə bilərlər”

Bəs insanın başqa, daha təhlükəsiz üsulla arıqlaması mümkün deyilmi? 

Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova qeyd edib:

lem.jpg (218 KB)

“Bu çox önəmli bir mövzudur. Mədəkiçiltmə əməliyyatı müasir dövrümüzün dəbli olan əməliyyatlarından biridir. Halbuki 2020-ci ildə bu əməliyyatın çox təhlükəli olduğu aşkara çıxıb. Belə ki, bu əməliyyat ilk dəfə Amerikada çəkisi 250 kq və daha çox olan şəxslərə tətbiq edilirdi. Amma indi bir qədər artıq çəkisi olanlar tez bir zamanda arıqlamaq, fit bədənə sahib olmaq üçün bu əməliyyata can atırlar. Bəzi dırnaqarası həkimlər də bəzən hətta 80-90 kq çəkiyə malik insanları bu əməliyyata sövq edir, insan həyatını tamamilə təhlükə altına atır. Bu çox yanlış davranışdır. Neçə-neçə məşhur, şou biznes insanları bu əməliyyata üz tutduqdan sonra dünyasını dəyişdi. Bu o deməkdir ki, mədə kiçiltmə əməliyyatı ən qorxulu, ən təhlükəli cərrahi əməliyyatlardan biridir. Əgər araşdırma aparsaq müşahidə edərik ki, mədəkiçiltmə əməliyyatı edən 50 nəfərdən 45-i tez bir zamanda dünyasını dəyişib. Bu çox ağır bir statistikadır.

Əməliyyatla mədə kiçildikdən sonra insanda aclıq hissi itir. 2-3 ildən sonra isə əvvəlki çəkisini getdikcə geri almağa başlayır, amma sağlamlığında çox ciddi problemlər əmələ gəlməyə başlayır.

Alimlərin araşdırmasına görə, mədə kiçiltmə əməliyyatı edilən insanlarda kəskin qocalma baş verir. Belə ki, daxili orqanların funksiyasına idarəedici hormonlar təkan verir. Hormonların passivləşməsi ilk növbədə insanların şüuruna təsir edir. İnsan orqanizmində müxtəlif, o cümlədən xoşbəxtlik, aclıq, toxluq, həyat aktivliyi, cinsi fəaliyyəti aktivləşdirən, orqanların hüceyrə toxumalarına təsir edən, şəkərli hüceyrələri tənzimləyən və sairə hormonlar var. Bu hormonların sürət mexanizmi normativə uyğun olmalıdır.

İlk növbədə qidalanmağımıza diqqət etməliyik. Qidalanmağa diqqət etməyəndə, normadan artıq və yaxud normadan az qida qəbul etdikdə bu orqanizmdə müəyyən fəsadlara gətirib çıxarır. Normadan çox qida qəbulu hormonların fəaliyyəti pozulur, çəki artır, xəstəliklər yaradır, həmçinin normadan az qida qəbulu hormonların fəaliyyətini pozur, bədən indeksi aşağı olur, anoreksiya və ya digər xəstəliklərə gətirib çıxara bilər. Bu o deməkdir ki, orqanizm lazımi qədər qidalanmalı, mineral və vitaminləri qəbul etməlidir ki, lazım olan enerjini ala bilək.

Mədəkiçiltmə əməliyyatından sonra bütün hormonların sürət mexanizminin aktivliyi, orqanların tonusu aşağı düşür. Bu zaman məsələn, 23 yaşlı gəncin orqanizmi 53 yaşlı adamın orqanizmi kimi olur.

Eləcə də qadınlarda yumurtalıqların tonusu aşağı düşür, əgər şəxsin 23 yaşı varsa, yumurtalıqların fəaliyyəti 43 yaşdakı kimi olur. Belə qadınlarda erkən klimaks dövrü çox ciddi fəsadlarla başlayır. Həmçinin nəsil artırma qabiliyyəti sönür.

Kişilər mədə kiçiltmə əməliyyatından sonra ilk vaxtlarda özlərini rahat hiss etsələr də, 3-4 ay sonra orqanizmdə çox ciddi problemlər baş verir. Məhz 4 ay sonra orqanizmdə çox ciddi problemlər başlayır, həyat tonusu aşağı düşür, kişi hormonunun fəaliyyəti enir, cinsi zəiflik başlayır. Bəzən əməliyyatdan 6 ay, 1 il ərzində kişilərdə cinsi zəifliyə gətirib çıxarır.

Həmçinin, kosmetoloji problemlər, o cümlədən saç tökülmələri baş verir. Araşdırmalara görə mədə kiçiltmə əməliyyatından sonra kişilərdə 80 faiz, qadınlarda 40-50 faiz hallarda keçəlləşmə, dazlaşma baş verir.

Daha bir məsələ, məlum olduğu kimi, hər kəsdə genetik kodlar var. Uşaq doğulanda yaxşı genetik kodları açılır, məsələn, irsi xarakter, zehni qabiliyyət və sairə. Təxminən 35 yaşdan sonra isə pis genetik kodların açılması baş verir. Məsələn, nəsildə hansısa irsi xəstəlik varsa, həmin kodlar açılır. Təbii ki, insanlar özlərini bu xəstəliklərdən sığortalaya bilər, amma mədə kiçiltmə əməliyyatından sonra bu xəstəliklər erkən açılır. Məsələn, əgər nəsildə onkoloji xəstəlik varsa, bu xəstəlik mütləq ortaya çıxır. Hətta sağlam, genetikasında heç bir xəstəlik, o cümlədən onkoloji xəstəlik olmayan insanlarda belə xərçəngin yaranma təhlükəsi çox yüksəkdir. Araşdırmalar da onu göstərir ki, mədə kiçiltmə əməliyyatı edən şəxslərin 80 faizini bu xəstəlik yaxalayır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR