İnsanlara hürriyət, millətlərə istiqlal!

Mavi Gölün sehri, Göksu möcüzəsi və Lerikin Bülüdül bulağı haqqında elegiya – VİDEO, FOTOLAR

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə Qara dəniz bölgəsinə, Anadolunun şimal-şərq hissəsinə, Giresun və Orduya səfərimizin növbəti ünvanı Mavi göl oldu.

Yamyaşıl libasa bürünmüş dağların qoynunda axan çeşmələrdən, çaylardan mənbəyini götürən Mavi Göl füsunkar mənzərələri ilə adamı sehirləndirir. Göksu çayının ərsəyə gətirdiyi bu sehirli aləmi görmədən keçib getmək günah sayılır. Yaşıl dağların qoynu ilə uzanan rahat yolun kənarında gölə enmək izni almaq üçün turistlər bilet alır, daha sonar pillələrlə sehirli aləmə düşürlər.  

PİLLE.jpeg (422 KB) 

Bələdçimiz Mustafa Yalçın Yalçınqaya və TGA-nın dəyərli əməkdaşı Özden Vanlının müşayiəti ilə biz Azərbaycan və Gürcüstandan olan 8 media təmsilçisi də sehirli əlamə səyahət etdik, bu inci, sədəf sulardan zövq aldıq, ruhumuz dincəldi. Suyun rəngi bambaşqadır, elə şəlalənin səsi-avazı da, sanki Allah bu məkana fərqli qələm çalıb. Yüzlərlə xarici və yerli turist eyni vaxtda pillələrlə aşağı-yuxarı hərəkət edir, çay üstündəki asma körpüdə şəkillər çəkdirir, bir-birinə müsbət enerji ötürürlər bu cənnət məkanda.  

Göksu çayında irili-xırdalı dörd göldən ibarət olan Mavi Göl də eyni vadidədir. Bu məkan turistlər üçün mayın 1-də açılır, oktyabrda isə bağlanır. Mavi Göl üç gölün birləşməsindən ibarətdir və yerli əhali tərəfindən “Sodalı Göl”, yaxud “Göy Göl” adlandırılır. Mavi Gölün yay aylarında əhəng daşlarının təsiri nəticəsində firuzəyi rəng alır. Həmçinin Qara dənizin yeganə soda axını olan Göksu axını bura üz tutan minlərlə ziyarətçini sehirli aləminə qərq edir.

PİLLEN.jpeg (228 KB)

Bu məkanın gözəlliklərinin bəxş etdiyi yüksək əhval-ruhiyyəmizə Giresun dağları qoynunda üstümüzə ələnən narın yağış dənəcikləri əlavə sevinc notları qatır. Nağıllar aləminə səyahət edir adam özünü. Giresun Dərəli rayonunda yerləşən və yerli sakinlərin “Ağ daş” adlandırdığı daha bir sehirli məkana üz tuturuq. Dağların qoynundan çıxan mineral suların ərsəyə gətirdiyi Kuzalan travertinləri və Göksu travertinləri möhtəşəmdir. Dağların qoynunda hovuzvari məkanlar düzəldilib, pilləkənlər və cığırlar çaya doğru aparır, uşaqdan yaşlıyacan hər kəs öz yolunda. Hətta ani olaraq kiminsə yıxılaraq çaya yuvarlanacağından həyəcanlanırsan. Amma məlum olur ki, yox, burada sehirli su daşları elə yuyub ki, ayaq sürüşmür. Ayaqqabı ilə bu müalicəvi əhəmiyyət kəsb edən suyun üstünə bastalamaq olmaz. Həm gigiyenik cəhətdən qəbul olunmur, həm də bu su bir sıra xəstəliklərin dərmanıdır. Bura üz tutanlar şəfa tapırlar, amma gərək azı 20 kursluq müalicə qəbul edəsən. Bu məkana da giriş ödənişlidir, tələbələr, uşaqlara güzəşt var.

Ərazinin məsullarından biri Mustafa Kamal Çakcı Musavat.com-a ətraflı məlumat verir. 

İmkan tapıb ziyarətçilərlə də həmsöhbət oluruq. Yarım türkcə danışan həmsöhbətlərimizdən biri isə Səudiyyə Ərəbistanından gələn turist imiş, müalicəvi palçıqla sifətini belə suvamışdı, çox məmnun idi. Hava qəfil sərinlədiyi üçün su da azca soyumuşdu, amma kimsə şikayətlənmir, hər kəs məmnundur.

Yeri gəlmişkən, təxminən 500 hektar ərazisi olan Kuzalan Təbiət Parkında yerləşən Kuzalan travertinləri 1800 metr ərazini əhatə edir və ABŞ-dakı Yellouston Milli Parkından sonra dünyada meşədə əmələ gələn ikinci ən böyük travertin bölgəsidir. Bölgənin ən böyük travertin sahəsi olan Kuzalan travertinlərini əmələ gətirən əsas mənbənin ətrafındakı yer tamamilə mamırla örtülüb. Mamırın üzərindən axan su bir neçə metrdən sonra travertin toplamağa başlayır və travertin yığılması başlayandan sonra mamır sürətlə sahəsini itirir və yox olur. Kuzalan Təbiət Parkından təxminən 4 kilometr aralıda, Pınarlar kəndində yerləşən Göksu travertinləri, bir layihə ilə yaradılan terraslar şəklində firuzəyi və ağ rəngləri və irili-xırdalı gölməçələri ilə mini Pamukkaleni xatırladır. Bildirilir ki, travertin yüksək mineral dəyəri olan sodalı su ilə əmələ gəlir.

SODA.jpeg (278 KB)

Yolun üstündə turistlər və yerli sakinlər üçün kiçik bazar – yarmarka da yaradılıb. Qarğıdalı qaynadılıb, təklif olunur, çeşidli pendirlər, Giresun balı, Giresun fındığı, digər nemətlər. İnsanlar həm müalicə olunur, həm dincəlir, həm də yerli nemətlər hesabına qidalanırlar. Oksigeni, suyu, göz oxşayan mənzərələri gələnləri, görənləri heyran edir, bir gələn bir də gəlmək istəyir. Yeri gəlmişkən, dağların döşü ilə süzülüb gələn mineraldan dadmaq da olar, amma qədərindən artıq yox. Bu suyun dad-tamını Lerik rayonunun Bülüdül kəndindəki mineral bulağa bənzətdim. Həm də təəssüfləndim. Normal yolu belə olmayan Bülüdül bulağı hansı kökdə, hansı dərddədir, neçə min illərdir axıb dərələr boyunca gedir, nə normal turisti var, nə də… Nə isə.

BÜLÜDÜL.jpeg (74 KB)

Ümid edək ki, Bülüdül bulağının da bəxti açılar, minlərlə turist axın edər və Türkiyə jurnalistləri də qarşılıqlı səfərlər zamanı dağlar qoynundan qaynayan bu bulağın şəninə dastanlar qoşarlar, biz Giresun möcüzələrindən bəhs etdiyimiz kimi. Hər halda qardaş ölkədən öyrənməli çox şeylər var, qədir-qiymətini bilməliyik sərvətlərimizin…  

SERVET.jpeg (441 KB)

Göksu travertinləri 3 il əvvəl bölgə turizminə gətirilib. Burada suyun rəngi günəş şüalarının təsiri ilə dəyişdiyi üçün turistləri özünə cəlb edir. Üstəlik, müalicəvi əhəmiyyətə malikdir, ayaqlarda qaşınmanın, yaraların aradan qaldırılmasına kömək edir. Diqqət edin, bu məkanlar təkcə ötən il 300 min qonağı qəbul edib. Bu il isə 500-600 min ziyarətçi gözləyir. Giresunun əhalisindən də çox!

Elşad Paşasoy,
Musavat.com
Bakı-İstanbul-Giresun-Ordu-İstanbul-Bakı
Foto və videolar müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR