Onlayn ictimai-siyasi qəzet
Öz milyonları ilə Donald Trampın seçki kampaniyasında fəal iştirak edən, sonda favoritinin prezident seçilməsi ilə siyasi uğur qazanan amerikalı milyarder İlon Maskın dişində şirə qalıb. İndi o, başqa ölkələrdə də seçkiyə qarışmaq, rəğbət bəslədiyi siyasi qüvvənin uğur qazanmasına çalışır.
Almaniyanın federal hökumət sözçüsü İlon Maskın “Welt am Sonntag” qəzetində dərc olunan məqaləsini "Almaniyadakı seçkilərə təsir cəhdi" adlandırıb. Həmin məqalədə Mask sağçı populist “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyir, dolayısı ilə bu partiyanın Almaniyanın idarə edilməsində ön plana çıxmasına çalışır.
Bu partiya nasizmə yaxın ideologiya daşıyıcısıdır. Partiyanın liderləri miqrantlara qarşı vaxtaşırı kəskin fikirlər səsləndirirlər, bir sıra demokratik azadlıqlara qarşı olduqlarını bəyan edirlər. Görünür, Trampın iqtidar komandasının üzvü olan Mask “Almaniya üçün Alternativ”in simasında Trampa yaxşı müttəfiq görür.
İlon Maskın sözügedən məqaləsi “Welt am Sonntag” qəzetində dekabrın 28-də dərc olunub, ona cavabı isə dünən Almaniya hökumətinin nümayəndəsi Kristian Hoffmann Berlində keçirdiyi mətbuat konfransında verib.
O vurğulayıb ki, Mask öz məqaləsində və X sosial şəbəkəsində Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarədən (BfV) “sağçı ekstremist istəklərdə şübhəli” statusu almış partiyaya səs verməyə çağırır.
Hoffman həmçinin əlavə edib ki, Maskın öz fikrini ifadə etmək hüququ var və bu hüquq “ən böyük axmaqlığa qədər uzanır”.
Kansler Olaf Şoltsun amerikalı milyarderin məqaləsinə münasibətini soruşduqda, hökumət sözçüsü bildirib ki, hökumət medianın redaksiya siyasətini şərh etməyəcəki.
İlon Musk öz köşə yazısında konkret olaraq nə yazıb?
Bildirilir ki, o, Almaniya iqtisadiyyatının “bürokratiya və boğucu tənzimləmələrlə əks olunduğu” fikrini ifadə edib. Mask Almaniya hakimiyyətinin miqrasiya və enerji siyasətini tənqid edib və AfD-nin vədlərini sadalanan bütün problemlərə cavab hesab etdiyini açıqlayıb. "Almaniya kritik mərhələdədir - onun gələcəyi iqtisadi və mədəni çöküşün astanasındadır", - deyə milyarder əminliyini bildirib.
Qeyd edək ki, Maskın qəzetin saytında dərc olunan köşə yazısı qəzetin baş redaktoru Yan Filipp Burqardın şərhi ilə birlikdə dərc edilib və bu şərhdə Maskın "diaqnozunun düzgün olduğunu", lakin onun Almaniyanı yalnız AfD-nin xilas edə biləcəyinə dair yanaşmasının "ölümcül qüsurlu olduğunu" ifadə edib.
Köşə yazısının dərcinə etiraz olaraq nəşrin rəy departamentinin rəhbəri Eva Mari Kogel istefa ərizəsi yazıb.
“Der Spiegel” jurnalının məlumatına görə, bir neçə aparıcı jurnalist də Maskın məqaləsinin “Die Welt redaksiyasında dərc olunmasına qarşı çıxıb. Jurnal yazır ki, “görünür, köşənin nəşrini “Die Welt”i nəşr edən Axel Springer-in rəhbəri Matias Döpfner təşkil edib”.
Mühafizəkar Xristian Demokrat İttifaqının (CDU) rəhbəri və Almaniya kansleri postuna ən real namizədlərdən biri olan Fridrix Merz Maskın yazısını “aqressiv və təkəbbürlü seçki müraciəti” adlandırıb. “Qərb demokratiyaları tarixində dost ölkənin seçki kampaniyasına bənzər bir müdaxiləni xatırlaya bilmirəm”.
Merz sözünə davam edərək bildirib ki, bir anlıq amerikalıların məşhur birinin eyni dərəcədə birtərəfli məqaləsinə tamamilə haqlı reaksiyasını təsəvvür etmək lazımdır. Partiya lideri deyib ki, bir alman iş adamı “The New York Times” qəzetində məqaləylə çıxış edərək Amerika prezidenti postuna autsayderin seçilməsinin tərəfdarı olsaydı, Mask kimi hərəkət etmiş olardı.
Digər alman siyasətçilər də tənqidlərə qoşulub. "Cənab Mask, Çin dövləti və ya Moskva trol fabrikləri bizim demokratik diskursumuzu pozduqda demokratiyamız zədələnir. Demokratik qüvvələr olaraq bizim vəzifəmiz bunu dayandırmaqdır", - “Yaşıllar” partiyasının kampaniya rəhbəri Andreas Audretç deyib. SPD həmsədri Saskia Esken isə “Röyter” agentliyinə müsahibəsində belə deyib: "Seçkilərimizə kənardan təsir etməyə çalışan hər kəs, AfD kimi anti-demokratik və qeyri-insani bir partiyanı dəstəkləyən hər kəs bizim güclü müqavimətimizə qarşılaşmalıdır".
Bundan əvvəl İlon Mask özünə məxsus X sosial şəbəkəsində dəfələrlə “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyib, Almaniya hökumətinin və şəxsən Olaf Şoltsun siyasətini tənqid edib.
AfD lideri Alis Vaydel
“Almaniya üçün Alternativ” partiyası Almaniyanın ortabab partiyalarındandır. Onun indilikdə təkbaşına hakimiyyətə gəlməsi mümkün görünmür. Bununla belə, bu partiya ildən-ilə öz elektoratını genişləndirir. Bunun əsas səbəblərindən biri dünyanın müxtəlif ölkələrindən Almaniyaya axışmış miqrantların yerli əhaliyə problemlər yaratması, AÜA-nın isə hakimiyyət ortağı olacağı təqdirdə miqrantları deportasiya edəcəyi barədə vəd verməsidir.
İlon Maskın məqaləsinə sərt reaksiya verilməsi göstərir ki, digər partiyalar nasizmin böyüməsinə yol vermək istəmirlər.
Araz Altaylı, Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ