İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşrut avtobuslarında istilik problemi - niyə həllini tapmır?

Eldəniz Cəfərov: “Avtobuslar sərnişinin komfortlu, təhlükəsiz daşınmasını həyata keçirməlidir, çünki öhdəliyi var”

Qışın oğlan çağında, şaxtalı günlərində də paytaxtın əksər marşrut avtobusları qızdırılmır. Bu günlər sərnişinlərdən gələn şikayətlər qənaətimizi bir daha təsdiqlədi. İnsanlar mənzil başına çatanadək bumbuz oturacaqlarda oturmalı, soyuq salonda uzaq yol getməli olurlar. Bu isə xüsusən də infeksion xəstəliklərə daha tez, yaxud təkrar yaxalanma riski deməkdir. 

Yayda hamam, qışda buz kimi olan avtobuslar haqda dəfələrlə yazılıb. Ancaq nə qədər tənqid səslənsə də, vəziyyət yaxşıya dəyişmir. Hətta bir çox hallarda standarta uyğun müasir avtobuslarda da qışda istilik, yayda sərinlik olmur. Səbəb nədir - yanacağa qənaət, yoxsa? Məgər sərnişinin ödədiyi gediş haqqına istilik və ya sərinliklə təminat daxil deyil? İnsan komfort vəziyyətdə, normal temperaturda yol getməli deyil ki? 

Qeyd edək ki, 12, 113, 191, 106 saylı avtobuslardan istifadə edən sərnişinlər bizimlə söhbətdə bildiriblər ki, adıçəkilən avtobuslarda istilik yox dərəcəsindədir, oturacaqlar da pis vəziyyətdədir. 

Yeri gəlmişkən, Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf nazirinin müavini Rəhman Hümmətov deyib ki,  hazırda Bakıda fəaliyyət göstərən 180-ə yaxın marşrut sayını 90-a endirmək lazımdır. Onun sözlərinə görə, bu prosesdə avtobusların sayı azalmayacaq, sadəcə marşrutların uzunluğu artacaq. Nazir müavini həmçinin gələn il Bakıda avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsinin planlaşdırıldığını söyləyib. “2024-cü ildə Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Gələn ildən biz Bakının küçələrində daha tez-tez yeni elektrobusları görəcəyik”, - deyə o qeyd edib.

Bundan əlavə, mövcud marşrut xətlərində avtobus problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

Ekspert: “Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var”  - 30.04.2021, Sputnik Azərbaycan

 Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan avtobusların hamısı müasir sərnişindaşıma tələblərinə cavab verməlidir. Xüsusən, yayda soyutma sistemi, qışda da istilik sistemi olmalıdır. Bu vacib tələblərdən biridir. Təəssüf ki, bəzi özəl daşıyıcılar buna əhəmiyyət vermirlər. İllərdir deyilir, amma özəl daşıyıcılar buna məhəl qoymur. Öz balanslarında olan köhnə, bugünkü standartlara cavab verməyən avtobuslarla bu daşınmanı həyata keçirirlər. Bunun səbəbini də izah etməlidirlər. 

Əlbəttə ki, gediş haqqına bunlar hamısı daxildir, daşıyıcılar sərnişini komfortlu, təhlükəsiz daşınmasını həyata keçirməlidirlər. Onlar tenderdə iştirak edəndə bu kriteriyalara cavab verəcəklərini, bu şərtlərə əməl edəcəklərini qeyd edirlər. Yəni, belə bir öhdəlikləri var". 

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Turkic World

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, avtobusların əksəriyyəti istismar müddətini başa vurub, bu səbəbdən onların istilik sistemləri işlək vəziyyətdə deyil: “Ancaq bəzilərində işlək vəziyyətdə olsa da, bundan qəsdən istifadə etmirlər. Eyni vəziyyət yayda da yaşanır, kondisioneri yandırmırlar. Başa düşürük ki, yayda kondisioner işlətdikləri zaman yanacaq sərfiyyatı artır. Ancaq burada maddi marağı güdmək doğru deyil. Nazirlər Kabinetinin müvafiq göstərişi var ki, avtobuslar istilik və sərinlətmə sistemi ilə təmin olunmalıdır. Bundan da mövsümə uyğun olaraq istifadə edilməlidir. Ola bilər ki, bəzi daşıyıcı şirkətlər hələ də elə bilirlər ki, istilik sistemini işlədən zaman da yanacaq istifadəsi artır. Sürücülərin özbaşına davranışı normal yanaşma deyil. Bu, nəqliyyat sistemində xoş qarşılanmayan haldır. Əminəm ki, onların əksəriyyətinin istilik sistemləri işlək vəziyyətdə deyil. Nəinki istilik sistemi, avtobusun elə vacib elementləri var ki, heç onlar da işləmir”.

"Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək".

Bu barədə "Yeni Müsavat"ın sorğusuna cavab olaraq  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilir ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir". 

AYNA-dan o da bildirilib ki, respublika üzrə avtobus parkının təhlili aparılır. Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur:"Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

AYNA tərəfindən yay və qış aylarında avtobuslarda temperatur rejiminə riayət olunması ilə bağlı daşıyıcılara müvafiq tapşırıqlar verilib. Məsələ tərəfimizdən mütəmadi olaraq nəzarətdə saxlanılır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR