İnsanlara hürriyət, millətlərə istiqlal!

Marko Rubio İlon Maska qarşı - İLGİNC DETALLAR

"Donald Tramp andiçmədən dərhal sonra fərmanlar imzalamağa başlayıb və sələfi Co Baydenin bir sıra qərarlarını ləğv edib".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Tramp elə andiçmə mərasimində arxasında oturan keçmiş prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını "yıxıb-sürüyüb":

"Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək?" Misal üçün, Ağ Evin yeni sahibi Panama dövlətinin ərazisindəki kanalı ABŞ-a təslim verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır.

Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarici siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər".

Politoloq xatırladıb ki, Donald Tramp Baydenin "TokTok"u qadağan edən qərarını da dondurub və bu, Ağ Ev sahibinin yaxın dostu və tərəfdaşı İlon Mask tərəfindən müsbət qarşılanıb:

"İlon Mask Trampın Çinə aid sosial media platforması olan "TikTok"u qadağan etməmək qərarını alqışlayıb. Mask qadağanın söz azadlığına zidd olduğu qənaətindədir. Buna baxmayaraq, İlon Mask Çində ona məxsus "X" platformasının qadağan edildiyini xatırladıb. Görünür, Mask Pekinin də oxşar qərar verməsinə və "X" platformasının üzərindən qadağanın götürülməsinə ümid edir. Trampın "TikTok" fəaliyyətinə icazə verməsinin şərtləri var. Birincisi, "TikTok"un ABŞ-dakı mövcud iş yerləri ixtisar edilməməli, ikincisi, sosial platformanın yalnız 50 faizi Çinə məxsus olmalıdır. Pekinin Trampın bu iki şərtini qəbul edib-etməyəcəyi yaxın aylarda məlum olacaq.

İlon Maskın Çinlə yaxınlığı Tramp komandasının digər üzvü dövlət katibi Marko Rubionun narahatlığına səbəb ola bilər. Rubio Çinin ən sərt tənqidçilərindən biridir. O, Senatdakı son çıxışında Çinin qlobal ambisiyalarını kəskin tənqid edərək Pekinin Panama kanalında iştirakını ABŞ-ın milli təhlükəsizliyinə əhəmiyyətli təhdid kimi qeyd edib. Rubio Trampın "kanalın Panamaya verilməsi axmaq qərar olub" fikrini dəstəkləyib.

Kanal qlobal ticarətin 5 faizini idarə edir və Amerikanın regional hərbi əməliyyatları, iqtisadi maraqları üçün həyati əhəmiyyət kəsb edir. Kanaldan keçən gəmilərin 70 faizindən çoxu ABŞ ticarəti ilə bağlıdır və Rubionun narahatlığı bununla əlaqəlidir. Bu baxımdan İlon Maskın Çinlə ortaq layihələri Marko Rubionun baxışları ilə üst-üstə düşmür".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR