İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqadan düşərgəsinin dəhşətləri – uran yataqlarında 450 min nəfərin həyatına son qoyulub

1930-cu illərin əvvəllərində sovet geoloqları apardıqları bir neçə illik kəşfiyyat işləri haqqında Mərkəzi Komitəyə arayış təqdim edəndə Maqadan vilayətində uran yataqlarının aşkar edilməsi ilə bağlı ayrıca bir sənəd də hazırlayıblar.

İosif Stalinin iştirakı ilə keçirilən müşavirədə uran yataqlarının istismarı ölkə üçün vacib məsələlərdən biri sayılıb. Yataqların istismarına işçi qüvvələrinin cəlb edilməsi isə ayrıca bir mövzu kimi müzakirəyə çıxarılıb. Qərara alınıb ki, uranın zəngin olduğu Maqadan vilayətinin Tenkin rayonunun ərazisində islah-əmək düşərgəsi yaradılsın və düşərgədə saxlanılanlar uran yataqlarında işçi qüvvəsi kimi istifadə edilsin.

Beləliklə, 1937-ci ildə Tenkin islah-əmək düşərgəsi öz ilk sakinlərini qəbul etməyə başlayıb.

TENKİN.jpg (121 KB)

Düşərgənin fəaliyyəti tam məxfi saxlanılıb və yerləşdiyi qəsəbə qapalı zona elan edilib. Qəsəbə “NKVD” əməkdaşlarının nəzarətinə götürülüb. Uran mədənlərinə könüllü işləməyə gələnlərdən də məxfiliyin qorunması haqqında yazılı iltizam alınıb.

Mədənlərdə könüllü işləyənlərin iş saatı 4 saatdan ibarət olub. Düşərgədə saxlanılan məhbuslar isə uran yataqlarında 12-14 saat işləyiblər. Könüllü işə gələnlər yüksək əmək haqqına görə Maqadana üz tutublar. Ancaq onların əksəriyyətinə qazandıqları pulu xərcləmək qismət olmayıb. Belə ki, 20-30 iş günündən sonra onlar xüsusi müalicə müəssisələrində şüa xəstəliklərindən həyatlarını itiriblər. 4 saat işləyənlərin səhhətində belə problemlərin yarandığı halda 12-14 saat işləyənlərin səhhətinin necə olduğunu, yəqin ki, anlamaq çətin deyil. Məhbuslar elə yataqlarda, iş başında ölüblər.

KELLE.jpg (123 KB)

Mədənlərdə işlər əsasən əllə görülüb, texnika yox dərəcəsində olub. Heç bir təhlükəsizlik tədbiri həyata keçirilməyib. Məhbusların saxlanılma şəraiti, qidalanması və iş rejimi o dərəcədə ağır və dözülməz olub ki, intihar hadisələri adi hala çevrilib.

Tenkində gündə 100 ton uran filizi istehsal etmək gücündə olan hidrometallurgiya zavodunun tikintisinə başlananda məhbusların sayı artırılıb. 30 nəfər üçün nəzərdə tutulmuş kameralarda 120-150 nəfər saxlanılıb. Bu cür şəraitdə məhbuslar normal yuxudan da məhrum olunublar.

Məhbusların qida rasionu almanların əsir düşərgələrindəki qida rasionundan qat-qat aşağı səviyyədə olub. Menyu əsasən tərəvəz tullantılarından hazırlanmış şorbalardan və 250 qram çörəkdən ibarət olub.

DENGİN.jpg (83 KB)

Tenkin düşərgəsi bəlkə də dünyada yeganə düşərgə olub ki, burada tibb xidməti fəaliyyət göstərməyib. Bu düşərgədə saxlanılanlar ən adi xəstəliklərdən ölüblər. İş qabiliyyətini itirənlər isə düşərgə nəzarətçiləri tərəfindən güllələniblər.

Tenkin düşərgəsinin dəhşətlərindən biri də burada saxlanılan məhbusların üzərində aparılan sınaqlarla bağlıdır. Hər iki-üç aydan bir düşərgəyə Moskvadan bir qrup həkim ezam olunub. Onlar məhbusların beyinlərində sınaq aparıblar. Araşdırmaçı Viktor Zelnov bu sınaqlar haqqında yazıb:

“Həkimlərin məhbuslar üzərində apardıqıarı sınaqlar cinayət əməlidir. Bu sınaqlar məxfi saxlanılıb. Düşərgədən sağ çıxa bilənlər bu sınaqlar haqqında dahşətli faktlar açıqlayıblar. Belə ki, həkimlər öz “eksperimentləri” zamanı ən adi keyidicilərdən belə istifadə etməyiblər. Kəllə sümüyü adi mişarla kəsilib. Bu cür sınaqların keçirilməsinin kim tərəfindən tapşırıldığı da məlum olmayıb. Bəzi mənbələrə görə, İosif Stalin də bu vəhşiliklərdən xəbərsiz olub. Düşərgənin texniki işçilərindən biri həkim cəlladlıqları haqqında Moskvaya məktub göndərmək istəyəndə “NKVD” əməkdaşlarının əlinə keçib və o, dərhal güllələnib. Belə bir versiya da var ki, bu sınaqlar Beriyanın tapşırığı ilə keçirilib, “NKVD” şefi beyin mərkəzi yaratmağı planlaşdırıb...”

TENKİN SON.jpg (181 KB)

Stalinin vəfatından sonra Tenkin düşərgəsinin fəaliyyətini Nikita Xruşov bir neçə dəfə Mərkəzi Komitənin iclasında müzakirə mövzusuna çevirib. Bu düşərgədə baş verən hadisələri Stalin rejiminin ən sərt və ən amansız səhifələrindən biri adlandırıb.

OYUQ.jpg (93 KB)

1956-cı ildə düşərgənin fəaliyyəti tam dayandırılıb. Maraqlı məqamlardan biri də odur ki, hələ 1953-cü ildə, Stalinin vəfatından bir neçə gün sonra düşərgə ilə bağlı sənədlərin təxminən yarıdan çoxu yoxa çıxıb. Sonrakı araşdırmalar nəticəsində düşərgədə ölənlərin, öldürülənlərin tam dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Həmçinin düşərgədə ölənlərin bir çoxlarının adı və soyadı da bilinməyib. Təxmini statistikaya görə, Tenkin düşərgəsində fəaliyyət göstərdiyi 18 il ərzində 450 min nəfər həyatını itirib, on minlərlə insan isə əlillik qazanıb.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR