Onlayn ictimai-siyasi qəzet
İki dəfə BMT TŞ-də Bakıya qarşı sənədin qəbuluna nail ola bilməyən Fransa prezidenti indi daha məkrli yola baş vurur
Fransa Ermənistanla birlikdə 21 sentyabrda Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını çağırsa da, heç nə əldə bilmədi. Təxminən bir ay öncə, avqustun ortalarında da Laçın yolu ilə bağlı BMT TŞ-yə müraciəti “daşa dəydi”, əleyhimizə sənəd qəbul olunmadı. Fransanın hər iki həmlədə uğursuzluğa düçar olması onun nüfuzuna və BMT TŞ-nin daimi üzvü kimi ağırlığına, əlbəttə ki, mənfi təsir göstərib.
Qeyd edək ki, Makron TF-1-ə müsahibəsində Qarabağda qəbulolunmaz cinayətlərin və müharibə əməliyyatlarının baş verdiyini iddia edib. Faktları təhrif edərək riyakarcasına azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqlarının tamamilə pozulduğunu bildirib. Fransa prezidenti müsahibəsində Azərbaycanın siyasətini faktiki Rusiya ilə eyniləşdirib, “şərik” adlandırıb. “İndi Azərbaycanın şəriki olan Rusiya var, onun (Azərbaycan-red.) hərəkətlərini hər zaman dəstəkləyən Türkiyə var”, - deyən Makron ölkəsinin erməni xalqının və beynəlxalq hüququn tərəfində olduğunu vurğulayıb.
İndiyədək Fransanın bəzi liderləri də müəyyən qədər ermənipərəst mövqe sərgiləyiblər. Amma onlardan heç biri qırmızı cizgiləri keçməyib. Makron isə heç bir qırmızı xətt tanımır. Azərbaycan XİN Makronun açıqlamasına etiraz edib: “Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.
Makronun bu dəfə Azərbaycanla Rusiyanı “şərik” etməsi onu göstərir ki, Fransa indi yeni həmlə haqda fikirləşir. Rusiyaya hazırda dünyada təcrid edilmiş vəziyyətdədir və sanksiyalar altındadır. Belə görünür ki, Paris indi “Azərbaycanla Rusiya birgə siyasət aparır” deyərək növbəti həyasızlığa hazırlaşır.
Makronun Azərbaycanla Rusiyanı “şərik” etməkdə məqsədi nədir? Avropa Birliyinə sədrlik edən Parisin növbəti anti-Azərbaycan və anti-Türkiyə addımları nə ola bilər?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Fransa Avropanın hərbi, Almaniya isə iqtisadi gücü hesab edilir: “Almaniya mövqeyini qoruyub saxlaya bilib. Amma Fransa Makronun vaxtında bütün mövqelərini itirdi. Son illərdə diplomatik fiqura çevrilmək həvəsinə düşdü, amma bu da tam iflasa uğradı. Hərbi və diplomatik təsir imkanları ilə Afrikanın bəzi ölkələrini nəzarətdə saxlayırdı. Oralardan da arxalarına baxa-baxa qaçdılar. Makron Avropada, hətta Fransanın özündə nüfuzdan düşüb. Son ümid yeri kimi Qafqazda nə isə etməyə çalışırdı. Burada da bütün parametrlərdə tam uğursuzluğa düçar oldu. Almaniyanı da cəlb edib, dördtərəfli vasitəçilik formatını ortaya gətirdi. Bir neçə gündən sonra bu formatda növbəti görüş gözlənilir. Bu formatın artıq heç bir önəmi yoxdur. Azərbaycan bir gün ərzində işini gördü. Türkiyə rəhbəri Ərdoğan da yeni format təklif etdi. Böyük ehtimalla proses bu formatda davam etdiriləcək. ABŞ Dövlət Departamenti bölgədə təhlükəsizliyin təmin olunması üçün yeni missiya formalaşdırmaq fikrində olduğunu bildirib. Makron ABŞ-ın bu yeni layihəsində yer almağa çalışır. Digər tərəfdən, ermənilərə kömək edə bilmədiyinə görə narahatlıq keçirir, Azərbaycanı "cəzalandırmaq" üçün yollar axtarır. Bu məqsədlə Azərbaycanı Vaşinqtonun hədəfinə çevirmək istəyir. Bunun üçün isə ən yaxşı yol Azərbaycanı Rusiyaya “yapışdırmaqdır”. Buna da cəhd göstərir. Makron hələ də başa düşmür ki, Bakı ondan fərqli olaraq hər şeyi düşünüb-daşınıb, sonra addım atır. İstənilən ölkənin, o cümlədən ABŞ-ın istənilən təzyiq və təhdidlərinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər görülüb. Makron reallıq hissini tamamilə itirib, ətrafda baş verən hadisələrə adekvat qiymət verə bilmir. Onun iki yolu qalıb. Ya boş-boş danışıqlara son verib, Azərbaycanla Türkiyənin yanında yer alıb, azacıq da olsa reputasiyasını xilas etməli, ya da dəsmal götürüb, burnu əzilib zəlil olan ermənilərin ağlaşmasına qoşulmalıdır".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Makronu bir sıra reallıqların özündən çıxardığını söylədi: “Fransanın Cənubi Qafqaza müdaxiləsi, xüsusən də Ermənistan üzərindən nüfuz etməyi səmərəsiz və uğursuzdur. İndiki kövrək məqamda, Makron hökumətinin separatizmi dəstəkləməsi regiondakı vəziyyəti daha da qızışdırır. Fransanın iki dəfə Qarabağla bağlı çağırdığı BMT TŞ iclasında fiaskoya uğraması, şübhəsiz ki, onun beynəlxalq nüfuzuna da təsirsiz ötüşməyəcək. Makronun TF-1 kanalına verdiyi müsahibəsində Azərbaycanı Rusiyaya şərik qoşması və yaxud guya xristian kəsimin hüquqlarının pozulması barədə dedikləri həyasızlıq və qərəz olmaqla yanaşı, həm də düşünülmüş hiyləgər gedişdir. Fransa prezidenti məqsədlərinə çatmaq üçün dünyanın xristian cəmiyyətlərinin diqqətini Azərbaycana yönəltmək istəyir. İnsanların dini heysiyyəti və inancları ilə siyasi alverə cəhd edir. Bu həm də dinlərarası ədavətin qızışdırılmasıdır. Sanki Makron XI əsrdə Papa II Urbanın prototipi kimi xristian dünyasını Azərbaycana qarşı səlib yürüşünə səsləyir. Halbuki Azərbaycandakı dini tolerantliq həmişə nümunə kimi göstərilib və ölkədəki bütün dinlərə bərabər şəraitin yaradılması təqdir olunub. Reallıqda isə məscidlər, dini ibadət yerləri və müqəddəs məkanlar ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. Rəsmi Paris hələ də anlamaq istəmir ki, Cənubi Qafqazın ənənəvi nüfuz sahibləri başqa bir oyunçunun burda peyda olmasına imkan verməzlər. Fransanın da elə fövqəl gücü yoxdur ki, Rusiya və Türkiyə kimi regional gücləri ermənilərin vasitəsi ilə regiondan sıxışdırıb çıxarsın. Digər tərəfdən, Azərbaycanın istər Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamaqla çoxşaxəli müttəfiqlik sazişi, istərsə də Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannaməsi var. Hər iki sənəd Azərbaycanın Türkiyə və Rusiya ilə geniş əməkdaşlıq etməsinə imkan verir. Azərbaycan da bu imkanlardan və yaranmış reallıqlardan milli maraqlarının təmini üçün məharətlə istifadə edir. Makron bu müqavilələri unudaraq Azərbaycanı Rusiyanın şəriki adlandırması dünya ictimaiyyətinin hədəfinə çevirmək niyyəti güdür. Lakin “Politico” nəşri haqlı olaraq qeyd edir ki, "10 milyon əhalisi olan Azərbaycanla Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi heç kim Azərbaycanla mübahisə yox, dost olmaq istəyir". Məhz Makronu da özündən çıxaran bu reallıqlardır. Fransanın mövqeyi və yanaşması sülhə xidmət etmir. Rəsmi Paris nə qədər regiondan uzaq dursa, bir o qədər regiona tez sülh və sabitlik gələr. Məncə, Fransanı heç Ermənistan və ermənilər də o qədər maraqlandırmır. Əgər doğrudan da Makron ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunmasını istəyirsə, onların yanında olduğunu bəyan edirsə, yaxud beynəlxalq hüququn normal işləməsini istəyirsə, o zaman ədalətli mövqe tutmalıdır. Regiona barış gətirəcək addımlar atmalıdır. Bölgənin açar dövləti olan Azərbaycanla konfrontasiyaya getməkdən çəkinməli, dostluq münasibətləri yaratmalıdır. İndiki yürüdülən siyasət isə əksinə, ermənilərin daha çox məhrumiyyətlərə məruz qalmasına, onların qonşuları və ənənəvi müttəfiqləri ilə münasibətlərinin daha da gərginləşməsinə səbəb olur. Bu baxımdan da hesab edirəm ki, Fransa və onun prezidenti ermənilərə pislik edir".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ