Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Bakıda fransız liseyinin bağlanması Fransa üçün ciddi siqnal olmalıdır”
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. Bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.
Elm və Təhsil Nazirliyindən xəbəri təsdiqləyiblər. Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.
“Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonunadək liseydə tədris prosesi davam etdiriləcək”.
Bu barədə Musavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilir ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri haqqında məlumat ala bilərlər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub. Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılırdı. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırdılar.
Məktəbin bağlanması Makron Fransasının anti-Azərbaycan kursuna bir cavabmı?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun sözlərinə görə, Bakıda Fransız Liseyinin bağlanması birbaşa Fransa hökumətinin, senatının və şəxsən prezident Emmanuel Makronun son illər ərzində Azərbaycana və onun haqq işinə qarşı apardığı ləyaqətsiz siyasətin nəticəsi kimi dəyərləndirilməlidir: “Fransanın anti-Azərbaycan siyasətinə qarşı ciddi cavab tədbirlərinin görülməsinin vacibliyi barədə şəxsən mən dəfələrlə hökumətə təkliflər ünvanlamışam və onların bu hərəkətlərinə qarşı adekvat addımların atılmasını təklif etmişəm. Təklif etmişəm ki, Fransanın bu davranışına qarşılıq olaraq "Total" şirkəti başda olmaqla, bütün fransız şirkətlərini Azərbaycandan qovmaq lazımdır. Bir qanmazlarla qandıqları dildə danışmaq tam normaldır. Özəl də olsa, bir fransız liseyinin bağlanması Fransa üçün ciddi siqnal olmalıdır.
Fransa artıq bir neçə ildir Ermənistanın vasitəçiliyi ilə Cənubi Qafqaza və təbii ki, regionun açar ölkəsi olan Azərbaycana girmək istəyir. Ancaq zora, haqsızlığa söykənən metodlarla bu regiona, xüsusilə də Azərbaycana kiminsə girməsi mümkün deyil. Azərbaycan heç kimə bu haqqı verməyəcək. Əgər biz Rusiya kimi müttəfiqimizin hərbi kontingentinin ərazimizdən çıxarılmasına qərar veririksə, Fransanın Azərbaycanın istəyi olmadan bura hər hansı bir yolla girməsi mümkün deyil. Fransa ya bunu anlamalıdır, ya da Azərbaycanla münasibətlərində yaratdığı durumun daha da dərinləşməsi və sonda fransız şirkətlərinin buradan tamamilə qovulması ilə üz-üzə qalmalıdır. Seçim Fransa hökumətinin və Makronundur. Azərbaycanda bir fransız liseyinin bağlanması, sadəcə, bir texniki məsələ deyil. Bu, Fransa hökumətinə ötürülən ciddi bir siqnaldır. Yaşayaq, görək onlar bu siqnalı anlayacaq qədər ağıllı ola biləcəklərmi".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov da bu qərarda siyasi motivləri daha çox görür: “Rəsmi məlumata görə, qərar Bakı Fransız Liseyi Təhsil Kompleksinin təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi tərəfindən qəbul olunub. Amma istənilən halda əgər on ildir fəaliyyət göstərən bir lisey indi birdən-birə iqtisadi cəhətdən səmərəli olmaması ilə bağlı əsaslandırılaraq bağlanırsa, demək ki, bu qərarın arxasında siyasi motivlər dayanır. Çünki on ildir ki, illik təhsil xərci 15-20 min olan bir təhsil kompleksində şagird sayı hətta 60 faizlik həddə olsa belə, bunun iqtisadi cəhətdən səmərəli olmadığı heç bir halda inandırıcı deyil. Liseyin məhz Fransanın Bakıdakı səfirinin geri çağırılmasından sonra bağlanması təbii olaraq bu addımın Makron hakimiyyətinin anti-Azərbaycan kursunun davamı olaraq, eləcə də rəsmi Bakının xəbərdarlığı olaraq da qəbul edilə bilər.
Məsələ burasındadır ki, Makron hakimiyyəti bir-birinin ardınca Azərbaycandan yediyi şapalaqların təsiri ilə normal düşünmək imkanlarından məhrum olub və nə edəcəyini bilmir.
Fransanın indiyə qədərki açıq-aşkar anti-Azərbaycan mövqeyinə, ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, rəsmi Bakı hər zaman dialoq qapılarını açıq saxlamağa çalışıb və ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini də bəyan edib.
Makron hakimiyyətinin atdığı addımlardan asılı olmayaraq bu gün Azərbaycanda hələ də 60-dan artıq Fransa şirkəti fəaliyyət göstərir. Fransanın tanınmış nəhəng şirkətləri olan “Total”, “Alstom”, “Suez”, “Thales”, “Danone”, “Airbus”, “Bouygues”, “İveco”, “Sanofi”, “Rothschild” uzun illərdir Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər və bu gün də fəaliyyətlərini davam etdirməklə əslində Makron hakimiyyətinin anti-Azərbaycan mövqeyini bölüşmədiklərini nümayiş etdirirlər.
Eyni şəkildə Azərbaycan da burada fəaliyyət göstərən Fransız şirkətləri ilə münasibətləri dərinləşdirərək bizim problemimizin Fransa ilə deyil, konkret olaraq Makron hakimiyyəti və ölkəmizə qarşı sərgilənən davranışla bağlı olduğunu nümayiş etdirir. Elə ötən ilin yayında Xəzərdəki “Abşeron” qaz-kondensat yatağında 12 il sonra ilk təbii qazın hasilatına başlanılması və həmin yataqdan qazın hasilatının Fransaya məxsus “Total Energies” şirkətinə verilməsi bunun bariz sübutudur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ