Onlayn ictimai-siyasi qəzet
Bu mövzuda bir müddət əvvəl yazmışdım. Sonradan Avropadakı diasporamızın fəal üzvlərindən birindən öyrəndim ki, yazımızı fransızcaya tərcümə etdirərək Makronun elektron poçtuna yollayıb, sağ olsun! Amma belə görünür ki, nə bizim ictimai etirazımız, nə dövlətimizin sərt addımları Ermənistanın “böyük bacısı”nı yanlış yoldan döndərə bilir, daha absurdlara, biabırçılıqlara baş vurmaqdadır, Makron Fransası...
Real TV və CBC TV-nin əməkdaşlarının Fransadan hazırladıqları reportajları canlı izlədim. Bir Avropa ölkəsi adına utanc gətirən hərəkətlərdir. Evian-le-Bən şəhərində, Leman gölü sahilindəki “Azərbaycan parkı”nda elə vandallığa əl atıblar ki, Qarabağda vandallıq eləyən erməni faşistləri sanki kölgədə qoymağa çalışıblar. Kim bilir, bəlkə elə məqsədli törədiblər, Azərbaycan dövləti Ermənistanın 30 il ərzində etdiklərini unutsun, diqqəti “fransızsayağı vandalizm”ə yönəltsin deyə...
Axı Fransa mədəniyyəti Allah qoymasa nümunə olub bir çoxlarına. Elə isə bu, nə deməkdir? 2017-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə “qardaşlaşmış” Fransanın Evian-le-Bən şəhərindəki Azərbaycan parkı kimin dədəsinin qoruğuna və ya gözünə giribmiş ki, ondan belə qisas alıblar? Azərbaycanı sarsaqsacına guya “erməni mədəni irsini” dağıtmaqda ittiham edən Makron Fransası Azərbaycan parkındakı Azərbaycan elementlərini yığışdırmaqla nəyə nail olmaq istəyib? Guya Fransada Azərbaycan parkı olmasa, nə olasıdır ki? BMT Təhlükəsizlik Şurasında bir-birinin ardınca ölkəmizə qarşı qərar qəbul etdirməyi bacarmayan Makron siyasəti Azərbaycan parkından qisas alır, utanıb-qızarmadan! Telekanalların efirindən xan qızı Xurşidbanu Natəvanın abidəsinin durumunu izlədim. Bu abidə də Evian-le-Bən şəhərindəki parkda 2017-ci ildə qoyulub. Niyə məhz Natəvanın abidəsi? Səbəbsiz deyil.
Fransız yazıçısı Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı Azərbaycan ərazisində də olub. Səfər zamanı yazıçı Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur. Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır və mat qalır, sözün hər iki mənasında. Tarixi mənbələrə görə, 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızca: İmpressions de Voyage Le Caucase) Parisdə çap olunub.
Yəni Fransa şəhərində azərbaycanlı şairənin abidəsinin qoyulması tam məntiqlidir. Amma Fransa hökuməti son illərdə Azərbaycana qarşı o qədər məntiqsiz və əsassız davranıb ki, artıq onun siyasətində məntiq axtarmağın mənası qalmayıb. Natəvan fransız olsaydı və onun abidəsi İsmayıllıdakı “fransız parkı”nda qoyulsaydı, o abidənin üzərinə bizlərdən kimsə boya atardımı? Yox, çünki biz mədəniyyətsiz deyilik! Biz bu qədər cılızlığa getmərik! Biz hansısa davanı aparıb heykəllərə qarşı çevirmərik. Hətta Bakının mərkəzindəki erməni kilsəsinə, onun içərisindəki 5 min ermənicə kitaba qarşı da mədəniyyətimizə uyğun səviyyədə tolerant yanaşırıq. Özünü “ən mədəni”, “ən demokrat” sayan Fransa isə Natəvanın abidəsinə qarşı bu cür alçaqlığa göz yumacaq qədər aşağılıq nümayiş etdirdi. Sənin TIR-ların Qarabağa buraxılmadısa, müdafiə etdiyin xunta rejiminin kökü kəsildisə, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması arzun gözlərində qoyuldusa, burada Natəvanın abidəsinin günahı nədir? Olmaya Makron Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızından məhz Qarabağdakı erməni separatçılarına görə qisas alır? Yoxsa adam bu vandallığa niyə sussun? Necə olur ki, ermənilər asqıran kimi reaksiya verən Fransa rəhbərliyi burunlarının qabağında baş vermiş bu cür alçaqlığa münasibət bildirməyiblər? Eyni hal Azərbaycan yox, erməni şairi, ya parkı ilə bağlı baş versə, indi xoruzların ban səsindən gecə-gündüzümüz yox idi...
Açığı, adam qalır mat-məəttəl. Bəlkə Makron Natəvanın Dümanı mat eləməsinin heyfini çıxmaq istəyib? Ya... Axı Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”u var. Bəlkə ermənilər Fransa rəhbərliyini inandırıblar ki, o vaxt Parisi partladan “azərbaycanlı dərviş Məstəli şah olub”. Bəlkə kimsə Fransa səfirliyinə çatdırsın ki, bu, bir zarafatdır, biz heç vaxt Parisi partlatmamışıq, Axundov zarafat eləyib...
Bunlarda belə sifət var, günün birində İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatındakı iştirakı ilə fransızları belə heyrətləndirmiş Əhmədiyyə Cəbrayılovun xatirəsinə də sayğısızlıq edə bilərlər, axı oğlu Mikayıl Cəbrayılov Qarabağda erməni faşistlərə qarşı döyüşüb, Azərbaycanın Milli Qəhrəmanıdır.
Makron Fransası bu gün onu ağır dönəmlərdə xilas edən Əhmədiyyə Cəbrayılovun vətənini yox, dünya müharibəsində Hitler Almaniyasına xidmət edən faşist Njdesinin ölkəsinin, hətta ona qoyulmuş abidələrin müdafiəsinə qalxır! Bu, insanlıq adına həqarətdir!
Fransa hardan-haraya gəldi. Bu ölkəni haraya gətirdilər... Hələ iki əsr əvvəl Dümanın belə hörmət etdiyi Natəvana, onun abidəsinə münasibətə baxın. Utanc gətirən haldır. Natəvanın abidəsini qırmızıya boyayan “mədəniyyət dağarcıqları”nı cəzalandırmaq əvəzinə, hələ abidənin götürülməsi müzakirəsi açıblar. Olmaz olsun bu “qardaşlıq!” Natəvanın sellofana bükülmüş abidəsini gətirib elə onun yurdunda qoymaq lazımdır, Fransaya növbəti dağ olsun deyə! Vaxtilə erməni faşistləri də Natəvan, Bülbül və Üzeyir bəyin abidələrinə qarşı eyni davranmışdılar. İndi Şuşadadır o abidələr, Fransa səfirinin hələ də ayaq basmadığı ünvanda! Yanıb-yaxılırlar, Şuşaya, Xankəndiyə, Xocalıya... görə, ona görə də heykəllərimizdən qisas alırlar, cılızlar!
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ