Onlayn ictimai-siyasi qəzet
Makron Fransasının Azərbaycana qarşı proksi müharibəsi, onun tərkib hissəsi kimi informasiya savaşı davam edir. Lakin Ermənistan vasitəsilə Güney Qafqaza soxulmaq istəyən Parisin planları hər dəfə regionun həlledici dövlətinin ciddi müqaviməti nəticəsində puç olmaqdadır.
Fransa isə bölgəyə həm də guya Ermənistana Azərbaycan tərəfdən hücum təhlükəsi olması haqda uydurmanı tirajlayaraq yerləşməyə çalışır. Üstəlik, kapitulyant ölkəni silahlandıran ölkələrin önündə getməklə Paris İrəvanla Bakı arasında sülh sənədinin imzalanmasını çətinləşdirir, çünki silahlanan Ermənistan revanşist ovqata köklənərək konstruktiv mövqe tutmağa meyllənmir.
Bu arada Fransa Hərbi Hava Qüvvələrinin polkovniki Bruno Kuhn “2024 APRI Forumu”nda çıxışı zamanı Parisin Azərbaycanla, Cənubi Qafqazla bağlı siyasətini faş edən fikirlər söyləyib. Sitat: “Cənubi Qafqazdakı proseslərdə iştirak etmək Fransanın əsas siyasi məqsədlərindən biridir. Fransa Ermənistana kənardan hücumu (Azərbaycan nəzərdə tutulur - red.) imkansız səviyyəyə çatdırmaq istəyir. Paris Azərbaycanın Ermənistan-Fransa hərbi razılaşmaları ilə bağlı ”aqressiv" bəyanatlarından təəssüf və narahatlığını bildirir. Yeni Kaledoniyada etirazların başlamasına bir həftə qalmış Yeni Kaledoniyalı deputatlardan biri Bakıya səfər edib. Fransa Azərbaycanın bu iğtişaşlarda əli olduğuna inanır. Fransa hakimiyyəti bu istiqamətdə işləyir".
Makron Fransasının bu aqressiv və ağılsız siyasəti əlbəttə ki, həm də Azərbaycanın əsas strateji müttəfiqi Türkiyənin regiondakı yerini laxlatmaq məramından qaynaqlanır, nəinki Ermənistanı müdafiə etmək məramından.
Belə cəhdlər daha nə qədər davam edəcək? Makronun hakimiyyətdən gedişi ilə Azərbaycanla düşmənçilik bitəcəkmi?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın son dövrlər sərgilədiyi qətiyyətli mövqe, xüsusilə də müstəqil xarici siyasət və Cənubi Qafqazda uzun onilliklər ərzində bu bölgəni nəzarət altına almaq istiqamətində beynəlxalq səviyyədə gedən mübarizədə Fransanın destruktiv rolunun ifşa edilməsi istiqamətində Bakının atdığı addımlar Paris tərəfindən kəskin qarşılanıb. Xüsusilə Makron hakimiyyəti dövründə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirə biləcək çox yanlış addımlara yol verilib. Azərbaycanın ərazi bütövlüyünü təmin edib dövlət suverenliyini təmin elədikdən sonra Fransanın Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və bölgəyə təsir imkanlarını formalaşdırmaq istiqamətində fəaliyyətinə çox ciddi zərbələr vurulmuş oldu. Çünki digər rəqibləri ilə müqayisədə Fransanın əsas istinad nöqtəsi məhz Ermənistandır: “Fransa Ermənistana işğal nəticəsində əldə etdiyi nəticələri vəd etməklə Ermənistan üzərindən özünün imperiya maraqlarını qoruyub saxlamağa çalışırdı. Amma Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 23 saatlıq anti-terrror tədbirləri ilə Fransanın və bir sıra Qərb paytaxtlarının verdiyi vədlər puça çıxdı. Bununla da həmin dövlətlərin, xüsusilə də Fransanın bölgədəki öz maraqlarını təmin etmə rıçaqları zəifləmiş oldu. Təbii ki, Fransa kimi imperiya təcrübəsi olan və bu gün də müstəmləkəçilik siyasətini həyata keçirməyə çalışan dövlət Azərbaycanın bu davranışlarını, müstəqil iradə nümayiş etdirməsini bağışlamayacaqdı. Bu, gözlənilən idi. Bunun nəticəsidir ki, son illər biz Fransa tərəfindən absurd, reallıqlara qətiyyən uyğun olmayan, beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən açıqlamalar eşitməyə başladıq. Təsadüfi deyil ki, son dövrlər də Azərbaycana qarşı qarayaxma kampaniyaları ard-arda xarakter daşımaqdadır. Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi təhlükələrinin olduğuna işarə edilməsi Azərbaycanın aqressor ölkə olması fikrini yaratmağa hesablanıb. Bununla guya Ermənistanın qorunmağa məcbur olan tərəf olduğu rəyini dünyada formalaşdırmaq məqsədi güdülür”.
Politoloq qeyd etdi ki, Azərbaycanın absurd ittihamlara məruz qoyulması Fransa neoimperializm siyasətinin növbəti təzahürüdür. Bu proses Makron hakimiyyətinin yaxın zamanlarda keçiriləcək seçkilərdə iqtidardan gedəcəyindən sonra da davam edəcək. Çünki Fransa dövləti tarixi imperiya ənənələrini qoruyub saxlamağa çalışan, imperiya düşüncəsindən xilas olmağı bacarmayan, imperiya ərazilərini azad etməyi qəbul eləməyən dövlətdir: “Ona görə də hesab edirəm ki, Fransa bu çirkin siyasətini davam etdirəcək. Demokratiya pərdəsi ilə özünü pərdələyən Fransa Azərbaycanın yaratdığı yeni reallıqları asan qəbul etmək istəmir. Fransa Azərbaycanın yaratdığı reallıqları nə qədər tez qəbul edəcəksə bir o qədər dünyamız, bölgəmiz və Fransa maraqları üçün uğurlu olacaq. Amma Fransa yanlış siyasətindən, qarayaxmalarından əl çəkməyəcəksə hesab etməsin ki, Azərbaycan 1990-cı illərdəki yeni müstəqillik əldə etmiş zəif dövlətdir və onların təzyiqləri qarşısında geri çəkiləcək. Fizikanın təsir əks təsirə bərabərdir qanunu siyasətdə Fransa-Azərbaycan münasibətlərində tam olaraq doğrultmaqdadır və davam edəcək. Fransa hansı münasibəti görmək istəyirsə məhz o münasibəti görəcək. Fransa Azərbaycana hansı pəncərədən baxacaqsa eyni münasibəti özünə qarşı görməyə hazır olmalıdır. Azərbaycanla yuxarıdan aşağı baxmaq siyasəti qurmaq mümkün deyil. Fransa Cənubi Qafqaz siyasətində uğur qazanmaq istəyirsə Azərbaycana qarşı yürütdükləri siyasəti əsaslı şəkildə dəyişməlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ