İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron bizdən Müsyö Jordanın heyfini çıxır? “Paris-2024”-ün açılış törənindəki rəzalətin səbəbi...

Fransa - neokolonializm siyasətinin davamında israr edən respublika;

Fransa - Əlcəzairdə soyqırım törətmiş ölkə;

Fransa - öz ölkələrini savunan əlcəzairli liderlərin kəlləsini Parisdə muzey eksponatı kimi saxlayan, geriyə verməyən idbar dövlət;

Fransa - nəinki Korsika və Bask bölgələrində, dənizaşırı dedikləri çox uzaq yerlərdə xalqların hüquq və azadlıqlarını boğan, sərvətlərini talayan respublika;

Fransa - Hitler Almaniyasına ən urvatsız məğlub olan ölkə;

Fransa - son yüzillikdəki ən böyük liderləri General Şarl De Qollun, alman işğalı illərində 2 ay bizim Bakıda (Qız Qalasının yanında - pəncərəsi Neftçilər prospektinə baxan binada) iqamət etdiyini (“gizləndiyi” yazmaq istəmədim) unudan ölkə…
O ölkə ki, General Prezidentləri Azərbaycan kökənli döyüşçü Əhmədiyyə Cəbrayılovun (22.09.1920, Oxud, Nuxa (Şəki) – 11.10.1994, Şəki)

Fransa üçün tarixi qəhrəmanlıqlarını unutmazkən, onun nəvələri bunu “unuda bilir”…

Ermənilər Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, partizan, leytenant Əhmədiyyə Cəbrayılovun asayiş keşikçisi olan oğlu - baş leytenant Mikayıl Cəbrayılovu 1990-cı il dekabrın 15-də Xocalıda niyə qətl etmişdi? - Hansısa fransız bu barədə azca maraqlanıbmı?..

Fransanın “vəsf”ləri bununla bitirmi? Avropa üçün, dünya üçün etdiyi urvatsız hərəkətləri bitməyən bir ölkədən danışırıq - keçmişdəki yaradıcılıq ruhları əxlaqi aşınmaya uğramış ölkədən… - Ən azı “Müsyo Jordan dönəmi”ndən Qafqaza girməyə, burada möhkəmlənməyə çalışan, bunu bacarmamağının acığını bir başqasından yox, bizdən çıxmağa çalışan ölkə…

Bəli, Fransa çağdaş respublikaçılığın, demokratiyanın vətəni olub - amma indi o respublika institutu da öz mahiyyətini itirib, təhdid alətinə çevrilib. Respublikaçılıq müstəmləkəçiliyi qəbul etməməlidir! Respublikaçı ruhu ikili standartı yaxına qoymamalıdır; demokratik institutlar işğalçını müdafiə edib, işğala uğramış tərəfi ittiham edərmi? Təsəvvür edin: fransız parlamentinin hər iki qanadı, bir vaxtlar Xankəndi və çevrəsində yuvalanmış bir ovuc separatçını Ermənistandan da, Rusiyadan da daha çox savunaraq, “müstəqil dövlət” kimi tanımaq haqqında qərar qəbul etmişdi - son 4 ildə iki dəfə belə sarsaq müzakirə aparan, bizi qondarma (və keçmiş!) “DQR”i tanımaqla təhdid etmiş respublikada respublikalıq, demokratiya qalarmı?.. Məgər respublika, demokratiya beynəlxalq hüquqa qarşıdır? Fransa Təhlükəsizlik Şurasının daimi üzvü olduğu BMT-nin qərarlarına qarşıdır məgər?..

Və nəhayət!

Demokratik ölkə idmanı siyasətə, siyasəti idmana qatarmı? XXXlll Yay Olimpiya Oyunlarının açılış törəninin Fransanın dövlət kanalında canlı yayınında Azərbaycanı “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi tanıtmağın adı, amacı nədir? Hanı sənin ciddiyyətin, urvatın, dövlət ərkanın, dövlətçilik əsalətin? Nədir? - Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməyini sinirə bilmirsiz?..

Fransa bu gedişlə ancaq üzüaşağı gedə bilər. “Paris-2024”-ün açılış törəni bunu bir daha göstərdi…

Fransa dənizaşırılardan uzaqlaşıb, yaxın-uzaq ölkələri sancmaqdan əl çəkməsə və öz “misaki-milli”sinə yığışmasa gələcəyi çox bərbad olacaq...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR