Onlayn ictimai-siyasi qəzet
İranın keçmiş prezidenti, qarşıdakı seçkilərdə prezidentliyə namizədliyini irəli sürmüş Mahmud Əhmədinejat xalq arasına çıxıb və yüksək ilgi toplayıb.
Musavat.com xəbər verir ki, yerli müşahidəçilər bu hadisəni bir növ gövdə göstərisi kimi qarşılayıblar.
Mahmud Əhmədinejat İranın 6-cı prezidenti olub və Qərbə qarşı özünün sərt xətti, qərarları ilə fərqlənib.
Qəza nəticəsində həlak olan İranın 9-cu prezidentinin yerini almaq üçün artıq qeydiyyat tamamlanıb, yarış başlayıb. 28 iyunda keçiriləcək seçkilərdə şanslı namizədlərdən biri də Əhmədinejat sayılır.
Seçkilərdə iştirak edəcək iddiaçılar sırasında İran siyasi elitasının nümayəndələri Səid Cəlili və Əli Laricaninin də adları var.
Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. Rəisi kimi Məşhəd qrupundan hesab olunur. Hazırda Sistemin Məsləhətini Müəyyən edən şuranın üzvüdür. Eyni zamanda uzun müddət Ali Dini liderin aparatında şöbə müdiri işləyib, dini liderə yaxın şəxs hesab olunur. Bu günə qədər seçkilərin favoritlərindən biri hesab olunur. İran-İraq müharibəsində bir ayağını itirən Cəlili “diri şəhid” adlandırılır, mühafizəkar qanadda xüsusi nüfuza malikdir.
Daha əvvəl xarici işlər naziri və parlament spikeri postunu tutmuş Əli Laricani hərbçi keçmişi var, “Sepah” generalıdır. Daha əvvəl dini liderin yaxınında yer alırdı. Qardaşı Sadiq Laricani isə ali məhkəməyə rəhbərlik edirdi. Lakin son illərdə Laricani qardaşlarının ulduzu sönüb. Hətta keçən seçkilərdə ilk mərhələdə onun namizədliyini “şura” qeydə almaqdan imtina etmişdi. Əgər elita bu dəfə “yaşıl işıq” yandırarsa əsas namizədlərdən biri Əli Laricani olacaq.
Daha bir iddialı namizəd Tehranın mühafizəkar meri Əlirza Zəkanidir. Sərt xətt tərəfdarı olan Zəkani seçilmə şansı yüksək olan şəxslər arasında yer alsa da, onun şansı mühafizəkar qanadın dəstəyindən asılı olacaq.
İslahat qanadından da bir neçə şəxs iddiasını ortaya qoyub. Bunların arasında İran parlamentinin keçmiş vitse-spikeri Məsud Pezeşkiyan və iqtisadçı, Milli Bankın keçmiş sədri Hemməti də var.
Qayıdaq küçələrdə gövdə göstərisi sərgiləyən Mahmud Əhmədinejata.
Musavat.com-un məlumatına görə, Ali Dini liderin ona yenidən şans tanıması ehtimalı azdır.
@@TVmusavat/87931@@
Əhmədinejat son illərdə İranda mühafizəkar qanadın qəzəbini qazanıb. Bur sıra qalmaqallı hərəkət və açıqlamaları ilə gündəmə gələn eks-prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınsa belə, onun yenidən prezident kürsüsünə qayıtması o qədər də yaxın ehtimal sayılmır. Amma Şərq "incə məsələ"dir. Xüsusi ilə İranda hər şey ola bilər. Cəmi 20 gün sonra İran özünün yeni prezidentini seçəcək.
Seçilməsə, indi onunla selfi çəkdirmək üçün sıraya duran gənc iranlılar bir müddət sonra M. Əhmədinejatın varlığını da unudacaqlar.
Son olaraq: Musavat.com bildirir ki, İrandakı 28 iyun seçkilərində iştirak edəcək namizədlərin adları artıq açıqlanıb. Mahmud Əhmədinejat həmin sırada yoxdur. Onun "küçə pəhlivanlığı" özünə qaldı.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ