İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan yavaş-yavaş NATO-dan uzaqlaşdırılır

Latviyanın paytaxtı Riqada “Buxarest doqquzluğu”na daxil olan dövlətlərin başçılarının görüşü baş tutub. (Şərqi Avropanın NATO üzvü doqquz ölkəsinin yaratdığı birliyin adı belədir).

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, belə tədbirlər tarixində ilk dəfə görüş Macarıstansız keçirilib. Bu ölkənin prezidenti Tamas Sujok Riqaya gəlməyib. Beləliklə, təsdiqlənib ki, Macarıstan NATO və Aİ-nin müxtəlif format və strukturlarına üzvlükdən məhrum edilməkdədir. Buna səbəb adı çəkilən ölkənin faktiki lideri, baş nazir Viktor Orbanın xroniki inadkarlığının “cəzalandırılması”na başlanmasıdır. Avropa mediası son günlər bu barədə fərziyyələr səsləndirir.

“Buxarest doqquzluğu” nisbətən gənc birlikdir, 2014-cü ilin iyulunda Ukraynada baş verən hadisələrə reaksiya olaraq yaradılıb. Birliyə Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Çexiya, Latviya, Litva və Estoniya ölkələri daxildir. Bunlar keçmiş “Varşava paktı” ölkələri və Baltikyanı ölkələrdir. “Buxarest doqquzluğu”nun vəzifəsi ona daxil olanların müdafiə siyasətini koordinasiya etməkdir.

“Buxarest doqquzluğu” dövlətlərinin rəhbərləri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı, habelə Rusiya Federasiyası, Belarus və ya Ukraynaya yaxın olan ölkələrlə bağlı müdafiə məsələlərini müzakirə etmək üçün toplaşıblar. Təsadüfi deyil ki, Riqada keçirilən tədbirdə alyansa yeni qoşulan ölkələrin başçıları, Finlandiya prezidenti Aleksandr Stubb və İsveçin baş naziri Ulf Kristersson da iştirak edib. Sammitin digər qonağı, NATO-nun baş katibi Yens Stoltenberq Latviya prezidenti Edqars Rinkeviçlə keçirdiyi birgə mətbuat konfransında “regionun bölünməz təhlükəsizliyi”ndən danışıb. Məhz bu toplantıda Stoltenberqdən Rusiya NATO üzvlərindən birinə hücum edərsə, alyansın necə reaksiya verəcəyi barədə soruşublar. Stoltenberq deyib: “NATO onun bir hissəsi olan hər kəsi müdafiə etməyə hazırdır”. O, deyib ki, müttəfiq dövlətlərdən birinə hücum olarsa, alyansın kollektiv özünümüdafiədən bəhs edən 5-ci maddəsi avtomatik olaraq qüvvəyə minəcək. “Bundan əvvəl hər hansı yekdil qərara ehtiyac yoxdur. Bizə yalnız hərbi qüvvələr və resurslar lazımdır”, - Stoltenberq bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR