Onlayn ictimai-siyasi qəzet
Fransanın təsir zonasında olan “cırtdan ölkə” Azərbaycana qarşı yanlışını başa düşdümü? Ermənistanın şər-böhtanlarına səs verənlərin London görüşündən sonra öz davranışlarına korrektələr edəcəyinə ümid yaranıb
Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammitində Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun baş naziri Lyuk Fridenlə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Yayılan məlumatlardan aydın olur ki, Lüksemburqun baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb. Lüksemburqun baş naziri COP-29-da iştirak etmək niyyətində olduğunu deyib. “Turan” yazır ki, Lüksemburqun xahişilə baş tutan görüş iki ölkə arasındakı gərgin münasibətlər fonunda keçirilib. “Azərbaycan və Lüksemburq arasında münasibətlər Lüksemburqun 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpası üzrə hərəkətlərini dəfələrlə pisləməsi səbəbindən gərginləşib. Baş nazir Fridenin görüşlə bağlı xahişinin motivləri aydın deyil. Analitiklər ehtimal edirlər ki, ola bilsin ki, Lüksemburq gərginliyi azaltmağa yönəlib. İlham Əliyev və Fridenin görüşü gözlənilməz olsa da, sammitin Avropa ölkələri arasında dialoqa və əməkdaşlığa yardım üzrə geniş məqsədlərinə uyğundur” deyə, məlumatda bildirilir.
Yada salaq ki, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı illərdə bu “cırtdan” ölkə bir neçə anti-Azərbaycan qətnaməsi qəbul edib. Son olaraq mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsi Bakının ciddi etirazına səbəb olmuşdu. Sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması “unudulmuşdu”. Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdi. Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir.
Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler isə Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirmişdi. Azərbaycan Respublikasının Milli Məclisi Klod Vislerin fikirlərinə sərt etirazını bildirmişdi. Qeyd olunmuşdu ki, Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir: “Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında ”fransız üslubu"nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər". Milli Məclis faktları xatırlatmaqla vurğulamışdı ki, mövcud reallıqları isə təhrif etmək mümkün deyil: “Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və Yer üzündən silinib. Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib”. Xatırladılmışdı ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edib. “Bu gün Lüksemburqdan dörd dəfə böyük olan ərazilər böyük səylər hesabına bərpa olunur və yenidən qurulur. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır”, bəyanatda vurğulanırdı. “Otuz illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır. Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının isə regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə çalışdığı şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz ”dəstəyini" başqa istiqamətlərə yönəltməyi şiddətlə tövsiyə edirik", daha sonra bildirilirdi. Heç şübhəsiz ki, “daş qayadan heç nə apara bilməzdi”, üstəlik, Lüksemburq öz yerini bilməli, Fransanın təsiri altında apardığı yanlış siyasətin bumeranq effekti verəcəyini anlamalı idi. Daha çox Fransanın təsiri altında olan bu ölkənin baş nazirinin Azərbaycan Prezidenti ilə görüş istəməsi münasibətlərin normal məcraya qayıda biləciyinə ümid verir. Həm də Fransanın “xoşbəxt etdiyi” xalqlar bu gün Azərbaycana pənah gətirir, Fransanın koloniyası olmaqdan imtina edir və vahid cəbhədə birləşdirlər, Lüksemburq bu reallığı anlamamış deyil. Bu yerdə, Lüksemburq baş nazirinin regionda balanslı siyasət yürütmək barədə dedikləri də diqqət çəkir. Müraciət etdiyimiz ekspertlər mövzu ilə bağlı maraqlı şərhlər verdilər.
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında münasibətlərin hazırki durumunu normal qiymətləndirdi: “Lüksemburqun baş nazirinin Azərbaycanın Prezidenti ilə görüşmək istəməsində, bu ölkənin son 4 ildə bizə yanaşmada yeritdiyi qərəzli siyasətə rəğmən cənab İlham Əliyevin də görüşə razılıq verməsində qeyri-adi heç nə yoxdur. Biz elə bu son vaxtlarda Birləşmiş Ştatlar kimi nəhəng dövlətlərin də timsalında görmüşük ki, Azərbaycanla öncə hədə dilində danışıb, sonra da hansı addımları atıblar. Bizimlə qərəzli, ədalətsiz bəzən düşməncəsinə davranışlarına baxmayaraq heç kimlə körpünü yandırmaq istəməməyimiz isə Ulu Öndər Heydər Əliyevin ”Çalışıb düşmənlərimizi neytrallaşdırmalı, neytralları dosta çevirməli, dostları müttəfiq etməliyik" məntiqinə dayanır. Konkret olaraq Lüksemburq baş nazirinin görüş istəyinə razılıq verilməsinə gələndə, burada “bağışlamaq böyüklərə xas keyfiyyətdir” deyimi də keçərlidir. Və əlbəttə, biz istərdik ki, ikinci Qarabağ savaşındək aramızda heç bir problem olmayan bu ölkə baş nazirlərinin dediyi kimi, regionumuzdakı proseslərə yanaşmada, balanslı siyasət yeritsin. Amma bu, həm asan, həm də çətindir. Ona görə asandır ki, bir daha vurğulayıram, Azərbaycan bizə yanaşmada qərəzli siyasət yeritməsi üçün Lüksemburqaheç bir əsas verməyib. Ancaq balanslı siyasət, həm də müstəqil siyasət deməkdir. İndiyədək Azərbaycana qarşı bütün addımları məhz Fransanın təsiri və təzyiqi altında atan Lüksemburq, rəsmi Paris mövqeyini dəyişmədiyi təqdirdə, bundan sonra balanslı siyasət yeritməyi bacaracaqmı, açığı, mənim buna şübhəm var. Zaman göstərəcək".
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov hesab edir ki, Azərbaycan haqqında dünyada cırtdan dövlət kimi tanınan Lüksemburq kimi bir ölkənin parlamentinin qərəz və böhtanla dolu qətnamə qəbul etməsinə və parlament sədrinin qərəzli fikirlər səsləndirməsi yanlış idi: “Lüksemburq boş-boşuna Azərbaycanla münasibətləri zədələdi. Azərbaycanın əleyhinə müxtəlif ittihamlar səsləndirən Lüksemburq Fransanın təxribatlarının təsiri altındadır. Lüksemburq fransızdilli ölkədir, Aİ çərçivəsində bir çox qərarlarını Fransa direktivi ilə edir. Belə bir ölkənin rəhbərinin cənab Prezidentlə görüşmək istəməsi, ölkəmizin qlobal siyasi gücə çevrilməsi ilə bağlıdır. Bütün anti-Azərbaycan qüvvələr güclənən Bakı faktorunu artıq qəbullanmaq məcburiyyətindədir. Lüksemburqun regionda balanslı siyasət yeritməklə bağlı mövqeyi bundan sonrası üçün pozitiv ümidlər yaradır”.
Qafar Çaxmaqlı
Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı isə münasibətlərin əvvəlki dövrünə nəzər saldı: “44 günlük müharibə zamanı Azərbaycanın möhtəşəm qələbəsi bəzi Avropa ölkələrinin ”kürkünə birə salmışdı". Açıq xristian təəssübkeşliyi ilə Azərbaycana qarşı qərəzli hərəkətlərin heç nəyi dəyişdirməyəcəyini nəhayət anladılar, amma bu sayaq ölkələr Fransanın təsiri dən hələ də xilas ola bilmirlər. Bununla belə, başa düşürlər ki, beynəlxalq hüquq fərqli yanaşma tələb edir". Lüksemburqun baş nazirinin Prezident İlham Əliyevlə görüşünə gəlincə, Q.Çaxmaqlı qeyd etdi ki, onların diqqətinə yanlış siyasətlərini çatdırmaq üçün görüşülə bilər: “Həmçinin Lüksemburqdan parlamentdə qəbul etdikləri sənədləri dəyişdirməyi sərt şəkildə tələb etmək olar, bu, başqalarına da dərs olar”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ