Onlayn ictimai-siyasi qəzet
Belarusda prezident seçkisinə az qalmış siyasi vəziyyətin gərginləşdiyi sezilir. Bəllidir ki, Lukaşenko hakimiyyətinə qarşı Qərbin planları var və bu seçkidə reallaşdırmağa çalışacaqlar. Bunun konturları da artıq görünür.
Belə bir vaxtda Aleksandr Lukaşenko Belarusun nüvə silahına malik olduğunu təsdiqləyib. Lukaşenko qeyd edib ki, Belarusda ondan çox nüvə başlığı var.
“Batka” bu nüvə silahlarını kimdən və necə alıb? Rusiyadan, yoxsa Şimali Koreyadan? Və seçkilərdə hakimiyyətinə, Ukrayna müharibəsindən dolayı ölkəsinə təhdid yaranarsa, bundan istifadə edə bilərmi? Yoxsa Lukaşenko, sadəcə, siyasi blef edir?
Arzu Nağıyev
Deputat Arzu Nağıyev “Batka”nın açıqlamasını təsadüfi saymır: “Belarusda prezident seçkisinə az qalmış siyasi vəziyyətin gərginləşməsi o qədər də nəzərə çarpmır. Çünki hər hansı bir müxalif qüvvə, yaxud digərləri Belarusda belə çıxışlar etmirlər. Təbii ki, xaricdə yaşayan və vaxtilə müxalif qüvvə kimi tanınan bir sıra siyasətçilər bu məsələni gərginləşdirə bilərlər. Düşünürəm ki, bunun arxasında yenə də Qərb durub. Məlumdur ki, Qərbin Lukaşenko hakimiyyətinə qarşı öz siyasəti var. Bu, məkrli siyasətdir. Ötən seçkilərdə də biz bir daha gördük ki, Qərb ciddi şəkildə çalışır ki, Lukaşenko hakimiyyətini iqtidardan uzaqlaşdırsın, özlərinin istədiyi şəxsi orada hakimiyyətə gətirsinlər. Çünki bu uzun müddət mümkün olmadı. Ona görə ki, Lukaşenko doğrudan da öz üzərinə düşən funksiyaları tam şəkildə yerinə yetirə bilən çəkili bir siyasətçidir. Bu həm iqtisadi, həm siyasi, həm hərbi, həm də digər istiqamətlərdə özünü göstərməkdədir. Son zamanlarda Rusiya-Ukrayna müharibəsində də Qərb çalışır ki, Ukraynadan istifadə edərək məhz Belarusa qarşı məkrli siyasətini həyata keçirsin. Hətta bir sıra pilotsuz uçuş aparatlarının Belarus ərazisinə düşməsi, Belarus hərbi hava qüvvələrinin məhz onların qarşısını alması bir daha göstərir ki, bu və ya digər şəkildə bu ölkəni də bu sistemə qoşmağa, yəni müharibəyə cəlb etməyə çalışırlar. Məlumdur ki, belə desək, Belarus bu gün Avropa İttifaqı ilə məhz Rusiyaya açılan qapının qarşısında duran bir dövlətdir. Buna görə də nəyin bahasına olursa-olsun, Belarusu onlar qarışdırmaq istəyirlər. Siyasi cəhətdən belə addımlar atmağa da çalışırlar. Belə bir vaxtda məhz Aleksandr Lukaşenkonun verdiyi açıqlama təsadüfi sayıla bilməz”.
Deputat Belarusun hədəfə gətirilməsi üçün Qərbdə müəyyən dairələrin iş başında olmasına da toxundu: “Bilirsiniz, bu gün məlumdur ki, Belarus nüvə dövləti deyil. Hər hansı bir nüvə başlıqlarının olması o qədər ciddi problemli məsələ də deyil. Bu ola da bilər, olmaya da. Burada nəyisə axtarmaq, bunu kim verdi, haradan gətirilib, necə gətirilib kimi məsələləri araşdırmaq üçün bir əsas görmürəm. Cidd-cəhdlə çalışıb dünyaya göstərmək istəyirlər ki, guya Belarusda nüvə silahı var. Bu da Qərbin istəyidir. Düşünürəm ki, çəkili bir siyasətçi əgər doğrudan da belə bir bəyanat veribsə, məlum məsələdir ki, hansısa arqumentlərə, faktlara söykənmiş açıqlamadır. Hətta orada nüvə başlığı olsa belə, bunun kimə nə dəxli var? Hansısa dövlətin buna qarışmağa nə haqqı var? Ölkəsinə təhdid yaranır, bundan spekulyasiya üçün kimsə Qərb dairələrində müzakirələr açmaq üçün bu məsələni qabartmağa çalışır. Hesab edirəm ki, hər bir dövlət başçısı Ali Baş Komandan olaraq öz dövlətinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ciddi addımlar atır və atacaqdır. Heç vaxt unutmaq lazım deyil ki, Belarus istər 44 günlük müharibədə, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan bir dövlət kimi daim Azərbaycanı dəstəkləyib. Bu dəstək indi də davam edir və düşünürəm ki, gələcəkdə də davam edəcək. Bunu hansısa bir siyasi şouya çevirmək ki, onlarda nüvə silahı var, yaxud yoxdur, bu, hesab edirəm ki, Qərbin istəyidir. Qərb cidd-cəhdlə çalışır ki, bu məsələni qabartsın”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Lukaşenkonun ölkəsi nüvə silahına sahib olsa belə, bu başlıqlara nəzarət yenə də Kremldədir: “Belarusda nüvə silahı ola bilər. Əsasən də 2022-ci ildən sonra müttəfiqi Rusiya tərəfindən bu ölkəyə nüvə silahı yerləşdirilə bilər. Lakin düşünürəm ki, nüvə başlıqlarına nəzarət yenə də Rusiyada olacaq. Ya da Belarusla Rusiya birgə nəzarət edəcəklər. Söhbət təbii ki, Belarusda olan nüvə başlıqlarından gedir. Unutmayaq ki, bu iki ölkə KTMT-nin üzvüdür. Necə ki, NATO üzvü ABŞ, məsələn, Şimal Alyansındakı müttəfiqi Almaniyaya nüvə silahı yerləşdirə bilər, eləcə də Rusiya Belarusda bunu edə bilər. Ona görə Belarusun dövlət başçısı Lukaşenkonun sözlərində təəccüblü heç nə axtarmamalıyıq. O ki qaldı Şimali Koreyaya, düşünmürəm ki, bu ölkə Belarus və yaxud hansısa başqa dövlətə nüvə başlığını verər. Belarusla Şimali Koreya rəsmi siyasi-hərbi ittifaqda yer almırlar. Həm də Rusiyadan fərqli olaraq Qırmızı Koreya Belarusdan məsafə olaraq çox uzaqdadır. Üstəlik, unutmayaq ki, Rusiyada nüvə başlığı çoxdur. Şimali Koreyada isə hər atom bombası bu ölkənin təhlükəsizlik təminatçısıdır. Düşünmürəm ki, Pxenyan kiməsə havayı atom bombası verər. O ki qaldı Ukraynadan gələ biləcək təhdidə, əgər ola biləcək hücum genişmiqyaslı olsa, Belarus ərazisindən Rusiya taktiki atom bombalarından düşmənə qarşı istifadə edə bilər. Belə bir ehtimal təəssüf ki var”.
Səxavət Məmmədli
Hərbi ekspert Səxavət Məmmədli Rusiyanın razılığı olmadan Belarus rəhbərinin nüvə silahından istifadəsini mümkünsüz sayır: “Prezident seçkisinin yaxınlaşması Lukaşenkonu müəyyən addımlar atmağa sövq edib. "Batka" ölkədəki xeyli sayda siyasi məhbusu yaxın zamanda azad etdi. Lukaşenko bununla müsbət mesaj verir. Hətta bunu yumşaq güc də adlandırmaq olar. Ancaq Lukaşenko eyni zamanda Belarusa müdaxilə edilərsə, nüvə silahından istifadə edəcəyini də bəyan edir. Bu da sərt gücdür. Belarusda nüvə silahının olması təəccüblü deyil. Rusiya üçün Belarus son dərəcə önəmli bir dövlətdir. Ona görə də Belarusa nüvə başlıqları veriblər. Rusiya ilə Belarus arasında yaxın günlərdə hərbi əməkdaşlıqla bağlı müqavilə də bağlandı. Rusiya Belarusu qorumaq üçün hər bir addımı atır və atacaq da. Belarusda olan nüvə başlıqlarının Şimali Koreyadan gətirilməsi inandırıcı deyil. Çünki iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində ciddi razılaşmalar yoxdur. Qərb Rusiyanın zəif yerini tapır və oradan zərbələr endirir. Suriya prosesi də buna misal ola bilər. Ötən seçkidəki hadisələr onu göstərir ki, Belarusu qarışdırmaq olar. Bundan əlavə, Belarusun Rusiya-Ukrayna müharibəsinə cəlb edilməsi ilə bağlı bir neçə dəfə cəhdlər oldu. Ancaq Lukaşenko bu məsələdə hiyləgər davrandı. Nə Qərbin, nə də Putinin oyununa gəlib, prosesə ölkəsini qoşmadı. Lukaşenkonun nüvə təhdidi inandırıcıdır. Çünki Lukaşenko sözü dolayı yox, birbaşa deyən siyasətçilərdəndir. Əgər o deyirsə ki, təhdid yaranarsa, atacaq, bu o deməkdir ki, bununla bağlı Putinlə razılaşma əldə edib. Yaxud Putin nüvə başlıqlarını verəndə, tələbi bu olub. Hər nə qədər Belarusda nüvə başlığı olsa da, hesab edirəm ki, Belarus bundan istifadə üçün mütləq şəkildə Rusiyanın icazəsini almalıdır. Yunanıstanın S-300-ləri Ermənistana satmaqla bağlı iddialar ortaya atılanda, Rusiya rəsmi şəkildə bəyan etdi ki, onların icazəsi olmadan sata bilməzlər. Hava hücumundan müdafiə sistemlərinin üçüncü bir ölkəyə satılması ilə bağlı Rusiya belə davranırsa, mütləq şəkildə nüvə silahından istifadə ilə bağlı da belə davranacaq. Yəni rəsmi Moskvanın icazəsi olmadan ondan istifadə edə bilməz".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ