Onlayn ictimai-siyasi qəzet
APA Londonun taksi sürücüləri ilə bağlı reportajı təqdim edir.
Bura Londondur. Dünyanın ən bahalı şəhərlərindən biri.
Londonda edə biləcəyiniz ən bahalı işlərdən biri isə taksiyə minməkdir. Beş ildir Londonda yaşasam da hələ bir dəfə də olsun “black cab” adlanan Londonun qara rəngli taksilərinə minməmişəm. Tək səbəbi isə qiymətlərin “Uber”, “Bolt” kimi taksi kompaniyalarının qiymətlərindən iki-üç qat baha olmağıdır.
Ancaq bu gün taksi sürücüləri ilə müsahibə əsnasında öyrənirəm ki, hər istəyən şəxs də bu qara taksilərin sürücüsü ola bilməz. Bunun üçün mənimsənilməsi təxminən 3-4 il çəkən “The Knowledge of London” (London Biliyi) adlanan imtahandan keçməlisən.
Bu imtahandan müvəffəq olmaq üçün Çaring Kros (Charing Cross) adlanan Londonun mərkəzi ərazisindən altı mil radiusda 25 minə yaxın küçə və əlamətdar yeri yadında saxlamalısan. Londonun məşhur taksisini sürmək istəyən hər kəs üçün bu əsas şərtdir və 1865-ci ildən bəri taksi sürücüləri üçün tələb kimi təqdim edilib. Məsələn, yazılı imtahandan keçdikdən sonra imtahanı götürən nəzarətçi sizdən Londonun istənilən iki nöqtəsi arasındakı ən qısa yol haqqında dörd sual soruşacaq. Növbəti mərhələyə keçmək üçün cavabları düzgün bilmək lazımdır.
Biz də Londonda 29 ildir taksi sürücülüyü edən Brian ilə danışdıq. O, bu imtahandan iki il beş aya keçdiyini deyir. Qeyd edir ki, başqaları üçün bu proses 6-7 il də çəkə bilir.
“O sənin bu biliyi tez götürüb-götürməməyindən asılıdır. Lisenziyanı aldıqdan sonra işlər rahatdır. Heç kəsə işləmirsən. Ancaq özünə işləyirsən. İş saatlarını özün seçirsən. İstəyirsən bir saat işlə. Bu sənin özündən asılıdır. Mən adətən gündə 5-6 saat işləyirəm”, - Brian deyir.
Uber kimi taksi kompaniyalarının onlara təsir göstərib-göstərmədiyini soruşduqda isə Brian cavab verir ki, çox da təsir etmir: “Çünkü bizi yolda əl edib saxlada bilərlər. Yolda durub müştəri endirə, mindirə bilərik. Ancaq Uber-lər bunu edə bilmir”
İş şəraitinin necə olmağı barəsində soruşduqda isə deyir ki, xidmət sektorundakı digər işlər kimidir: “Bəzən insanlarla rəftar çətin olsa da ümumilikdə işimdən razıyam”.
Mişel xanım isə 13 ildir ki, taksi sürücülüyü etdiyini deyir. O qeyd edir ki, həyat yoldaşında görərək bu sahəyə başlayıb, çünki iş saatları rahatdır. Mişel təxminən 7 saat işlədiyini deyir: “Hər gün bir-birindən fərqlidir. Bəzən gün çox sakit keçir, bəzən çətin müştərilər olur. Ya da tıxaclar çox olur”.
Mişel qeyd edir ki, bir qadın olaraq taksi sürücüsü işləmək çox da çətin deyil və digər sürücülər həmişə bir-birinə qayğı göstərir: “Fikirləşirəm ki, gördüyüm işə uyğun pul qazanıram. Ancaq gərək işləyəsən. Tətilə də gedirəm, ancaq biz özümüzə işləyərik. Tətilə gedəndə pul qazanmırıq. Buna görə də nə qədər müddətə tətilə getmək istəməyin özündən asılıdır”.
Hər iki sürücü aylıq nə qədər qazandıqlarını deməsələr də, bilinən statistikaya görə, “black cab” taksi sürücüləri saatda ortalama 20-30 funt sterlinq gəlir əldə edir. Bu isə gündə işlədiyin saatdan asılı olaraq vergilər də nəzərə alınmaqla ildə təxminən 50 min funt sterlinq ya da daha çox pul qazanmaq mənasına gəlir.
Qara taksi sürücülərini kənara qoyub bir “Uber” sifariş edirəm. 20 dəqiqəlik yol üçün 14 funt sterlinq ödəyirəm. 32 manat edir. Bakı üçün baha olsa da London üçün ideal qiymətdir. Eyni yolu qara taksilər ilə getsəydim azı 40 funt sterlinq ödəməli olacaqdım.
Bu dəfə də işə iki ay öncə başlayan Curiyus ilə söhbətləşirik. “Uber” tətbiqində avtomobil idarə etmək üçün sizə Uberin lisenziya verdiyi konsuldan şəxsi icarə lisenziyası lazımdır. Daha sonra müxtəlif sənədləri yükləmək, cavabları gözləmək, maşınınızın uyğunluğunu yoxlamasını gözləmək bir neçə aya qədər vaxt apara bilir. Curiyus işindən razı olduğunu, əsasən gecələri işlədiyini, bu vaxt tıxacların olmadığını deyir:
O, əlavə edir ki, çox nadirən ingilislərin “Uber”də sürücülük etdiyini görüb: “Ancaq mənim kimi xariciləri sürücü kimi görmək olar. İngilisləri “Uber”də, “Bolt”da görmək mümkün deyil. İndi heç kəs işləmək istəmir. Hamı tənbəldir. Ancaq mən işimdən razıyam. Yorulsam fasilə verə bilərəm, istəsəm 2-3 saat işləyərəm. Özümdən asılıdır. Ancaq 10 saat işlədikdən sonra “Uber” tətbiqi fasilə verir. 6 saat dincəldikdən sonra yenə tətbiqi işlədə bilərsən”, - deyə o, əlavə edir.
Bax belə, Londonda taksi sürücüləri ilə danışıb, onların iş şəraitləri ilə yaxından tanış olduq.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ