Onlayn ictimai-siyasi qəzet
Bugünkü müsahibimiz Aşur Aşurbəyli çörək texnoloqudur və üç aydır ki, Londonda beynəlxalq brendin tərkibində fəaliyyət göstərir. O, həm Azərbaycanda, həm də xaricdə klassik çörəkçilik sahəsində özünü inkişaf etdirərək, təbii maya ilə, kimyəvi qatqı olmadan çörəklər hazırlamaqla məşğuldur.
AZƏRTAC-ın London müxbirinə müsahibə verən 28 yaşlı Aşur çörəkçilik sahəsinə gəlməyindən, beynəlxalq brendlərlə işləmək təcrübəsindən, azərbaycanlı mütəxəssis kimi xaricdə qazandığı uğurlardan və gələcək hədəflərindən danışıb.
-Sizi tanıyaq. Özünüz barədə məlumat verə bilərsinizmi?
-Hazırda beynəlxalq bir kafe şəbəkəsinin tərkibində çörək texnoloqu kimi çalışıram. Bu şəbəkənin Azərbaycanda, Gürcüstanda və Londonda filialları var. Londona gəldiyim gündən bəri artıq 7-8 yeni çörək növü hazırlamışam. Klassik çörəklər üzərində işləyirəm və çörəkləri heç bir kimyəvi qatqı maddəsi olmadan, yalnız un, su və təbii maya ilə hazırlayıram. Bu mayaya “Laura” adını vermişəm.
Onun tam tərkibi sadəcə buğda unu və sudur. Onu xüsusi qaydada hazırlamaq və qidalandırmaq lazımdır. Məsələn, una su əlavə etdikdən sonra otaq temperaturunda təxminən 4 saat saxlayırıq. Bundan sonra o, soyuducuda müsbət 6 dərəcədə bir neçə saat qalır və artıq istifadəyə hazır olur. Əgər təcili lazımdırsa, 4 saatdan sonra da istifadə edilə bilər. Bizim çörəklərimizə unikal dad və ətir verən də məhz bu təbii mayadır.
-Çörəkçiliyə marağınız necə yaranıb? Bu sahəyə necə gəlmisiniz?
-Bu sahəni hər zaman sevmişəm, həm də bu, anamın arzularından biri olub. O istəyirdi ki, Azərbaycanda hansısa televiziya kanalında aşpaz kimi çalışım və veriliş aparım. Mən də anamın arzusu və həyatın məni gətirdiyi yol ilə irəliləməyə başladım. Bu peşəyə qarşı içimdə həmişə bir sevgi olub.
-İlk peşəkar təcrübənizi harada qazanmısınız?
-İlk addımlarımı Bakıda yerləşən brendlərdən birində çörək ustasının köməkçisi kimi atdım. Bir müddət orada işlədikdən sonra beynəlxalq bir brenddə də bir il köməkçi kimi işlədim. Daha sonra Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq ixtisası üzrə təhsil almağa başladım və bir il oxudum. Müəllimlərimdən çox gözəl biliklər əldə etdim. Peşə təhsil mərkəzlərində öyrəndiklərimin məni istədiyim yerə tam çatdırmayacağını gördüm və özəl təhsil almağa qərar verdim. Moskvada həmyerlimiz Elvin Quliyevdən klassik çörəkçilik üzrə təlimlər almağa başladım. Bir müddət ev şəraitində çörək hazırlamağa başladım. Özüm üçün peşəkar bir mətbəx qurdum və çörəkləri evdə bişirirdim, eyni zamanda, beynəlxalq brenddə də işləyirdim.
Bir gün hazırladığım nümunələrdən birini həmin şirkətin direktoruna göstərdim. Bundan sonra Gürcüstana dəvət olundum və orada bir aya qədər çox zəhmətli günlərim oldu. Gecə-gündüz çalışdım, böyük bir məsuliyyətin altına girdim. Təsəvvür edin - yolda insanları görürsünüz və onların əlində sizin hazırladığınız çörəklər var. Bu, çox böyük bir məsuliyyətdir. İlk vaxtlar içimdə bir qorxu var idi, çünki həyatımda ilk dəfə belə böyük bir yükün altına girirdim. Allaha şükürlər olsun ki, hər şey uğurlu alındı.
-Çörək hazırlamaq nə qədər vaxt aparır və işinizin ən sevdiyiniz tərəfi nədir?
-Bəzən insanlar düşünür ki, un, su, duz və təbii maya qarışdırıb xəmir hazırlamaq asandır. Xeyr! Bir çörəyin hazırlanması minimum 23-24 saat vaxt alır, xəmirin hazırlanması isə ən azı 6 saat çəkir. Buna görə də bu çörəklərin qiyməti adi çörəklərdən bahadır və eyni zamanda, insan sağlamlığı üçün çox faydalıdır.
Hər gün səhər saat 4-5 arası oyanıram ki, çörəklər insanlara isti-isti çatsın. Saat 5-də işə başlayırıq. Düşünürəm ki, bizim sahə həqiqətən incə sənətdir; incəsənətdir. İstər kruvasan, istər klassik çörəklər olsun, hər biri böyük ustalıq tələb edir. Elə günlər olur ki, buraya gələn onlarla, yüzlərlə müştəri məni tanımır, amma məni çağırıb çörəklərlə bağlı çox xoş sözlər deyirlər. Bu da insanın gün ərzində keçirdiyi yorğunluğu unutduraraq ona enerji verir və xoş təsir bağışlayır. İşimdə ən çox sevdiyim cəhətlərdən biri də budur: səmimi insanların mənimlə hisslərini bölüşməsi. Bizimlə əməkdaşlıq etmək istəyən onlarla şirkət rəhbəri buraya gəlib və onlara bildirilib ki, bu oğlan azərbaycanlıdır, çörək texnoloqudur və burada yeni çörək növlərini tətbiq edir. Onların mənə dediyi xoş sözlər, çörəkləri bəyəndiklərini ifadə etmələri məni çox sevindirir və inanılmaz dərəcədə xoşbəxt edir. Bir azərbaycanlı olaraq qürur duyuram ki, tanımadığım, bilmədiyim hər biri fərqli ölkələrdən gələn, müxtəlif xalqların nümayəndələri xoş hisslərini mənimlə bölüşürlər. Bu, mənə böyük qürur hissi yaşadır. Fəxr edirəm ki, bir azərbaycanlı olaraq burada ingilislərə klassik və təbii çörəklər təqdim edirəm.
-Xaricdə çalışmaq sizə nə öyrədib?
-Getdiyim hər bir ölkəyə hər zaman bir paket Azərbaycan unu aparıram. İlk çörəklərimi öz unumuzla hazırlayıram. Bizim ölkəmiz bu dünyada bir cənnətdir - oranın suyu, duzu, meyvələri, heyvan ətləri əsl gözəllikdir. Sözlə izah etmək çətindir. Xaricdə olanda bunu daha yaxşı anlayırsan.
Həmçinin düşünürəm ki, bir şef olaraq, bişirdiklərimizdən əlavə, öz millətimizin də məsuliyyətini daşıyırıq. Hər atdığımız addımda daha diqqətli olmalıyıq. İstər mənimlə çalışan iş yoldaşlarım olsun, istər müştərilər olsun, onların buradan gedəndə Azərbaycan haqqında xoş xatirələr və müsbət hisslər aparmaları mənim üçün çox vacibdir. Bu da öz növbəsində daha çox məsuliyyət tələb edir. Bunun üzərində böyük əzmlə çalışıram. Bir azərbaycanlı olaraq 10 milyonluq xalqımın kimliyini nümayiş etdirir və bu məsuliyyəti üzərimdə hiss edərək mədəniyyətimizi və gözəlliklərimizi burada layiqincə təmsil etməyə çalışıram.
-Sizin sahədə uğurlu olmaq üçün ən vacib şərt nədir?
-İnsanın çörək hazırlamaq üçün sadəcə əllərinin və bütün bədən üzvlərinin yerində olması kifayət deyil. Siz bişirdiyiniz çörəyə ruhunuzu qatmalısınız. Onun nə qədər dadlı olması tərkibindəki unun və duzun keyfiyyətindən əlavə, sizin qatdığınız sevgi ilə tamamlanır. Mən çörək bişirməyi bütün varlığımla yaşayıram və hər bir çörəyə özümün, ruhumun bir parçasını əlavə edirəm.
-Gələcək planlarınız nələrdir?
-Bir çox qonşu ölkələrdə məşhur şeflər var. Təəssüf ki, bizim ölkəmizdə çörəkçilik və “bakery” sahəsində çox tanınmış şəxslər yoxdur. Mən də istəyərdim ki, Azərbaycan xalqının “Aşur Aşurbəyli” brendi böyüsün və inkişaf etsin. Məqsədlərimdən biri insanlara yardım etmək və çörəkçilik sahəsində fayda verməkdir. Mənim əsl soyadım Quliyevdir, Aşurbəyli soyadını təxəllüs olaraq götürmüşəm. Azərbaycanda Aşurbəyli soyadını daşıyan yüzlərlə insan var ki, onlar böyük xeyriyyə işləri ilə məşğul olublar. Mən də bu təxəllüsü daşıyaraq həmin ənənəni bu gün davam etdirmək istəyirəm.
-Gənclərə hansı məsləhəti verərdiniz?
-Gənclərə ilk məsləhətim budur ki, hansı sahədə olurlarsa olsunlar, ən yüksək zirvəyə çatmaq üçün çalışsınlar. Hədəfləri haradırsa, ora doğru mübarizə aparsınlar. Günlərlə yatmadığım, səhvlərimə görə bütün məsuliyyəti öz üzərimə götürdüyüm zamanlar olub. Amma heç vaxt dayanmadım. Nələrinsə tərs getməsi və ya uğursuzluq məni yormadı, usandırmadı. Ona görə də hər gün daha çox çalışıram. Bu elə bir sahədir ki, onun son nöqtəsi yoxdur - o sonsuzdur. Dayanaraq “Artıq hər şey bitdi, mən ən yüksək səviyyəyə çatdım” demək olmaz. Biz hər zaman yeni şeylər öyrənməli, irəli addım atmalıyıq.
-Son olaraq, xaricdə Azərbaycan mətbəxinin tanıdılması üçün planlarınız varmı?
-Bəli, çox istərdim ki, paxlavamız, şəkərburamız dünyada daha çox tanınsın. Gələcək planlarım arasında çörəklərimə Azərbaycan milli atributlarının adlarını vermək də var. Azərbaycanın dadlarını və ənənələrini dünya səviyyəsində təbliğ etmək mənim üçün qürurdur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ