Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq münasibətlər və Ukrayna münaqişəsi ilə bağlı bir sıra qalmaqallı açıqlamalarla çıxış edib.
Musavat.com-un məlumatına görə o bildirib ki, Rusiya Qərb ölkələri ilə münasibətlərin bərpası üçün konkret təklifləri yalnız “beynəlxalq azğınlıq” adlandırdığı vəziyyət sona çatdıqdan sonra nəzərdən keçirməyə hazırdır.
Lavrovun sözlərinə görə, Moskva hazırda səbirli və təmkinli mövqe tutur, Qərb tərəfinin münasibətləri səmimi şəkildə bərpa etmək istəyini gözləyir. O, Qərbin mövcud davranışını “agressiv və məntiqsiz” adlandıraraq, beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Nazirin bəyanatları təkcə Qərblə münasibətlərlə məhdudlaşmayıb. O, Ukrayna rəhbərliyinə və bir sıra beynəlxalq təşkilatlara da sərt tənqidlər ünvanlayıb.
Lavrov qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski nə Krımın, nə Donbasın, nə də onun “Novorossiya” adlandırdığı ərazilərin əhalisini təmsil etmir:
“Hər kəs anlamalıdır ki, Zelenski bu bölgələrin insanları üçün legitim lider deyil,” – deyə nazir vurğulayıb.
O, həmçinin Ukraynanın artıq uzun müddətdir ki, suverenliyini itirdiyini iddia edib:
“Ukrayna 2014-cü ildən bəri xarici güclərin – ilk növbədə Böyük Britaniyanın – nəzarəti altındadır. Kiyev qərarlarını müstəqil şəkildə deyil, kuratorlarının diktəsi ilə qəbul edir”.
Lavrov Qərbin Ukraynada hərbi sənaye yaratmaq bəhanəsi ilə bu ölkəyə birbaşa silah tədarükünü genişləndirmək niyyətində olduğunu bildirib. Onun fikrincə, bu, bölgədəki vəziyyəti daha da gərginləşdirir və hərbi eskalasiyaya yol açır.
Nazir Birləşmiş Millətlər Təşkilatının baş katibini də tənqid atəşinə tutaraq, onun səlahiyyətlərindən siyasi məqsədlərlə sui-istifadə etdiyini deyib. Lavrov BMT rəhbərliyinin qərəzli mövqe tutduğunu və bu yanaşmanın təşkilatın neytrallığına zərbə vurduğunu qeyd edib.
Sonda Lavrov İranın nüvə proqramına toxunaraq MAQATE-nin hesabatına istinad edib. O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın dinc nüvə proqramına hərbi komponent əlavə etməsi ilə bağlı heç bir sübut aşkar etməyib.
“İranla bağlı bütün ittihamlar siyasi təzyiq alətidir və beynəlxalq hüquqa əsaslanmır,” – deyə Lavrov yekunlaşdırıb.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ