İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Mirzoyana hansı təlimatı verdi - İrəvan siyasətini dəyişsə...

Vaşinqtonda imzaladığı xartiyanın hesabatını vermək üçün Moskvaya çağırılan erməni diplomat nə ilə qayıdır?; “İki daş arasında qalan” Ermənistanın şantaj siyasəti işə yarayacaqmı...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri xeyli diqqət çəkdi. İrəvanın Moskvadan üz döndərib Qərbə qucaq açdığı, bu səbəbdən Kremllə gərginlik başlandığı bir vaxtda erməni nazirin Rusiyaya səfəri haqlı olaraq müzakirələrə səbəb oldu.

Sergey Lavrov və Ararat Mirzoyanın təkbətək görüşü barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, xarici işlər nazirləri ikitərəfli məsələləri, Avrasiya İqtisadi İttifaqı və digər birliklər çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirilib, Ermənistan və Azərbaycan arasında normallaşmaya nail olunması vurğulanıb. Mirzoyan görüşdən sonra verdiyi açıqlamasında deyib ki, Ermənistan beynəlxalq platformalarda Rusiyanın maraqlarını nəzərə almağa çalışır: “Digər mühüm göstərici beynəlxalq platformalarda əməkdaşlıqdır. Biz həmişə Rusiyanın maraqlarına anlayışla yanaşmağa çalışırıq ki, Rusiya tərəfi də beynəlxalq platformalarda müəyyən dərəcədə Ermənistanın maraqlarını nəzərə alsın. Beynəlxalq platformalarda əməkdaşlıq əlaqələrimizin bir hissəsidir və biz bu ənənəni davam etdirmək niyyətindəyik”. Lavrov isə qeyd edib ki, Moskva İrəvanla Bakı arasında normallaşmağa kömək etməyə hazırdır. O vurğulayıb ki, Moskvanın nöqteyi-nəzərindən, bu razılaşmalar, xüsusilə regiondakı mövcud vəziyyət fonunda aktual olaraq qalır. “Regional təhlükəsizlik bizim Cənubi Qafqaz istiqamətində hərəkətlərimizdə mühüm yer tutur”, - Rusiya XİN başçısı əlavə edib.

Fayl:Alen Simonyan.jpg — Vikipediya

Alen Simonyan 

XİN başçıları arasında görüş keçirildiyi bir vaxtda isə Ermənistan parlamentinin sədri Alen Simonyan “Rusiya bizi tək qoyaraq bölgəni tərk etdi”, - deyə absurd bir açıqlama verib. Erməni spikerin dediklərinə diqqət edək: “Avropa Birliyinə üzvlük prosesi Ermənistan xalqının iradəsidir və biz bu iradəni Ermənistan parlamentində müzakirə edəcəyik, qərar qəbul edəcəyik, bundan sonra nə edəcəyimiz bəlli olacaq. Rusiya tərəfi bununla bağlı o qədər də böyük narahatlıq keçirməməlidir və mən düşünmürəm ki, bu, Rusiya üçün problem yarada bilməz. Əgər bu, onlar üçün problemdirsə, məncə, Ermənistan və Rusiya tərəflərinin bir-biri ilə müzakirə edə bilməyəcəyi problem yoxdur. Biz müzakirə edə bilərik, həll yolları tapa bilərik, lakin Ermənistan suveren dövlətdir və hansı qanunu qəbul edəcəyini, nəyin onun maraqlarına uyğun, nəyin maraqlarına uyğun olmadığına özü qərar verir. Rusiyanın Ermənistan baxımından bölgəmizdə itirdiyi isə Moskvanın addımları və bizi tək qoyaraq bölgəni tərk etməsidir. Ermənistanı öz təhlükəsizliyini, varlığını təmin etməyə çalışmaqda ittiham edə bilməzlər .Bu ilk addım deyil, bu addımlardan biridir”.

Göründüyü kimi, Ermənistan rəsmiləri növbəti dəfə şantaj yolu ilə maraqlarının təmin olunmasına çalışırlar. İstisna deyil ki, qatı qərbpərəstlərdən olduğunu nümayiş etdirməyə çalışan Simonyan bununla Mirzoyanın Rusiyaya çağırılmasını arxa plana keçirməyə və rəsmi İrəvanın Avrointeqrasiya xəttinə “sadiqliyini” sərgiləməyə çalışır. Eyni zamanda Rusiyanı şantaj etməklə əlavə nələrsə qopartmaq niyyəti də yox deyil. Bu arada Rusiya Dövlət Dumasının rəhbərliyinin və XİN başçısının İrəvana səfər anonsunun verilməsi də diqqət çəkir. Belə görünür ki, Kreml Ermənistanı asanlıqla Qərbə “yem” etmək niyyətində deyil. Xüsusilə də Ermənistan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı qərarını elan etməsindən, həmçinin A.Mirzoyanın Vaşinqtonda, ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq xartiyasını imzalamasından sonra erməni diplomatın Moskvaya çağırılması heç şübhəsiz hesabat məqsədi daşıyırdı. Üstəlik, eyni gündə İrəvandan Tehrana da missiya göndərilməsi Ermənistan-ABŞ yaxınlaşmasından yaranan narahatlıqları səngitmək məqsədilə atılan addım idi. Bəs Lavrov keçirilən danışıqlarda Mirzoyana hansı təlimatlar verə bilər və yaxud İrəvan bunlara əməl edəcəkmi? Əgər İrəvan mövcud kursunu dəyişməsə, vəziyyət hansı istiqamətə yön ala bilər?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Mirzoyan arasında görüşün nə ilə nəticələndiyi hələlik dəqiq bəlli deyil: “O da tam bəlli deyil ki, Ermənistan Qərblə başlatdığı oyunda Rusiyanın onun üçün cızdığı qırmızı xətti keçəcəkmi? Amma bunun razılaşdırılmış oyun olduğuna hələ də mənim şübhəm yoxdur. Sadəcə, görünür, irəvandakılar arada öz oyunlarını oynamağa çalışırlar ki, onda da Rusiya bir, İran digər tərəfdən onları çağırıb qulaqburması verirlər. Heç təsadüfi deyil ki, Mirzoyanın ardınca onun müavini Kostanyan da izahat üçün Tehrana getdi”. 

Alen Simonyanın açıqlamasına gəldikdə, S.Alıyev bu barədə də maraqlı fikirlər söylədi: “Simonyanın dediklərindən gəldiyim nəticə budur ki, onlar suverenlik adı altında əslində öz bufer funksiyalarını, forpostluqlarını möhkəmlətməyə çalışırlar. Rusiya bizi tək qoyub bölgəni tərk etdi” şikayətinin arxasında duran mətləb ondan ibarətdir ki, biz burada tək qala bilmərik, mütləq kiməsə forpostluq etməliyik. Yaxud əgər burada bizi qanadı altına alacaq biri olmasa, biz də olmayacağıq. Və çox təəssüf, Ermənistanda təkcə Simonyan yox, demək olar siyasətçilərin və siyasətçünasların hamısı elə düşünür ki, görünür, bunun da səbəbi bu regiona niyə köçürüldüklərini və burada onlara nə məqsədlə dövlət yaradıldığını bilmələrindən irəli gəlir".

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov qəzetimizə bu barədə danışarkən maraqlı xatırlatma etdi: “Biz əvvəlki şərhlərimizdə Ermənistanın Rusiyaya davamlı demarşlarını "diplomatik naz" adlandırmışdıq. Ermənistanın bütün demarşlarına, hətta Rusiya prezidentinə cinayət işi başlamış Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna qoşulması, ölkəyə “müşahidə missiyası” adı altında Avropa İttifaqı və Kanadanın yarımhərbi qüvvələrini yerləşdirməsi, ABŞ-la müttəfiqlik müqaviləsi imzalaması, Avropa İttifaqına üzvlüklə bağlı prosedurlara başlamasına baxmayaraq, iki ölkə arasında iqtisadi və hərbi sahədə müttəfiqlik davam edir. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla vahid gömrük sərhədlərinə malikdir və hazırda Rusiyaya tətbiq olunan sanksiyalardan maksimum bəhrələnir. Ermənistan rəhbərliyinin bütün bəyanatlarına baxmayaraq, bu ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da üzv kimi qalır. Rusiyanın hərbi bazası Ermənistandadır, həmçinin Ermənistanın sərhədlərini Rusiya Federal Sərhəd Xidməti mühafizə edir. Ermənistanın enerji, nəqliyyat, sənaye, rabitə sahələri demək olar Rusiya dövləti, yaxud şirkətləri tərəfindən idarə olunur və ya onların mülkiyyətindədir. Belə olan halda Ermənistanın Rusiya ilə yumşaq desək, dost olmayan Avropa İttifaqı və ABŞ-la bu qədər yaxınlaşmasına Rusiyanın tolerant münasibəti, həmçinin Aİ və ABŞ-ın Ermənistanın Rusiya ilə iqtisadi və hərbi müttəfiqliyinə rəğmən Ermənistanı dəstəkləməsi, ona maddi və hərbi yardımlar etməsi özlüyündə nonsesdir". 

S.Məmmədovun fikrincə, görünən budur ki, Ermənistan diplomatik manevrlər etməklə hər tərəfdən bəhrələnir və öz iqtisadi və hərbi potensialını artırmağa cəhd edir: “Ermənistanın xarici işlər nazirinin Rusiyaya səfəri və Rusiya XİN rəhbəri ilə görüşü, birgə bəyanatla çıxış etməsi bir daha onu göstərir ki, Ermənistan bütün dövlətlər üçün əlaltı rolunu oynamaqda davam edəcək. Azərbaycan hava yollarına məxsus təyyarənin Rusiyanın hava məkanıda vurulmasından sonra yaranan şəraitə Ermənistan fürsət kimi baxır və ümid edir ki, Rusiya-Azərbaycan münasibətləri pisləşəcək və Ermənistan bundan öz xeyrinə istifadə edəcək”. 

STM-in icraçı direktoru qeyd etdi ki, Mirzoyan Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərini təsdiq edən bəyanatla çıxış etdiyi vaxtda Ermənistan parlamentinin sədri Alen Simonyanın “Rusiya bizi tək qoyaraq bölgəni tərk etdi” bəyanatı da təsadüfi deyil: “Onlar bunu Avropa İttifaqı və ABŞ-ı sakitləşdirmək üçün edirlər. Yəni baxmayaraq ki, xarici işlər naziri Rusiyaya səfər edib, amma biz onlardan narazıyıq. Düzü, bu cür primitiv xarici siyasətdən nə qədər bəhrələnə biləcəklər onu deməkdə çətinlik çəkirəm. Amma fakt budur ki, hələ ki Ermənistan bu primitiv və ”şaxələndirmiş" siyasətindən bəhrələnə bilir".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR