İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov İrəvana bu mesajı aparıb - Rusiya vasitəçiliyə qayıdır?

Ermənistan yenidən Rusiyanın qanadının altına girir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfərdə olub. İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib. APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə və keçirilən mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa köklənib:

“Komandalar artıq iki ölkənin xarici işlər nazirlikləri arasında yeni iki illik siyasi məsləhətləşmə proqramının hazırlanmasını başa çatdırıblar və ümid edirəm ki, biz onu bu gün imzalayacağıq. Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinin formatına yenidən baxmaq niyyətində deyil. Tərəflərin hüquq və öhdəlikləri açıq şəkildə kağız üzərində yazılıb, imzalanıb və ratifikasiya edilib. Heç kim bu hüquq və öhdəlikləri denonsasiya etməyib. Ermənistanın nəzərdə tutulan mexanizmlərin tam işləməməsindən narahatlığı məlumdur”.

Lavrov isə bildirib ki, Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayır.

Lavrovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına səmimi şəkildə çalışır, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinə bu mənada möhkəm əsas kimi baxır.

“Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların blokdan çıxarılması, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində...”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən 3+3 platformasında regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli potensialını görür.

Lavrov həmçinin deyib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır.

O qeyd edib ki, Rusiya tərəfi Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir: “Artıq dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb ki, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq.

Bu il Rusiya bazasının Ermənistanda yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.

Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam şəkildə qorunur. O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiyanın ritmik işi iki ölkənin hökumət strukturları və biznesi üçün istiqamət müəyyən edir".

Görüşün keçirildiyi vaxtda Ermənistan XİN qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilib. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların getdiyi Ermənistan XİN-in binasının yaxınlığında Rusiya əleyhinə plakatlar qaldırılıb. Etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə baş verib.

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC

İqor Korotçenko

Rusiyalı politoloq İqor Korotçenko Lavrovun İrəvan səfəri ilə bağlı danışarkən deyib ki,  Ermənistan Rusiya əleyhinə mövqe tutur, Qərb silahları ilə yenidən silahlanır, KTMT-yə üzvlüyünü dondurub: "Bəli, Gümrüdəki hərbi bazamız hələ çıxarılmır, amma bu, zaman məsələsidir, çünki İrəvan strateji kurs müəyyən edib və bu, Qərbə, Avropa Birliyinə doğru kursdur. Ona görə də Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir ki, onları respublika üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək qərarlar qəbul etməkdən çəkindirsin".

Məlumdur ki, son illər, xüsusən də Ukrayna müharibəsi zamanı Moskvanın Güney Qafqaza təsir rıçaqları əhəmiyyətli şəkildə zəifləyib. Bu müddətdə hətta Bakı və İrəvan vasitəçi olmadan sülh sənədinin mətnini razılaşdırıb.

Bəs Rusiya Ermənistanı tam şəkildə öz orbitinə qaytara biləcəkmi? Kreml onları “itirilmiş” mövqeləri bərpa edə, özünü təzədən Azərbaycan və Ermənistana vasitəçi kimi sırıya bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ermənistanı əldən vermək istəmədiyini bir daha ortaya qoyur, Ermənistan da Rusiyadan tamamilə qopmağın mümkün olmadığını anlayır: “Nikol Paşinyan 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra Rusiyanın mövqeyini sərt tənqid etməyə başlamışdı. Bu işə onun nazirləri də qoşulmuşdular. Ermənistan rəsmilərinin  məntiqinə görə, Rusiya Azərbaycan Ordusunun ərazi bütövlüyünü təmininə imkan verməməli idi. Paşinyan və onun nazirləri Rusiyanın ünvanına tənqidlərini davam etdirdilər, Kremli Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi ilə hədələdilər. Bu arada Nikol Paşinyan Vaşinqton, Brüssel və Parislə sıx əlaqələr qurmağa başladı. Ancaq zaman keçdikcə Paşinyan anladı ki, Qərb ona təhlükəsizlik təminatı verməyəcək. Digər tərəfdən, Cozef Baydendən fərqli olaraq Donald Trampın və onun administrasiya üzvlərinin Ermənistana marağı yoxdur. Avropaya və Fransaya gəldikdə, onların başı Rusiya-Ukrayna müharibəsinə qarışıb. Bütün bunları nəzərə alan Nikol Paşinyan yenidən Rusiya ilə yaxınlaşmağın yollarını aramağa başladı. Ermənistan baş nazirinin 9 mayda Moskvada keçirilən hərbi paradda iştirakı da bu siyasətin tərkib hissəsi idi.

Sergey Lavrov mayın 21-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır. Lavrovun bu açıqlaması kimə ünvanlanıb: Azərbaycana, yoxsa elə Ermənistanın özünə? Onun məlum cümləsi o deməkdir ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil. Fikrimcə, Paşinyan Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək. Çünki Paşinyan məhz Rusiyanın iki səbəbdən Ermənistanın maraqlarına zərbə vurduğu qənaətindədir. Birincisi, Paşinyan hesab edir ki, Rusiya 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına imkan verməməli idi. İkincisi, Paşinyan hesab edir ki, Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirdikdə, Rusiya buna adekvat reaksiya vermədi. Halbuki Rusiyanın Azərbaycana mane olması üçün əsası yox idi".

Politoloq qeyd etdi ki, Rusiya onsuz da Ermənistanda mövcuddur. İndi isə mövqelərini daha gücləndirmək üçün Ermənistanı Qərbdən mümkün qədər uzaqlaşdırmağa çalışır. Yəqin ki, bu istiqamətdə addımlar daha da çoxalacaq: “Ermənistan hələ ki Azərbaycanla sülh prosesinin vasitəçilərsiz aparılmasının tərəfdarı kimi çıxış edir. Ancaq Paşinyanın Rusiyadan asılılığı artarsa Moskvanın istəyinə uyğun mövqeyini dəyişəcəyi də istisna deyil”. 

Politoloq qeyd etdi ki, bu arada Ermənistanın radikal müxalifətinin fəallığını artırması diqqəti çəkir: “Ermənistanın keçmiş prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Ancaq Köçəryanın budəfəki açıqlamaları baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır. Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına "əsəblərimlə oynamayın, sizi tapdalayaram" kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb, özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Kreml Köçəryana o halda üstünlük verəcək ki, o, siyasi gücünü və reytinqini artıra bilsin. Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də Kreml hələ ki Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb. Bu siyasət indilik Kremli qane edir. Kreml Paşinyanla bir müddət davam edəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR