Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistanın göndərdiyi 400 tonluq yük avtomobilləri dünən axşam Laçın sərhəd-buraxılış məntəqəsinə çatıb. Ən son məlumata görə, Laçında danışıqlar gedir. Hələ ki, yük maşınları Azərbaycan ərazisinə buraxılmır. Ermənistan mediası da Azərbaycanın İrəvandan gəlmiş konvoyu buraxmamaqda israrlı olduğunu yazır. Azərbaycan tərəfi isə Laçın sərhəd keçid məntəqəsindən həmin avtomobilləri buraxmayacağını bildirir. Azərbyacan DSX dünən bəyanat yayaraq mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıyacağını vurğulayıb.
Bəs Ermənistan etdiyi bu əməllərlə nəyə işarə edir və Azərbaycan tərəfi yük avtomobillərinin Laçın NBM-dən keçməsinə icazə verəcəkmi?
Məsələ ilə bağlı Referans.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, həmin yüklər Azərbaycan ərazisindən keçərək Ermənistana buraxılmayacaq:
“Ermənistanın Azərbaycan ilə razılaşdırmadan belə bir addım atdığına görə heç bir yük Qarabağ ərazisinə buraxılmayacaq. Bu məsələlər artıq keçmişdə qalıb. Alternativ olaraq Azərbaycan Ermənistana Ağdam-Xankəndi yolundan istifadə etməyi tövsiyə edib və bu təklif hələki qüvvədədir. Ümumiyyətlə, Ermənistan tərəfinin Qarabağdakı silahlıları ərazimizdən çıxarmayana qədər oraya hansısa yükləri daşıması və maliyyələşmə həyata keçirməsi Azərbaycana qarşı ərazi iddialarıdır”.
Ekspert bildirib ki, Ermənistanın bu dəfə təşkil etdiyi birmənalı olaraq uğursuz bir şoudur. Onun sözlərinə görə, heç bir halda Laçın yolundan Ermənistana məxsus avtomobillər buraxılmayacaq: “Təklif olunan Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər əks halda öz maşınlarını da, yüklərini də götürüb geriyə qayıtmalıdırlar. Bu addımlarla Ermənistan Laçın NBM-in yaradıldığından bu günə qədər yol verdiyi təxribatların növbəti hissəsini həyata keçirməyə çalışır”.
Həm Dövlət Sərhəd Xidmətinin, həm də Azərbaycan ordusunun yaxınlıqda yerləşən hissə və bölmələri istənilən düşmən təxribatlarının qarşısını almağa tam hazırdırlar. Kim taleyi ilə çilingağac oynamaq istəyirsə, buyursun, biz hazırıq – Deyə Ədalət Verdiyev qeyd edib.
Qeyd edək ki, erməni KİV-nin məlumatına görə, yük maşınlarında 60 ton şəkər, 40 ton yağ, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman var. Ümumilikdə 19 yük maşınında 1-2 günlük yemək var.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ