İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında “əsrə bərabər” gün - FOTOLAR, VİDEO

Yolumuz Laçınadır! 28 ildən artıq düşmən tapdağında qalan, 44 günlük Vətən Müharibəsindən sonra igidlərimizin əzmi qarşısında dirəniş göstərə bilməyərək, ağ bayraq qaldıran Ermənistanın işğalçı ordusundan təmizlənən, 26 avqust 2022-ci il tarixdən əbədi olaraq azadlığına qovuşan dağlar diyarına!

Paytaxt Bakının 450 km-liyində olsa da, işğal dönəmində hamımız üçün əlçatmaz ünvana çevrilən Laçını canı-qanı bahasına bizə qaytaran qəhrəmanlarımıza dualar edərək müqəddəs ziyarətə üz tutmuşuq. Avtomobilin maqnitofonundan ölməz Məhəbbət Kazımovun “Qartal olub göylərində uçum mən...” harayı ucalır yolçuluğumz boyunca. Amma işğal dönəmində bizimçün təsəlliyə, ağıya dönmüş bu mahnı əvvəlki kimi köksümüzü parçalamır, yalnız ona heyfslənirik ki, kaş bu möcüzəli səsin sahibi də görəydi Laçınımızın büsatını...

b862b576-d3c5-4e0c-8cb3-af1313bab3a3.jpg (242 KB)

Yolboyu Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının daşı-daş üstə qalmayan yaşayış məskənlərini ürək ağrısı ilə müşahidə etdikcə erməni vandalizmini lənətləyirik, bu, goreşən xislətli topluma ünvanlamaq üçün sözlər arayırıq, ürəyimizi soyutmaqdan ötrü. Amma...Əslində sözü Azərbaycan Ordusu deyib, düşməndən qisasımızı almaqla, tarixi Zəfər qazanmaqla! Şəhidlərimizin qanı hesabına azad olunmuş tarixi yurdlarımızda sürətlə davam edən quruculuq işləri çox yaxın gələcəkdə Şərqi Zəngəzurun, Qarabağın əvvəlki dövrlərdən də gözəl simasını bərpa edəcəyinə şübhə yeri qormur. Tikilən yollar, körpülər, yaşayış məntəqələri, qurulan infrastruktur...Zəngəzur dəhlizinin tikintisi davam edən avtomobil yolu və dəmir yolu xətləri möhtəşəmliyi ilə səfərin təşkilatçısı və iştirakçısı olan jurnalist heyətimizin hər bir üzvünü qürurlandırır.

8a5bf1c6-3f07-4f28-a7c5-3ef64069b8d8.jpg (221 KB)

Cəbrayılın Arazqırağı viran qoyulmuş kəndlərinin ağrı-acısına, Xan Arazın o tayındakı Güney elinin həsrəti də əlavə olunur, köks ötürüb ara-sıra tüstü-bacalarından həyat əlamətlərini müşahidə etdiyimiz ünvanlardakı, Vətən Müharibəsi günlərində o taydan ordumuzun düşmənə endirdiyi zərbələri alqış və dualarla müşahidə edən, bizim qədər sevinən, fəxarət duyan canı və qanı bir bacı-qardaşlarımıza xəyalən salam və sayğılarımızı yollayırıq...

Öz sakinlərini isti qoynuna almış Zəngilanın Ağalı kəndində isə həyat öz axarı ilə davam edir. Müqayisə üçün tək bir fakt yetərlidir: bir tərəfdə Azərbaycan dövlətinin qurub-yaratdığı, bu torpaqların sahiblərini yaşatdığı kənd, digər tərəfdə Ermənistanın vandal siyasətindən geriyə qalanlar...

İlk dayanacağımız Zəngilanın Babaylı kəndi olur. Həmkarımız, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının, həmçinin ustad jurnalistimiz Qulu Məhərrəmlinin və mərhum Zabil Müqabiloğlunun doğulduğu ünvan, yurd yeri... Qeyri-ixtiyari işğal dönəmində Qulu müəllimin “anam hərdən durub deyir ki, kəndimizə gedirik?”-sözlərini və Zabilin “kəndimizin ermənilər tərəfindən necə yandırıldığını Arazın o tayından öz gözlərimlə gördüm”-niskilini xatırlayıram. Hətta o zaman yerli ağsaqqallardan biri kəndi tərk etməmişdi ermənilər hücuma keçəndə...Görəsən, ermənilər onun başına hansı müsibətləri gətiriblər...Babaylı kəndi Qarabağın və Şərqi Zəngəzurun işğaldan sonrakı halının acı bir nümunəsidir: evlərin halı dağıdılmış qəbristanlığı xatırladır. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlərin saldığı bu kənddə erməni canilər məscidi də darmadağın ediblər, viranədir Allah evi... Elməddin Muradlı atasının, babasının, digər həmkəndlilərinin “ev”lərini göstərir, danışır, çəkiliş edirik. Hansı hisslər keçirdiyini duymaq çətin deyil... “Xoş gəlmisiniz kəndimizə! Mənfur düşmənin ucbatından mən sizi belə qarşılayıram, ata-baba evimizdə qonaq edə bilmirəm”-deyir həmkarımız. Sonra da əli ilə göstərərək “baxın, yuxarıda dağıdılmış ev bizim evimizdir, mən orda anadan olmuşam, 12 il yaşamışam”-söyləyir...Ardınca göl yerini xatırladan ərazini göstərib deyir burada babası Rəsul kişinin ikimərtəbəli evi olub, əsər-əlamət qalmayıb...Bağlarından isə bircə nar ağacı duruş gətirib bu qədər müsibətlərə...

c1559c48-93e2-4fab-85b9-b98d0ad3b3ea.jpg (77 KB)

Belə ağır təəssüratlarla Həkəri çayının sahili boyunca yolumuza davam edirik. Yolboyu ağır tonnajlı yük maşınları, tikinti işlərinə cəlb olunan texnikalarla qarşılaşırıq. Quruculuq işləri yüksək sürətlə davam etdirilir. Fədakar polis əməkdaşlarımız ərazinin təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Laçınlı həmkarımız, Report.az İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə sükutu pozur: “Atamgilin 54 günlük mühasirədən sonra xilas olduğu yeri göstərəcəyəm sizə...” Ayaq saxlayırıq həmin ünvanda, bu dəfə İmdadın ağrılı xatirələrini dinləyirik. Film kimi...O insanlar hansı məşəqqətləri yaşayıblar, öz torpaqlarında, yurdlarında düşmən mühasirəsində olan zaman?..Mühasirədən xilas olmağı bacaran 19 nəfərin həyat hekayəsini dinləyirik və bu dağlara, xilaskar rolunu oynayan Həkəri çayına minnətdarlıq edirik...

7c4103ed-42d3-416d-91f2-87799f6166af.jpg (172 KB)

Bölgəni elektriklə təmin edən ilk ünvanlardan biri olan Güləbird Su Elektrik Stansiyasının yanından ötüb irəliləyirik, Həkəri körpüsünün altından keçib gedirik. Əmin-arxayın, əsgərimizə, sərhədçimizə, polisimizə, təhlükəsizlik əməkdaşlarına güvənərək! 2023-cü ilin 23 aprelində, saat 12.00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri məhz burada, ölkəmizin suveren ərazisində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu və bu da Azərbaycanın şərəf tarixinin ilklərindən oldu! Beləliklə, ərazi bütövlüyümüz, suverenliyimiz tam şəkildə təmin edildi. Sol tərəfdə, şərti sərhədin o üzündə Ermənistanın bayrağına ötəri nəzər salırıq, Azərbaycan bayrağının əzəməti qarşısında çox miskin görünür...

Bu qürurverici hisslərlə şəhərlər şəhəri, igidlər məskəni, hələ ötən əsrin əvvəllərində daşnaklar üçün qorxulu röyaya çevrilmiş Xosrov bəy Sultanovun yurduna - Laçına yetişirik! Amfiteatr şəklində tikilmiş şəhərin cazibə qüvvəsi ilk anlardanca ruhumuza hopur, bir-birindən gözəl, arxitektura qaydalarına uyğun şəkildə tikilmiş evlər, abad yollar, marketlər, iaşə obyektləri, müxtəlif qurumların yerli təşkilatlarına məxsus ünvanlar... Bütün bunlardan vacib olan Laçın sakinləri! 2023-cü ilin 28 mayından başlayan Böyük Qayıdış davam edir. Laçın torpağında olmağın xoşbəxtliyi canımıza-qanımıza hopur. Şükranlığımız sonsuzdur. Qarşılaşdığımız hər bir sakini, burada çalışan şirkət əməkdaşlarını bir-bir bağrımıza basmaq istəyirik.

Laçına Böyük Qayıdışla bağlı “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayevlə söhbətləşirik. “Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında başlayıb. İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanıb.8 ay kimi qısa müddətdə şəhəri təhvil vermişik.Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. 28 may tarixində Prezident Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını verdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərində 346 ailə 1326 nəfər köçüb. Zabux kəndinə bu gün növbəti köç baş verib və 121 ailə 475 nəfər gəlib.Toplam 467 ailə 1801 nəfər Laçına qayıdıb” - E.Abdullayev bildirir. Məlum olur ki, Laçında 530 metr uzunluğunda tramvay xətti də çəkiləcək. Artıq tramvayların sifarişi də verilib.

e562fc3b-96a6-4156-bdca-ab6e375a92d8.jpg (93 KB)

Laçın ağsaqqalı Qəzənfər Hüseynovun Laçının yüksək nöqtələrindən birində qərarlaşmış evində qonaq olduq. O qədər mehribanlıqla qarşıladı ki... Laçın ziyarətinə getmiş heyətimizin üzvlərini tək-tək bağrına basdı, çaya qonaq elədi... Deyir Laçın şəhərində özünü çox rahat hiss edir, hər hansı narahatlığı yoxdur: “Mənə hərdən sual verirlər ki, darıxırsan? Deyirəm yox, mən orda – Bakıda – darıxırdım. 31 ildir darıxırdım, həm də inanırdım və bu günü gözləyirdim. Allaha dua edirdim ki, bu günü – Laçının azadlığını görüm”. Hər hansı çətinliyin olub-olmadığını soruşanda “nə çətinlik ola bilər ki? Nə çətinlik olsa da, işğal dövrü, köçkünlük dövründəkilərlə müqayisədə çətinlik deyil. Gözəl şəhərimiz abadlaşır, gözəl təbiətimiz var”-deyir və ətrafdakı füsunkar mənzərələri vəsf edir Qəzənfər müəllim. Ömür-gün yoldaşı da ürəkdolusu razılıq edir, şükranlığını bildirir. İsrarla qonaq qalmağımızı istəyir bu, geniş ürəkli, Laçının rəmzinə çevrilmiş ziyalımız. Amma qayıtmalıyıq, inşallah növbəti dəfə, deyirik...

Laçına sevə-sevə qayıtmış digər sakinlərlə, şəhərda çalışan şəxslərlə görüşüb, söhbətləşirik. Hər birisindən xoş təəssüratlar eşidirik. Şəhidlərimizin ruhuna dualar edir, Ali Baş Komandanımıza təşəkkürlərini bildirirlər. Laçına getdiyimizi duyub bizimlə fikirlərini bölüşən laçınlı ziyalılarından biri Arif Gurşadoğlunun dediklərindən: “Bir vaxtlar yazmışdım ki,

Dağlardan Laçını görməkdən ötrü,

Sinəmdəki dağın zirvəsindəyəm...

Şükürlər olsun bu günlərə - artıq Laçını Laçının əzəmətli dağlarından görürük. Dağların əzəmətindən yoğrulan Laçın özü də əzəmətlidir, vüqarlıdı, qürurludu... 28 illik həsrətə 44 günə son qoydu Azərbaycanın igid oğulları. Hərbi meydandakı möhtəşəm qələbənin davamı siyasət masasında da davam elədi və Laçın öz azadlığına qovuşdu. 28 il ərzində Laçının daşı, qayası da düşmənə təslim olmamışdı. Ancaq qəribsəmişdi. Doğma eli-obası üçün yaman darıxmışdı Laçın... Cəmi bir ildə bərpa olunmuş Laçın şəhəri... Şəhidlərimizin canı, Qazilərimizin qanı bahasına azad olunmuş bütün ərazilərimiz, eləcə də Laçında bərpa-quruculuq işlərimiz davam edir. Evlər, yollar, məktəblər, bütöv bir şəhər bərpa olunur...” Bu möhtəşəmlikdən danışan Arif Gürşadoğlu ayrı-ayrı hallarda ortaya çıxan fikirayrılıqlarına da aydınlıq gətirir: “Bizlərin də istədiyimiz odur ki, Laçın məhz Laçının adına layiq bərpa olunsun. Səhlənkarlıq, özbaşınalıq, məsləhətsizlik heç olmasa 30 ildən sonra elinə qovuşan Laçını yaralanmasın... Laçın çox gözəldir! Allah bizlərə qismət eləsin, Laçınsevər dostlarımızı doğma Laçınımızda qarşılayaq...”

Laçın şəhərinin ilk sakinlərindən biri, ixtisasca jurnalist olan Emil Nəcəfli Laçının işğalından sonra, 1992-ci ildə Bakıda anadan olub. Amma Böyük Qayıdışın ilk heyətində məmnuniyyətlə yer alıb, bu ilin 28 mayından artıq Laçında yaşayır, işləyir: “İlk sakin olaraq mayın 28-də ailəmlə Laçına köç etmişik. Yəni sakinlərimiz inciməsin, ilk gələnlər daha yaddaqalan olur. Laçına ayaq basanda atamın, anamın və böyüklərimizin bizə danışdığından da artıq bir Laçın gördüm. Bakıda 31 il qaldım. Amma bu müddət ərzində Bakıda qonaq qismində qalmışam. Laçına, öz yurduma, ata-baba torpağıma gəlmişəm. Burda qalmaq, yaşamaq və çalışmaq mənim üçün şərəfdir. Mənim üçün şərəfdir ki, tanımadığım laçınlıları tanıyıram, tanımadığım Laçını addım-addım, qarış-qarış gəzirəm. Laçın qısa bir müddətdə tikilmiş, ancaq böyük səs-küyə səbəb olan şəhər oldu. Bizə bu günü yaşadanlara - şəhidlərimizə öncə Allahdan rəhmət diləyirəm. Qazilərimizə cansağlığı, döyüşdə iştirak edən veteranlarımızı Allah qorusun. Ali Baş Komandana, cənab Prezidentimiz İlham Əlliyevə öz minnətdarlığımızı bildiririk ki, bu günü bizə yaşatdı, biz də doğma yurdumuzda-yuvamızda işləyirik və əlimizdən gələn qədər Laçını inkişafa doğru aparmağa çalışırıq. Dünyanın ən böyük xoşbəxtliyi burdadır, öz yaşıdlarımı da Laçına gəlməyə səsləyirəm”. “Nə zaman gəlsəniz, gözümüz üstə yeriniz var” - deyir gənc laçınlı qardaşımız.

0749d3ed-681a-45f0-b63b-485d7cc3a90f.jpg (134 KB)

Laçında doğulmadığı halda bu şəhərə ilk qayıdanlardan olan Emil Nəcəflinin dedikləri bəs edər ki, Qarabağı, Zəngəzuru görməyənlərin guya azad olunmuş yurd yerlərimizə qayıtmaq istəməyəcəkləri barədə bədxah fikirlərin üstündən xətt çəkilsin. Laçının Seyrəngah adlanan ərazisində söhbətləşirik. Elə laçınlıların şəhərdəki Prezidentlə ilk görüşü də bu məkanda olub, ilk sakinlərin mənzillərinin açarları burada təqdim olunub.

Həmsöhbət olduğumuz hər kəsdə eyni istək gördük: fərqi yoxdur, rəsmi şəxslər, yaxud sadə insanlar, hamı hesab edir ki, şəhidlərimizin ruhunu şad etmək, Ali Baş Komandanımızın başçılığı ilə qazandığımız zəfərlərə layiq olmaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Burada yurd-yuva qurub, yaşamağın özü də qələbəmizə töhfədir, çünki Laçının strateji əhəmiyyəti olduqca böyükdür. Laçın ölkəmizin qapısıdır, bu qapı bundan sonra daim etibarlı əllərdə olmalıdır! Dövlətimiz də məhz bu kimi amilləri nəzərə alır. Ümumilikdə Laçın şəhərinə və 17 km-likdəki Zabux kəndinə köçürülən sakinlərin sayı 1800-ü adlayıb. Qaz, elektrik, internet, su problemi yoxdur. Laçında artıq kinoteatr var, sakinlərin mədəni istirahəti üçün işlərə başlanılıb. İşğal illərində ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binasıcəmi 8 aya bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Laçın kinoteatrında “Mən Burdayam İlahi” adlı Azərbaycan filminin nümayişi həm də rəmzi məna daşıyır.  

İş yerlərinin açılması ilə bağlı isə unikal layihələr həyata keçirilir. Bizim səfərimizdən bir gün sonra isə Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək, sakinlərə yeni iş yerləri təklif ediləcək. Burada çalışan işçilər aldığı maaşdan məmnun olduqlarını bildirirlər. 1 saylı Laçın şəhər orta məktəbi göz oxşayır. Köç davam etdikcə, şagird sayı da artır.

81faceb1-8893-4b9c-a165-23d423174961.jpg (114 KB)

Günəş qüruba enir. Bizsə şəhəri gəzməkdən yorulmuruq. Əsrə bərabər gündür, doymuruq bu möhtəşəm ziyarətdən. Prezident İlham Əliyevin Bayraq meydanında ucaltdığı bayrağımızı ziyarət edirik. Laçını üzük qaşı kimi həlqəyə alan vüqarlı, zirvələri qarlı dağların seyrinə çıxırıq. Hoçaz dağı elə vüqarlıdır ki...Adam bir anlıq elə zənn edir dağlarımız da bu azadlığa, zəfərə sevinir, vüqarı, əzəməti özünə qayıdıb... Günəşli Laçının mavi səmasından asılmış buludlar da bir ayrı biçimdədir, rəngarəngliyi ilə sehrə salır insanı. Həkəri sahilinə, Laçın bulvarına enirik. Buranın gözəlliyi bir başqadır. Laçının gecəsindən də zövq almaq imkanımız oldu. Dolanbac yollarboyunca sayrışan işıqlar Laçının ecazkarlığını daha da artırır. Qarşı tərəfdə - Qərbi Azərbaycan torpaqlarında közərən lampalarla müqayisədə Laçının gur işıqları bam-başqadır...

Azad və abad Laçında hər kəs məmnundur, qüruruludur, güvənlidir. Hər kəs dövlətimizə inanır, arxayındır, hər şeyin daha yaxşı olacağına əmindir. Laçına qayıtmış insanlardan “qonağımız olun, Laçında hər bir evi öz eviniz bilin”, sözlərini eşitmək nə qədər xoşdur. “Azərbaycanın İsveçrəsi”dir Laçın, yerli və xarici turistlər üçün “olmazsa, olmaz”a çevriləcək tezliklə.

06835b84-6176-423f-b8fe-5baa818e8307.jpg (98 KB)

Beləliklə, Laçında “əsrə bərabər” gün yaşadıq, 30 ilə yaxın düşmən əlində əsir-yesir qalmış, birdəfəlik əsarətdən xilas edilmiş müqəddəs yurdumuzda... Təbii ki, heç doymadıq. Bunca həsrətdən sonrakı vüsalın şirinliyini duymayan duymaz. Laçın elə gözəlliklərə sahibdir ki, saymaqla bitən-tükənən deyil.

Uca Yaradan Laçından heç nəyi əsirgəməyib. Azərbaycanımızın gözəl məkanlarından biri olan bu, dilbər guşəmiz dosta cənnət bağı, düşmənə göz dağı olacaq tarix boyunca. Hələlik, salamat qal Laçın, deyib ayrılırıq. Gecənin xəfif mehi əsir, məşhur “Yeddiqat” dolayları ilə üzü Şuşaya qalxırıq. Qarşıda bizi gündən-günə abadlaşan, doğma sakinlərini bağrına basan Füzuli şəhəri gözləyir. Daha sonra başkəndimizə yol alırıq, xoş təəssüratlarla...

Elşad Paşasoy,
Bakı-Laçın-Bakı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR