Onlayn ictimai-siyasi qəzet
Bərpa prosesində turizm potensialına uyğun infrastruktur yaradılır
Avqustun 26-sı Azərbaycanda Laçın günü kimi qeyd olunur. Artıq ikinci dəfədir ki, bu gün Qarabağın dilbər guşələrindən biri olan Laçında yüksək səviyyədə qeyd olundu. Məlumat üçün bildirək ki, əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərinə 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya ictimaiyyətinin də diqqət mərkəzindədir: “Tikinti-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Bütövlükdə, Laçında 700-dən artıq bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış, 9-u çoxmənzilli binadır. Rayonda 2 nömrəli 510 şagird yeri olan tam orta məktəb var. Həmçinin Prezidentin sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da diqqət mərkəzindədir. Laçın rayonunun çətin və mürəkkəb relyefə malik olmasına baxmayaraq, bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələrə böyük üstünlük verilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu daha da artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək”.
Yusif Bağırzadə
Siyasi ekspert Yusif Bağırzadənin sözlərinə görə, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır: “Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırda buynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bütün sadalananlar onu deməyə əsas verir ki, Laçın tezliklə Azərbaycanımızın ən dilbər güşələrindən birinə çevriləcək”.
Hazırladı: Etibar SEYİDAĞA
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ