Onlayn ictimai-siyasi qəzet
Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.
Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.
Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ