İnsanlara hürriyət, millətlərə istiqlal!

Kursk və Donbas cəbhələrində qırğın gedir, hər iki tərəf irəliləyir - yeganə ümid Bakıdır...

Ukrayna yeni ərazilər tutur, ruslar mühasirəyə düşür, “Z” ordusu isə baş verənlərə baxmadan hücumu gücləndirir - Azərbaycan vasitəçi ola bilərmi?

“Kurska hücumdan sonra Ukrayna məğlub edilməyənədək beynəlxalq tərəfdaşların onlara təlqin etdiyi sülh danışıqlarından söhbət gedə bilməz”.

“Yeni Müsavat”ın xəbərinə görə, avqustun 21-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev belə deyib. O bildirib ki, Qərbin şərtləri daxilində aparılacaq danışıqlar nəticə verməyəcək. “Ölkəmizə qarşı terror aktı hazırlayan dövlətin rəhbəri bilsin ki, Ukrayna mənasız itkilərlə hələ çox üzləşəcək, onların xeyli sayda hərbi texnikası məhv ediləcək”, - D.Medvedyev vurğulayıb. Ukrayna ordusunun Kurska hücumu başladıqdan bu yana 31 nəfər ölüb, 143 nəfər yaralanıb. Yerli Səhiyyə Xidmətindən məlumat verilib. Yaralananlardan 79-u xəstəxanaya yerləşdirilib, onlardan 4-ü uşaqdır. Rusiya isə Ukraynanın işğal altında olan Çasov Yar məntəqəsindən qoşunlarını çıxararaq, Kurska daşıyıb. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (MTİ) bu məlumatı yayıb. Deyilir ki, 11-ci Hava Desant Qüvvələri Ukrayna ordusuna Kursk vilayətinin Sudja şəhərinin şərqində hücum etməyə cəhd edib. Amerikalı ekspertlər hesab edirlər ki, rusların qoşunlarının bir hissəsini çıxarması onların Ukrayna ərazisində zəifləməsi demək kimi qəbul olunmamalıdır. Onlar hesab edirlər ki, desant qüvvələri nizami əsgərlərdən təşkil olunsa da, aktiv döyüşlərin iştirakçısı hesab olunmurlar.

Hazırda Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpülərə və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar. Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı da ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi. “Rusiya Ukraynanın hücumuna cavab vermək üçün az sayda hərbi qüvvəsini Kursk bölgəsinə yerləşdirib”. Bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib. “Mən deyərdim ki, ümumilikdə Rusiya bütün gücü ilə Ukraynanın əməliyyatına cavab verməyə çalışır. Siz də Ukraynada müəyyən uğurları görməkdə davam edirsiniz”, - Rayder bildirib. Eyni vaxtda Moskva üzərində 11, Bryansk vilayətində 23, Belqorodda 6, Kaluqada 3, Kurskda 2 PUA-nın vurulduğu açıqlanıb. Bütün bu hadisələrin fonunda Kursk vilayətində Ukrayna nəinki əsirlərin mübadiləsi, həm də ərazilərin mübadiləsi üçün fond yaradıb - ukraynalı hərbi ekspert Denis Popoviç bu qənaətdədir. Popoviç bildirib ki, əməliyyatın məqsədinin Ukraynada Rusiya ordusunun ehtiyatlarını cəbhədən uzaqlaşdırmaq olduğu açıq-aydın görünür: “Strateji mənada burada məqsəd təkcə əsirlərin mübadiləsi deyil, ən azı ərazi fondu yaratmaqdır”. Onun sözlərinə görə, ərazilərin mübadilə fondu yaradılmalıdır ki, Ukrayna nə vaxtsa başlayacaq müharibənin dayandırılması ilə bağlı danışıqlara güclü mövqedən daxil olsun".

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq sonu görünməz bir vəziyyətə gəlib. Savaş Rusiya ərazisinə keçib, nüvə təhdidləri artıb, üstəlik, Belarusdan yeni cəbhənin açılması yönündə məlumatlar var. Bu mənada suallar meydana çıxır ki, Rusiya-Ukrayna müharibəsi nə zamanadək davam edə bilər? Ən əsas sual: Rusiya lideri Vladimir Putin Bakıda olarkən Prezident İlham Əliyevlə Ukrayna məsələsinə dair də müzakirə aparılıb. Belə fikirlər səslənir ki, Rusiya-Ukrayna savaşının bitməsi üçün Bakı sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edə bilər. Bakının vasitəçiliyi uğurlu nəticələrə, ən azı atəşkəsə, danışıqların başlamasına səbəb ola bilərmi? Hərgah, tərəflər masaya oturmaqla bağlı ümidverici bəyanatlar səsləndirmirlər. Üstəgəl, Qərb münaqişənin uzanması üçün yardımları davam etdirir və Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icaz verməkdədir. Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib ki, bu yay biz Qərb silahlarının istifadəsində müsbət dəyişikliklər gördük. Onun fikrincə, Rusiya ərazisində tətbiq edilən Qərb silahlarının siyahısı genişləndirilir və ən yaxşı halda 2024-cü ilin sonuna qədər uzaqmənzilli silahlarla bağlı müsbət qərar da alınacaq.

Ən son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrin 95-ci əlahiddə hava desant briqadasının hərbçiləri rusların Kursk vilayətindəki bölmələrini mühasirəyə alıblar.  “Forbes” nəşri yazıb. “Rusiya təbliğatçıları yazır ki, Ukrayna desant qüvvələri Sudja yaxınlığında yerləşən Malaya Loknya kəndini ələ keçirmək istəyirlər. Onların bildirdiyinə görə, Ukrayna hərbçiləri Malaya Loknyaya hücum zamanı rusların bu kənd və Russkiy Poreçniy kəndi yaxınlığındakı mövqelərini keçərək, yolu kəsib və 18-ci motoatıcı diviziyanın bölmələrini operativ mühasirəyə alıblar”, - nəşr bildirib. Paralel olaraq isə Kursk vilayətində kifayət qədər böyük əraziləri itirməsinə baxmayaraq, Rusiya buna elə də ciddi əhəmiyyət vermədən Donbasın işğalını davam etdirir. “BİLD” nəşrinin tanınmış analitiki Julian Repkenin fikrincə, Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət fəlakətlidir. Belə ki, rus ordusu əhəmiyyətli nəqliyyat qovşağının yerləşdiyi Pokrovskun 7-8 kilometrliyinə çatıb. Həmçinin bildirilir ki, rus qoşunları Toretsk şəhərinin şərqinə - Drujba və Severnı bölgələrinə doğru irəliləyib. Bu barədə “Deep State” analitik layihəsinin yenilənmiş məlumatlarında deyilir. Hələ avqustun 17-də məlum idi ki, ruslar Donetsk vilayətinin Nikolayevka kəndini, avqustun 13-də isə daha üç yaşayış məntəqəsini: Lisiçnoye, İvanovka, Sviridonovkanı ələ keçiriblər. Bununla yanaşı, hazırda Donetsk vilayətindəki Nyu-York yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir. Ruslar Severnıda, Drujbada, Zavetnıda, Novoqrodovka və Qriqoryevka yaxınlığında irəliləyib.

Rüstəm Tağızadə: “Ermənistanın təxribata əl atması Ağdam yolu ilə bağlıdır”  – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Rüstəm Tağızadə

Politoloq Rüstəm Tağızadənin sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlardan əvvəl öz mövqeyini gücləndirmək üçün əməliyyata başlayıb: “Ukraynanın Kursk bölgəsini danışıqlara qədər saxlaya bilib-bilməyəcəyinə bir neçə amil təsir göstərəcək. Bu amillərə hərbi güc, strateji planlaşdırma və Rusiyanın cavab tədbirləri daxildir. Ukrayna öz qüvvələrinin yaxşı təchiz edilmiş, yaxşı təlim keçmiş və Kursk bölgəsində uzunmüddətli müdafiəni davam etdirməyə qadir olmasını təmin etməlidir. Bölgəni saxlamaq təkcə ilkin uğur deyil, həm də Rusiyanın potensial əks-hücumlarını dəf etmək bacarığını tələb edərdi. Eyni zamanda Kursk bölgəsi relyefinə və əsas təchizat xətlərinə yaxınlığına görə tarixən strateji məkan olub. Bu əraziyə nəzarət Ukraynaya əhəmiyyətli üstünlüklər verəcək, eyni zamanda bölgəni Rusiyanın onu geri almaq üçün intensiv səyləri üçün hədəfə çevirəcək”.

Analitikin fikrincə, Rusiya, ehtimal ki, Ukraynanın Kursk bölgəsində hər hansı irəliləyişinə aqressiv cavab verəcək və öz hərbi imkanlarından istifadə edərək nəzarəti bərpa etməyə çalışacaq: “Ukrayna bölgədəki mövqeyini qorumaq üçün bu hərəkətləri qabaqcadan görməli və onlara qarşı durmalıdır. Danışıqların dinamikasına gəlincə, Ukraynanın Kursk vilayətini saxlamaqda uğuru Rusiya ilə danışıqların dinamikasına təsir edə bilər. Əgər Ukrayna əraziyə güclü nəzarət nümayiş etdirərsə, o, potensial olaraq daha əlverişli şərtlərə gətirib çıxara biləcək güc mövqeyindən danışıqlara başlaya bilər. Ukrayna üçün ən pis ssenari isə budur ki, əgər Rusiyanın əks-hücumları böyük olarsa və Ukrayna danışıqlardan əvvəl regiona nəzarəti itirərsə, bu, Ukraynanın mövqeyini zəiflədə və danışıqlarda daha az əlverişli şərtlərə gətirib çıxara bilər”.

Vaşinqtonla Bakının əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" - Aqşin  Kərimov News 365

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, Ukrayna qoşunları Rusiya ərazilərində məhdud irəliləyişlər əldə edib. Onun sözlərinə görə, Ukrayna Kurska müdaxilənin ilk günlərində Rusiya qoşunlarının Ukraynadakı əməliyyatlarına mənfi təsirlər yarada bilmişdi, ancaq sonrakı günlərdə Rusiyanın Ukraynaya hücum kampaniyasına əhəmiyyətli təzyiq yarada bilmədi: “Ən son təsdiqlənmiş məlumatlara əsasən, Rusiya qoşunları Ukraynada Pakrovsk, Vuhledar, Kupyansk və Svatove yaxınlığında irəliləyib. Əslində Kursk səhnəsi Rusiya və Ukraynanı daha geniş cəbhə boyunca əməliyyatlara məcbur edir ki, bunun öhdəsindən gəlmək hər iki tərəf üçün çətindir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR