Onlayn ictimai-siyasi qəzet
"Avropa İttifaqı (Aİ) Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etməkdədir. 2024 - cü ilin 31 dekabr tarixində Ukrayna və Rusiya arasında tranzitlə bağlı sazişin vaxtı bitir".
Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib. O əlavə edib ki, Kurskun Sudja (Suca) rayonundan keçən qaz kəmərilə hazırda Slovakiya, Avstriya və digər ölkələr 15-16 milyard kub metr qaz idxal etməkdədirlər:
“İmtina ilə əlaqədar boşluğu doldurmaq üçün Aİ Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir.
Bununla bağlı həm Kiyevin, həm də Brüssellin Azərbaycana müraciəti var. İstisna deyil ki, ən optimal variant kimi Kursk vasitəsilə təbii qazın Ukraynaya keçidini Azərbaycan tərəfi təmin etsin. Beləcə, biz daha bir istiqamətdə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyik. Eyni zamanda Ukraynanın bu dövlət üçün çox vacib tranzit statusunun itirilməməsinə və Rusiyanın təbii qazla bağlı dolayısı yolla Avropada az da olsa qalmasına töhfə verəcəyik.
Son baş verənlər, dünyada digərlərinin deyil, məhz Azərbaycanın bütün istiqamətlərlə məhsuldar siyasət apardığını göstərir".
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ