Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron yenə Ermənistana reverans, bölgənin açar ölkəsi Azərbaycana qarşı isə həyasız demarş edib. Belə ki, ermənipərəst prezident yenə ölkəmizi Ermənistana qarşı təxribatda suçlayıb.
KTMT-nin ötən həftə sonu keçirilən iclasında Ermənistanın baş naziri Nikol Paşinyan ağır zərbə aldı. Belə ki, gözləntilərinin əksinə olaraq, KTMT adından 13 sentyabr sərhəd toqquşmalarına siyasi qiymət verilmədi. Rusiya lideri Vladimir Putin isə çıxışında bildirib ki, sülhə aparan ən real yol Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əvvəllər əldə edilmiş razılaşmalara əməl etməkdir. Beləcə Rusiyanı “KTMT-dən çıxmaqla” hədələyən Ermənistana həm də “yerini göstərdilər”. Əslində Ermənistana demək istədilər ki, əgər cəsarətin varsa, indi Qərbin dediyinə bax, KTMT-dən çıx, get, səni onlar qorusunlar.
Qeyd edək ki, Mülkü Müqavilə Partiyasının qurultayında Nikol Paşinyan KTMT-nin mövcud olmadığını bildirib. O deyib ki, 2021-ci ilin yanvar razılaşmasının mühüm məqamlarından biri də Ermənistanın sərhədlərinin müttəfiqlərimiz üçün qırmızı xətt olması idi: “2021-ci il mayın 12-də azərbaycanlılar Sotk-Xoznavar hissəsində sərhədi pozanda biz beynəlxalq sənədlər əsasında qırmızı xəttin pozulduğunu və işə salınmalı olan mexanizmlərin olduğunu bildirdik. Bizə dedilər: bəli, amma sərhəd demarkasiya olunmayıb. Sərhədin haradan keçdiyini bilmədiyi barədə bəyanat bir şeyi ifadə edir - KTMT yoxdur. Çünki KTMT-nin üzv dövlətlərin sərhədləri daxilində qapalı olan məsuliyyət zonası var. Əgər dövlətlərdən birinin sərhədi yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur, yəni təşkilatın özü də yoxdur. Bizim mövqeyimiz belədir - sərhəd var. Ermənistanla Azərbaycan arasında Sovet İttifaqının inzibati sərhədi olan dövlət sərhədi var və o pozulub. Rusiya kimi ikitərəfli formatda öhdəlikləri olan KTMT də üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.
KTMT-nin son toplantısında maraq doğuran bir məqam diqqətdən kənarda qaldı - Paşinyan iclasda deyib ki, qurumun baş katibi Stanislav Zasın hesabatı təqdim edilib. Paşinyan dediyinə görə, hesabatda Azərbaycan birləşmələrinin Ermənistan ərazisinə “təcavüzü faktı təsdiqlənib” və hətta bu insidentin təkrarlanması təhlükəsinin olduğu bildirilib. Həmçinin hesabatda Azərbaycan qüvvələrinin öz əvvəlki mövqelərinə qayıtmasının zəruriliyinin əks olunduğunu deyib. Paşinyanın sözlərinə görə, İrəvan “KTMT-nin aydın siyasi qiymət verəcəyini və Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı yol xəritəsini qəbul edəcəyini” gözləyir. “Bu, təkcə hökumətin deyil, həm də Ermənistan xalqının gözləntiləridir”, - o vurğulayıb.
Lakin Paşinyan “Putin NATO”sundan “əliboş qayıtdı”. KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində hesabatı ilə bağlı ətraflı məlumat açıqlanmayıb. Missiyaya rəhbərlik edən general-polkovnik Anatoli Sidorovun hazırladığı hesabat Ermənistan Müdafiə Nazirliyinə də təqdim edilib. Sonra isə KTMT-nin baş katibi Stanislav Zas İrəvana gedərək Paşinyanla görüşüb. İndi Paşinyan iddia edir ki, KTMT Azərbaycanın “sərhəddə təcavüz” faktını “tanıyıb”. Bəs KTMT həqiqətən də sərhədlə bağlı hesabatında, Paşinyanın iddia etdiyi kimi, Azərbaycanı “təcavüzkar kimi tanıyıbmı?” Bu belədirsə, Azərbaycan hesabata reaksiya verməlidirmi?
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, KTMT iclasında üzv ölkələr birmənalı mövqe nümayiş etdirdilər: “İclasda ümumi rəy ondan ibarət idi ki, sərhədlər dəqiqləşməyib, ona görə də ordunun sərhədin hansı hissəsini keçdiyi məlum deyil. Ona görə bu məsələ KTMT-nin məsuliyyət dairəsinə aid deyil. Paşinyanın indi belə fikir səsləndirməsi absurddur. Bu, erməni auditoriyasına hesablanmış çıxışdır. Onun üçtərəfli görüşdən əvvəl səsləndirdiyi bəzi fikirlər də var ki, konkret Ermənistan müxalifətinə, ictimaiyyətinə hesablanmışdı. Paşinyanın bu mövqeyi özünü qorumaq, reabilitasiya etmək məqsədi daşıyır. Belə bir hesabat olmadığı halda rəsmi Bakının münasibət bildirməsinə ehtiyac yoxdur”.
Fuad Əliyev
ALDP sədri Fuad Əliyev isə hesab edir ki, Paşinyan ağ yalan danışır: “Hesabatda elə bir ifadə varsa, ortaya qoysunlar. Ermənistan hakimiyyətinin xəmiri yalanla yoğrulub. Onlar bütün məsələləri öz bildikləri kimi təqdim edirlər. Zəngəzur dəhlizinin açılmasına aid razılaşmanı da təhrif edirlər və boyun qaçırırlar. Paşinyan Putinlə ikitərəfli görüşdə də məsələ qaldırmışdı ki, Azərbaycan qoşunları Qarabağdan rusların olduğu yerlərdən çəkilməlidir. Amma unudub ki, Qarabağdan çəkilib rədd olmalı biri varsa, o da silahlı erməni birləşmələridir və bu da 10 noyabr sənədinin 4-cü bəndində qeyd olunub. Yəni Ermənistanın baş naziri bütün mövzularda öz ağlının kəsdiyini dilə gətirir”. Partiya sədrinin fikrincə, KTMT sərhəd mövzusuna nöqtə qoyub və Belarus lideri Lukaşenkonun növbədənkənar sessiyada Paşinyanın üzünə söylədikləri də göz qabağındadır: “Ermənistan Azərbaycanla sərhədləri müəyyən etməlidir. Əgər sərhədlər dəqiqləşsə, demarkasiya aparılsa, bundan sonra ordumuz Ermənistana aid əraziyə keçsə, onda KTMT-yə müraciət etməyə əsas ola bilər. Bu gün sərhəd yox, Paşinyan aləmə car çəkir ki, suveren ərazilərimizə daxil olublar. Onun bütün çıxışları həm cəmiyyəti sakitləşdirməyə, həm KTMT-dən çıxmaq üçün bəhanələr axtarmağa yönəlib. ABŞ da Ermənistana qarantiya durmağa hazırdır, bir şərtlə ki, KTMT-dən çıxsınlar, rus bazalarını çıxarsınlar. Bu gün Paşinyanın ürəyindən bu fikirlər keçir, amma gücü çatmır. Ermənistanda güclənən anti-Rusiya ovqatının bir parçası da KTMT-yə qarşı fəaliyyətdir. Hətta təşkilatdan çıxmaq tələbi ilə aksiyalar keçirilib. Spiker Simonyan da dedi ki, KTMT Ermənistanı itirə bilər”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Paşinyan çıxışı zamanı KTMT qarşısında şərt qoymuşdu: “Şərt ondan ibarət idi ki, təşkilat Azərbaycan Ordusunun sərhədlərə geri çəkilməsinə vadar edilməsi ilə bağlı yol xəritəsi qəbul etməlidir. Eyni zamanda Ermənistan KTMT-dən Azərbaycan Ordusunun guya Ermənistan ərazisinə girməsinə görə bəyanat verilməsini istəyirdi. Lakin iclas zamanı Paşinyanın bütün istəkləri nəinki qəbul edilmədi, hətta Ermənistandan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi tələb edildi”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ