Onlayn ictimai-siyasi qəzet
Mövcud olduğu 70 il ərzində SSRİ-də ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələri ciddi partiya nəzarətində saxlanıb. Bu nəzarət Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin rəhbərliyi ilə müvafiq ittifaqlar, komitə və nazirliklər tərəfindən həyata keçirilib. Sözügedən sahə üzrə son söz isə baş katiblə razılaşdırdıqdan sonra Mərkəzi Komitənin ideologiya üzrə katibində olub.
Sözsüz ki, bu cür “çoxmərtəbəli” nəzarət mexanizmi yaradıcı insanlarda ciddi narahatlıq yaradıb. Mövcud rejimə, “qayda-qanun”a qarşı çıxanların aqibəti isə heç də ürəkaçan olmayıb. Amma bəzən Kreml rəhbərliyi söz-sənət adamlarına da qahmar çıxıb...
1935-ci ildə Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinə müdir təyin olunan Aleksey Stetski yaradıcı mühitdə mütləq söz sahibi olmaq üçün həssas təbəqənin üzvləri ilə daha sərt davranıb. Repressiya dalğalarının tüğyan etdiyi bir vaxtda Kremlin baş təbliğatçısı Stalinə siyahılar təqdim etməklə neçə-neçə yazıçını, şairi, bəstəkarı, rəssamı sürgünə yola salıb. Növbəti dəfə isə onun hədəfinə Mixail Şoloxov düşüb.
Stetski hər dəfə yazıçılarla müşavirə keçirəndə uzun-uzadı və heç bir mənası olmayan mülahizələri ilə hamını yorub. O, dövrün tanınmış yazıçılarına yazmağı, qəhrəmanları seçməyi, əsərlərdə partiya xəttini saxlamağı öyrətməyə çalışıb və bütün bunları olduqca kobud şəkildə, bəzən yazıçıları aşağılamaqla edib. 1937-ci ildə keçirilən belə müşavirələrin birində Kremlin baş təbliğatçısı Şoloxovu az qala təhqir formasında tənqid edib. Şoloxov bir müddət özünü ələ ala bilsə də, sonda səbri tükənib. O, sakit addımlarla Stetskiyə yaxınlaşıb, çənəsinə güclü bir zərbə endirməklə, Siyasi Büronun üzvü olan Mərkəzi Komitənin şöbə müdirini yerə sərib. Stalin rejimində bu hadisənin nə ilə nəticələnəcəyi hamıya gün kimi aydın olub. Digər tərəfdən Şoloxovla “NKVD” rəhbəri Nikolay Yejovun da arasında ciddi konfliktlər ondan xəbər verib ki, yazıçı ən ağır cəzaya məhkum olunacaq.
Səhərisi gün saat 10-11 radələrində Şoloxova zəng gəlib. Telefon xəttinin o başından Stalinin köməkçisi Poskrebışevin səsi eşidilib:
Mixail Aleksandroviç, sizi Mərkəzi Komitədən Stalinin şəxsi katibi Poskrebışev narahat edir. Yoldaş Stalin dünənki hadisə ilə maraqlanır. Həqiqətənmi, siz Stetskiyə əl qaldırmısınız?
Bəli, belə bir hadisə olub.
Daha iki saat keçdikdən sonra Poskrebışev yenidən Şoloxova zəng vurub:
Yoldaş Stalin dedi, sizə çatdırım ki, Stetskini bir zərbə ilə yerə yıxmaqda haqlısınız və təşəkkürünü bildirdi.
Onu da xatırladaq ki, bu hadisədən bir il sonra Stetski antisovet fəaliyyətdə ittiham olunaraq güllələnib.
Şoloxovun həyatı belə qarışıq və maraqlı hadisələrlə zəngin olub. Hələ 17 yaşında olarkən kəndlərində vergi müfəttişi işləyən Şoloxov vəzifə səlahiyyətlərini aşdığına görə güllələnmə hökmünə məhkum edilib. Valideynlərinin çevikliyi sayəsində onun yaşı iki il azaldılaraq edamdan xilas edilib.
Yazıçı ikinci dəfə 1938-ci ildə Yejovun güllələnmə siyahısına düşüb. “NKVD” başçısı Şoloxovdan şəxsi qisasını almaq istəyib. Belə ki, tədbirlərin birində Şoloxovla Yejovun həyat yoldaşı tanış olublar. Onların ədəbiyyatdan başlanan söhbətləri yataqda bitib. Onların görüşləri və görüşlərin yeri haqqında Yejova dəqiq məlumat verilib. Çütlük adətən “Natsional” mehmanxanasında görüşüb ki, Yejovun göstərişi ilə onların nömrələrinə səsyazma qurğular yerləşdirilib. Bir neçə gündən sonra isə Yejov həmin qurğulardan intim səslər, yataq söhbətləri, sevgi etirafları eşidib. Yejov öz vəzifəsindən istifadə edərək yazıçını məhv etmək istəsə də, Stalin buna imkan verməyib.
Şoloxov sıravilərlə açıq ünsiyyətdə olduğu kimi məmurlarla da ünsiyyətdə danışıqlarına, fikirlərinə məhdudiyyət qoymayıb. Məsələn, Stalin onu qəbuluna çağırında və söhbət ədəbiyyatdan düşəndə yazıçı sovet liderinə “məsləhət” verməkdən çəkinməyib:
Yoldaş Stalin, belə söhbətlər bir badə şərabla daha yaxşı alınır.
Stalin Şoloxovun bu”məsləhət”ini eşidib, yazıçını gürcü şərabına qonaq edib.
Şoloxov çılğın Xruşovla da rahatlıqla dil tapıb. O, sovet lideri ilə açıq müzakirələr aparıb, mövcud problemlərdən söhbət açıb. Xruşov onu kiçik qədəhdə konyaka dəvət edəndə isə yazıçı çəkinmədən etirazı bildirib:
Nikita Sergeyeviç, göstəriş verin, süfrəyə araq və böyük qədəh gətisinlər.
1965-ci ildə Şoloxov ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. Mükafatın təqdimolunma mərasimində də Şoloxov özünəməxsusluğu ilə fərqlənib. Adətən laureatlar mükafatı alarkən İsveç kralına təzim etdiyi halda Şoloxov bu prosedurdan imtina edib:
Biz kazaklar xalqdan başqa heç kimə təzim etmirik...
Qeyd edək ki, Şoloxovun ali təhsili olmayıb, o, yalnız dörd illik gimnaziyanı və vergi kurslarını bitirib. Buna baxmayaraq, yazıçı SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olub və SSRİ-nin ən ali dövlət mükafatlarına layiq görülüb.
Yazıçı Moskvada mənzil və bağ evinə sahib olsa da, o, daha çox doğma yurduna, Rostov vilayətinin Veşenskaya kəndində bağlı olub, ömrünün son illərini həmin kənddə keçirib. 1984-cü ildə, ölümündən öncə Şoloxov onu öz hətyətində dəfn etməyi vəsiyyət edib.
Şoloxov bir çox əsərləri ilə dünya ədəbiyyatına iz qoyub. “Sakit Don” isə yazıçının şah əsəri sayılır ki, onun yazılması və ərsəyə gəlməsi Şoloxova heç də asan başa gəlməyib. Bu haqda növbəti saylarımızda ətraflı yazı təqdim edəcəyik.
İlham Cəmiloğlu, Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ