Onlayn ictimai-siyasi qəzet
Rusiya dünyada təklənərək, "geopolitik küncə" sıxışdırılmış dövlətdir. Kremlin təhdidkar davranış vərdişləri hətta Rusiyanın ən yaxın müttəfiqlərini belə, bu dövlətlə qarşılıqlı münasibətlərdə ehtiyatlı mövqe tutmaq məcburiyyətində buraxır. Ona görə də, bir çox hallarda Rusiya ilə strateji tərəfdaşlarının münasibətlərində davamlı ziddiyyətlərə bağlı çatlar müşahidə olunur.
Ən əsası isə Kreml Rusiyanın strateji tərəfdaşlarında etimad limiti açmaqda çətinlik çəkir. Islində, buna elə bir cəhd də gpstərmir. Çünki Kremlin müasir dünyadan geri qalmış strateji tərəfdaşlıq anlayışı məhz Rusiyanın hegemonluğuna itaət edilməsinə məcburiyyət yaradılması cəhdləri ilə məhdudlaşır. Və bu, Kremllə tərəfdaşlıq ehtimalı olan dövlətləri Rusiyadan uzaqlaşdırır.
Məsələ ondadır ki, Kremlin müasirlikdən uzaq narrativləri Rusiyanın həm daxili idarəetmə, həm də xarici siyasət baxımından, siyasi-ideoloji və praktiki hədəflərini müəyyən edir. Belə ki, Rusiyada güclü prezident üsul-idarəsi hakimiyyətin mərkəzləşdirilməsini təmin edən faktordur. Və Kremlin hakim siyasi ideologiyasında sovet dövrünün "böyük dövlət" obrazı, eləcə də, çar Rusiyasının imperialist narrativləri əsas geopolitik hədəfləri müəyyən edir.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın xarici siyasət hədəflərində müasir beynəlxalq hüquq və əməkdaşlıq modelləri mövcud deyil. Kreml daha çox "geosiyasi rəqabət" və "Qərbin düşmənçiliyinə qarşı müqavimət" narrativlərini ön planda tutur. Və bu, Rusiyanı beynəlxalq təcrid durumuna salır, regional qarşıdurmalarda daha aqressiv mövqe tutmağa sövq edir.
Təbii ki, belə situasiya Rusiyanı xüsusi propoqanda mexanizmləri yaratmaq məcburiyyətində buraxır. Bu baxımdan, Kreml daxili və xarici informasiya məkanında manipulyasiya və təhrif metodundan geniş şəkildə istifadə edir. Və dövlət nəzarətində olan media qurumları vasitəsilə Kremlin beynəlxalq hüquqa zidd siyasi narrativləri legitimləşdirilir.
Məsələn, Rusiya Ukrayna ərazilərini işğal etmək üçün müharibəyə başlayır. Ancaq nə qədər qəribə də olsa, bu müharibəni "xüsusi hərbi əməliyyat" tezisi altında təbliğ edir. Ukrayna ordusunun Rusiya ərazisinə hərbi müdaxiləsinin isə "beynəlxalq hərbi cinayət" kimi təqdim olunmasına çalışır. Və bu, Rusiyanı beynəlxalq məkanda daha çox təcrid olunmuş vəziyyətə salır.
Digər tərəfdən, Kremlin müasir dünyadan çox-çox geri qalmış xarici siyasət narrativləri Rusiyaya "etimad pəncərəsi" açılma imkanlarını da ciddi şəkildə bloklayır. Xüsusilə də, Kreml postsovet məkanında separatizmi dəstəkləyir, bu metoddan geosiyasi hədəflərin reallaşmasında "strateji alət" kimi istifadə edir. Bu, yaxın gələcək üçün Kremlin geopolitik hədəflərində müvəqqəti effektiv olsa da, uzaq perspektivdə Rusiyanın əleyhinə çevrilə biləcək faktorların sırasına daxildir.
Maraqlıdır ki, Kreml postsovet məkanını Rusiyanın "xüsusi təsir dairəsi" hesab edir. Ona görə də, Rusiya postsovet dövlətlərinin ərazilərində separatçı bölgələri dəstəkləməklə, həmin ölkələrin Qərbə yaxınlaşma cəhdlərini bloklayır. Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Moldovanın Dnestryanı, Ukraynanın Donetsk və Luqansk bölgələrində Rusiyanın separatizmə verdiyi beynəlxalq hüquqa zidd dəstək buna örnəkdir.
Halbuki, Kreml bu metod ucbatından adıçəkilən dövlətlərin Qərbə yaxınlaşmasına müvəqqəti də olsa, əngəl törətsə də, əslində, həmin ölkələrin Rusiyadan uzaqlaşmasını da təmin etmiş olub. Belə ki, Ukrayna, Gürcüstan və Moldova NATO-ya, eləcə də, Avropa Birliyinə üzvlük planlarını təxirə salmaq məcburiyyətində qalıb. Ancaq bu, həmin dövlətlərin Rusiyaya qeyri-dost ölkələrin sırasına daxil olmasına da yol açıb. Və Rusiya bu siyasəti ucbatından Ukraynada "savaş bataqlığı"na düçar olaraq, ciddi şəkildə zəifləyib.
Onu da qeyd etmək lazımdır ki, Kremlin MDB məkanında separatizmi dəstəkləməsi Rusiyanın hibrid müharibə strategiyasının tərkib hissəsidir. Kreml hərbi-siyasi alətlər, eləcə də propaqanda vasitələri ilə bu bölgələrdə Rusiyanın nəzarət mexanizmlərini qorumağa çalışır. Halbuki, Kremlin postsovet dövlətlərinə qarşı hibrid savaş metodu uzunmüddətli sabitliyə əngəl törətdiyindən və regional münaqişələri dərinləşdirdiyindən uzaq perspektivdə Rusiyanın əleyhinə də çevrilə bilər.
Digər tərəfdən, Kreml Rusiya sərhədlərindən uzaq regionlarda da hibrid savaş metodunu ön planda tutur. Rusiyanın Yaxın Şərqdə, xüsusilə də, Suriyada reallaşdırmağa çalışdığı, ancaq iflasa uğrayan hədəfləri də buna örnəkdir. Belə ki, Kreml uzun illər ərzində Suriyada hərbi cinayətlər törətmiş Əsəd rejimini dəstəkləmişdi.
Əsəd rejiminin Suriya əhalisinə qarşı törətdiyi bəşəri cinayətlərin ört-basdır olunması üçün əlindən gələn hər şeyi etmişdi. Ancaq Kremlin bütün bu cəhdləri Əsəd rejimi üçün yaxşı sonluqla yekunlaşmadı. Əksinə, indi Kreml Suriyada hakimiyyətdən devrilmiş hərbi cinayətkara - Bəşər Əsədə Rusiyada sığınacaq vermək məcburiyyətində qalıb.
İndi Rusiya həm Suriyaya nəzarəti, həm də ümumiyyətlə, Yaxın Şərqdə geopolitik manevr mexanizmini itirmiş kimi görünür. Eyni zamanda, Rusiyanın hərbi sənaye kompleksi Əsəd rejimi kimi olduqca sərfəli müştərini də itirib. Buna paralel olaraq, Kreml Suriyanın yenidən qurulması prosesindən də kənarda qalıb. Və bu, Rusiyanın beynəlxalq məkanda mövqelərinin daha da zəifləməsi anlamı daşıyır.
Göründüyü kimi, Kremlin xarici siyasət fəaliyyətində xüsusi yer tutan hibrid savaş metodu Rusiyanın geopolitik hədəfləri üçün heç də sona qədər effektiv alət deyil. Hətta Rusiya siyasi dairələrinin Əsəd rejimi ilə bağlı manipulyativ propaqanda cəhdləri belə, Kremli üzləşdiyi uğursuz situasiyadan çıxara bilməz. Çünki dünyada heç kim Rusiya xarici işlər naziri Sergey Lavrovun Əsəd rejiminin devrilməsini Suriyada sosial-iqtisadi faktorla əlaqələndirməsini ciddiyə almaz.
Hər halda, Əsəd rejiminin devrilməsindən sonra Suriya ərazisində uşaqlar və qadınlar da daxil olmaqla, milyonlarla günahsız insanın dəfn olunduğu toplu məzarlıqlar aşkarlanmaqdadlr. Kreml Suriya əhalisinə qarşı kimyəvi silahdan istifadə etmiş "müasir Hitleri" - Qərbin israrla tələb etdiyi hərbi cinayətkar Bəşər Əsədi beynəlxalq məhkəməyə təhvil verməlidir. Əks halda, Rusiya onun bəşəri hərbi cinayətlərinə ortaq durumuna düşə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ