Onlayn ictimai-siyasi qəzet
Müasir Rusiyada son 105 ilin dövlət başçılarına münasibət fərqlidir. Bir cümlə ilə desək, indiki ruslar Leninə hörmətlə yanaşırlar, Stalinə rəğbət bəsləyirlər, Xruşovu sevmirlər, Brejnevi xoş xatırlayırlar, Qorbaçova nifrət edirlər, Yeltsindən narazıdırlar, Putini başa düşür, sevir, bir xeyli də qorxurlar.
Arada hərəsi 1 il dövlət başçısı olmuş Yuri Andropov və Konstantin Çernenko da var, amma onlar dövlət başçısı postuna gələndən sonra Kremldən çox, klinikada olublar. Hələ yenə Andropov ölkədə dəmir nizam-intizam yaratması ilə az-çox xatırlanırsa, Çernenko ümumiyyətlə heç nə ilə yadda qalmayıb. Adı çəkilən liderlərə dair rus xalqının qənaəti aşağı-yuxarı, bu cürdür:
Ağ imperiyadan daha böyük qırmızı imperiya quran Lenin
Rusların Leninə hörmətinin qaynağı bu iderin dövründə Rusiyanın böyümüsi, sərhədlərini genişləndirməsi, dünya arenasına yeni obrazda çıxmasıdır. Bu üzdəndir ki, Rusiyada hələ də bu adamın heykəlləri qalır, adına olan şəhərin adı dəyişdirilsə də, vilayətin adı Leninqrad olaraq saxlanılıb, özünün nəşi mumiyalanmış halda mavzoleydə qulluq altındadır və s.
“Çox adam güllələdib, amma dövləti qüdrətli edib”
Stalinin dövlət idarəçiliyinə, apardığı repressiyaya dair minlərlə ifşaedici kitab, məqalə yazılsa da, yüzlərlə real bədii və sənədli film çəkilsə də, onu rus xalqının gözündən sona qədər salmaq mümkün olmayıb. Stalini yalnız liberal intellektuallar odioz şəxsiyyət kimi qəbul edirlər, yerdə qalanların fikri budur ki, Stalin nə qədər qəddar adam olsa da, sovet-rus dövlətini qüdrətləndirib, onu Almaniya nasistləri ilə müharibədən qalib çıxarıb, Yaponiya militaristlərini yerində oturdub, xış-kotan ölkəsini sənaye və nüvə dövlətinə çevirib və s. Ona görə də bir çox əsərlərdə, memuarlarda Stalin müsbət obrazda təqdim ediir, sovet dövründə (1956-cı ildən 1991-ci ilə qədər) olduğu kimi qadağa altında deyil. O vaxtlar yalnız müharibə haqqında filmlərdə Stalinin epizodik obrazları yaradılırdı – buna isə sadəcə məcbur idilər.
“Xruşov Krımı Ukraynaya verib, onun vaxtında aclıq olub”
Xruşovun Rusiya tarixində yerinin pis olmasının bir neçə səbəbi var. O, Lenin və Stalinlə müqayisədə, demək olar ki, repressiya aparmayıb, günahsız insanların qanını az töküb. Xruşovun dövründə yalnız bir-iki epizodda xalqa divan tutulması (məsələn, 1956-cı ildə Macarıstanda, 1962-ci ildə Novoçerkasskda) halları baş verib. Ancaq rus xalqı Xruşovu Krımı Rusiyadan qoparıb Ukraynaya verdiyinə görə bağışlamır. Əslində isə Xruşov bu qərarla inkişafdan qalmış Krımın tərəqqisini Ukraynanın boynuna qoyub. Adı ittifaq olan, de-yure federasiya quruluşuna malik SSRİ-nin şaquli idarəçiliklə, unitar dövlət kimi idarə olunması şəraitində Krımın Ukraynaya və ya Rusiyaya məxsus olmasının heç bir fərqi olmayıb. Ukraynanın özü də Moskvadan idarə olunurdu. Xruşov və digər kommunistlər elə bilirdilər ki, SSRİ əbədiik qurulmuş bir dövlətdir, heç vaxt sarsılmayacaq və nə Ukrayna (eləcə də o biri respublikalar) müstəqil dövlət olacaqlar, nə də Krımın Moskvanın kurort kəndi olmaqdan çıxacaq.
Bir də Xruşovun apardığı volyuntarist siyasət nəticəsində ölkədə rifah halının pisləşməsi unudumayıb. Bu çılğın adamın vəzifədən saray çevriişi ilə götürülməsi əsasən təqdir olunur.
“Hamının içi-gücü, pulu, dolanışığı vardı”
Brejnevin dövrünü görən insanların xeylisi sağdır və bu şəxslər həmin vaxtı yaxşı xatırlayırlar. Xüsusilə də ruslar Brejnevdən daha məmnundurlar. Ona görə ki, ötən əsrin 70-ci illərində başqa müttəfiq respublikalarla müqayisədə Rusiyada əməlli-başlı firavanlıq hökm sürürdü, qıtlıq yox idi. Moskvada və iri şəhərlərdə ərzaq malları ucuzdan ucuz idi, kapitalist və sosialist düşərgəsi ölkələrində istehsal olunmuş trikotaj məhsulları federasiyanın universal mağazalarında bol idi – insanlar növbəylə olsa da, onları ala bilirdilər. Hər kəs elə bilirdi ki, “möhtəşəm Rus diyarı ömürlük dost ailəsi yaradıb”. SSRİ iki dünya hegemonundan biriydi. Kuba və Nikaraquadan tutmuş Vyetnama, Əfqanıstana qədər xeyli ölkə Moskvadan idarə olunurdu.
Yalançı istehsalat statistikası, şişirtmə göstəricilər, əmək şücaətləri barədə saxta informasiyalar xalqın böyük hissəsinin gözünü boyamışdı. Əslində bürokratiyanın ölkəni ətalətə sürükləməsi, hərbi xərclərin dövlət büdcəsinin yarıdan çoxunu götürməsi, korrupsiya və rüşvətxorluğun bütün sferalara sirayət etməsi barədə yazmaq, danışmaq yasaq idi.
Ancaq bu kimi nüanslar indinin özündə də ruslar üçün elə də böyük problem deyil. Əsas odur ki, ölkə böyük idi, dünyanın iki hegemonundan biriydi və ruslar həm Rusiyanın özündə, həm də digər respublikalarda üstün durumda, imtiyaz içində yaşayırdılar.
“Gül kimi ittifaqı dağıtdı”
Qorbaçova nifrət Rusiyada bu üzdən böyükdür. Məhz o, Rusiyanın əzəmətini sarsıdıb, dünyanın ən böyük imperiyasının çökməsinə səbəb olub. Ruslar əmindirlər ki, vəziyyətin o yerə çatmasında, yəni superdövlətin süquta doğru getməsində Qorbaçovdan əvvəlki rəhbərlərin rolu olmayıb. Hər şeyi o edib. Qazaxıstan, Azərbaycan, Litva, Gürcüstan xalqının Qorbaçova nifrəti onun bu ölkəərdə dinc əhaliyə qarşı törətdiyi qırğınlarla bağlıdırsa, ruslar bu qətliamları Qorbaçova minus saymırlar, hətta onlar düşünürlər ki, gərək Qorbaçov daha çox insan qıraydı, amma SSRİ-ni dağılmağa qoymayaydı.
“Qorbaçovla düşmənçilik etməsəydi, SSRİ dağılmazdı”
Yeltsindən narazılığın bir səbəbi də məhz budur. Çünki arxivlər açıldıqca, o dövrdə işin içində olan vəzifəli şəxslərin memuarlar dərc olunduqca aşkara çıxır ki, əslində, SSRİ-nin tabutuna çalınan dörd mismarın ikisini və ən irisini məhz Boris Yeltsin vurub. O, qatı düşməni Qorbaçovu kreslosuz, vəzifəsiz qoymaq üçün SSRİ-nin süqutuna razı olub və düşünüb ki, ittifaq respublikaları onsuz da Rusiyadan uzağa gedən deyillər.
“Putinə eşq olsun, o, dağılanı toparlayır”
Hazırda rus xalqı Putinə ona görə dözümlü və anlayışla yanaşır ki, o, Qorbaçovun və Yeltsinin buraxdığı səhvi düzəltmək istəyir, hərəsi üzünü bir yana tutmuş keçmiş SSRİ respublikalarını necəsə bir araya toparlamaq, yenidən böyük rus imperiyası qurmaq, onu əzəmətli, qüdrətli etmək istəyir.
Son 105 ilin liderlərinə münasibətlərinə istinad edərək müasir rusların hansı təfəkkürdə olduqlarını, prioritetlərinin nə olduğunu təxmin etmək olar. Onlardan ötrü, dövlət başçısının qaniçən, təcavüzkar, işğalçı, diktator, amansız olmasının, başqa xalqları qırıb-çatmasının, xarici dövlətlərə qarşı aqressiv olmasının ziyanı yoxdur, təki xalqı yaxşı dolandırsın, rus xalqının başqalarından üstün statusda olmasını təmin etsin, dünyada hər kəsi Rusiya ilə hesablaşmağa zorlasın və sair və ilaxır.
Bu, olduqca şovinist düşüncə tərzidir. Hazırda Rusiya dövlətinin başına oyunlar gəlməsi, faciələrlə üzləşməsi, böyük itkilər verməsi, dünyada təklənməsi, hamısı bu təfəkkür tərzinin nəticəsidir. Kremlin indiki siyasəti rus xalqını iradəsinin məhsuludur. Nasist Jirinovskinin hər seçkidə xalqdan 7 milyon səs alması təsadüi deyildi.
Araz Altaylı, Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ