İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvana KTMT ilə bağlı təhdid mesajı göndərib: Ermənistan Rusiya üçün "legitim hədəfə" çevriləcək

Ermənistanın KTMT-dən uzaqlaşması sadəcə, hərbi-siyasi manevr deyil, həm də rəsmi İrəvanın məhz strateji seçiminə yönəlik prinsipial siyasi qərar anlamı daşıyacaq... Bu qərarın Rusiya ilə münasibətlərə təsiri isə həm qaçılmaz olacaq, həm də olduqca sərt məzmunla yüklənəcək, ABŞ və Qərbin Ermənistanın təhlükəsizliyində rolu isə hazırda yalnız formal xarakter daşıyır...

Ermənistan olduqca ciddi geopolitik və hərbi-siyasi təhlükəsizlik seçimi qarşısında qalıb. Xüsusilə də, növbəti parlament seçkiləri ərəfəsində bu, rəsmi İrəvana kifayət qədər təhlükəli situasiya vəd edir. Belə ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyəti barədə prinsipial qərar vermək məcburiyyətindədir. Qərbə inteqrasiya siyasəti yürüdən Paşinyan hakimiyyətinin Rusiyanın Ermənistana təzyiq mexanizmlərini hələ də saxlaması şəraitində bu, olduqca çevik manevrlər tələb edən məsələdir. Və rəsmi İrəvanın bunun öhdəsindən gələ bilib-bilməyəcəyi hazırda kifayət qədər ciddi suallar da doğurur.

Onu da qeyd etmək lazımdır ki, 2024-cü ildə Ermənistanın KTMT-ya illik üzvlük haqqını ödəməməsi və bu alyans çərçivəsində əməkdaşlığı faktiki olaraq, dayandırması regionda yeni geosiyasi balansın formalaşma ehtimalını artırır. Üstəlik, Rusiya rəsmilərinin bu məsələ ilə bağlı təhdid ritorikası, Ermənistanın NATO ilə əməkdaşlığını artırmağa can atması və ölkədaxili siyasi kursun Qərbə rəğbət üzərində qurulması, Cənubi Qafqazda qlobal güclər arasında qarşıdurmanın yeni mərhələyə keçidi vəziyyəti daha da qəlizləşdirir. Və bu səbəbdən də, Ermənistanın KTMT-nı tərk etməsının ehtimal edilən nəticələri, Rusiyanın mümkün reaksiyası, eləcə də Qərb blokunun bu prosesdəki rolu böyük önəm daşıyır.

8f0f3659eddb9dd7b76a2cd0c307486e.jpg (252 KB)

Məsələ ondadır ki, KTMT-nın tərk edilməsi Ermənistan üçün hərbi və təhlükəsizlik baxımından, ciddi neqativ nəticələr doğura bilər. Çünki bu təşkilatın üzvü olan Ermənistan hələlik formal da olsa, kollektiv müdafiə zəmanətinə malikdir. Kreml ilə hərbi-texniki əməkdaşlığın dayanması isə Ermənistanı Rusiya tərəfindən qorunan sərhədlərin statusunun dəyişməsi ilə üzləşdirə bilər. Halbuki, rəsmi İrəvan elə indidən yaranacaq bu boşluğu NATO və Avropa Birliyi ilə əməkdaşlıq üzərindən doldurmağa çalışır.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiyanın dolayısı təhdid mesajlarına baxmayaraq, NATO ilə aparılan “Planlaşdırma və Nəzərdən Keçirmə Prosesi” çərçivəsində əməkdaşlıq genişlənir. Bu, Ermənistanın müdafiə sahəsində struktur islahatlarında maraqlı olduğunu göstərir. Lakin bu əməkdaşlıq hələ də yalnız siyasi və texniki səviyyədədir. Və ona görə gə hazırda Ermənistana birbaşa hərbi təhlükəsizlik zəmanəti vəd etmir.

Digər tərəfdən, Kremldə Ermənistanın KTMT-dən çıxmasını strateji xəyanət kimi qəbul ediləcəyi qətiyyən şübhə doğurmur. Bu halda, Rusiyanın cavab reaksiyaları Ermənistan üçün sarsıdıcı əks zərbələr ilə müşayiət oluna bilər. İlk növbədə Kremlin Ermənistandakı Rusiyapərəst müxalifətə dəstəyi artıracağı, Paşinyan hakimiyyətinin legitimliyini sual altına almağa çalışacağı ehtimal olunur. Eyni zamanda, Ermənistanın Rusiya tərəfindən iqtisadi sanksiyalara - ticarət rüsumlarının artırılmasına, enerji tədarükündə çətinliklər yaradılmasına və s. məruz qoyulacağı istisna deyil.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Təbii ki, Kreml Ermənistanı təhlükəsizlik sahəsində də təhdid edən addımlara yönələ bilər. Ermənistandakı Rusiya hərbi bazalarının statusunun dəyişdirilməsi, sərhəd mühafizəsində əməkdaşlığın dayandırılması rəsmi İrəvan üçün indiki situasiyada olduqca ciddi problemlər törədər. Kreml belə manevrlər ilə həm Ermənistana, həm də digər müttəfiqlərinə “Rusiyanın "təhlükəsizlik çətiri"ndən çıxmaq siyasi və iqtisadi cəza ilə nəticələnəcək” mesajını verməyə çalışacaq. Və Rusiyanın əlində olan bu mexanizmlər hələlik real təsir gücünü saxlayır.

Məhz bütün bu risklər "ABŞ və Qərb Ermənistanı qoruya bilərmi" sualını növbəti dəfə aktuallaşdırır. Halbuki, ABŞ və Qərbin Ermənistanın təhlükəsizliyini tam təmin edə bilməsi şərtlidir və bəzi amillərə bağlıdır. Birincisi, Ermənistan NATO-nun rəsmi üzvü deyil. Ona görə də, rəsmi İrəvan ABŞ və Qərbin kollektiv hərbi müdafiə zəmanətinə ümid bəsləyə bilməz. Digər tərəfdən, Ermənistanın NATO ölkələri ilə sərhədləri də yoxdur və bu, logistik dəstək imkanlarını da məhdudlaşdırır. Və nəhayət, Ukrayna savaşı ucbatından Qərbin əsas diqqəti əsasən Şərqi Avropaya yönəlib, Ermənistanın timsalında Cənubi Qafqazda əlavə hərbi-siyasi problemin yaranmasında qətiyyən maraqlı deyil.

Belə situasiyada ABŞ və Qərb Ermənistana ən yaxşı halda, yalnız siyasi-iqtisadi və texniki dəstək göstərə bilər. Bu baxımdan, Ermənistan üçün üç optimal seçim variantının olduğunu düşünmək olar. Belə ki, rəsmi İrəvan KTMT-də qalmaq barədə qərar vermək məcburiyyətində qala bilər. Bu variant təhlükəsizlik zəmanəti vəd etsə də, rəsmi İrəvan Ermənistanın siyasi suverenliyinin məhdudlaşması ilə də barışmalı olacaq.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

İkinci variant KTMT-dan çıxmaq və Qərbə inteqrasiya siyasi kursunu davam etdirmək ola bilər. Bu, Ermənistaman daha çox suverenlik məkanı, siyasi-iqtisadi islahat imkanları açardı. Ancaq bu halda, Ermənistan hərbi zəmanətsizlik və Rusiya ilə qarşıdurma riski ilə bağlı olduqca ciddi təhlükələrdən yayınmağın yollarını da axtarmalı olacaq. Nəhayət, rəsmi İrəvanın Qərb və Rusiya arasında balanslı siyasət yürütmək variantı da var. Bu, olduqca çətin variant olsa da, Ermənistana yalnız müvəqqəti xarakterli sabitlik vəd edə bilər. Və nə Qərbin, nə də Rusiyanın Ermənistana balans siyasəti yürütmək şansı tanımayacağı isə elə indidən qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Ermənistanın KTMT-dən uzaqlaşması sadəcə, hərbi-siyasi manevr deyil, məhz rəsmi İrəvanın strateji seçiminə yönəlik prinsipial siyasi qərar anlamı daşıyacaq. Bu qərarın Rusiya ilə münasibətlərə təsiri isə həm qaçılmaz olacaq, həm də olduqca sərt məzmunla yüklənəcək. ABŞ və Qərbin Ermənistanın təhlükəsizliyində rolu isə hazırda yalnız formal xarakter daşıyır. Bu səbəbdən də, Ermənistan indi təhlükəsizlik, suverenlik və geosiyasi balans arasında olan "qaranlıq tunel" üzrə irəliləmək məcburiyyətində qalıb. Və rəsmi İrəvan KTMT-dan çıxarsa, Kreml Ermənistanı Rusiya üçün "legitim hədəf" elan edəcəyini qətiyyən gizlətmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR